Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 17Yan

    30 il bundan əvvəl törədilən 20 Yanvar faciəsi Azərbaycan tarixinin qanlı səhifələrindəndir. Qaniçən ermənilərdən, peşəkar döyüşçülərdən təşkil olunmuş “xilaskar qızıl ordu”nun hərbi maşınları, tankları sovetlərin buxovundan, əsarətindən qurtarmaq üçün haqq səsini ucaldan dinc əhalinin üstünə yeridildi. Heç bir xəbərdarlıq edilmədən Bakıya daxil olan “paqonlular” qanlı qırğınlar törətdilər. 20 Yanvar faciəsi bu saxta ideologiyanın iç üzünü açdı, imperiyanın qanlar üzərində qurulduğu bütün dünyaya bəyan edildi. Həmin gün silahsız insanlar tankların qarşısına çıxaraq qanları ilə “biz varıq, olmuşuq, həmişə olacağıq” deməklə tarix yazdılar. Müstəqillik uğrunda həlak olan ilk mücahidlər şəhidlik zirvəsinə ucalmaqla ölümləri ilə də əbədi yaşadılar. O dövrdə Azərbaycana rəhbərlik edən kəmsavad, başıpozuq rəhbərlər kimi, bütün dünya ictimaiyyəti də 20 Yanvar faciəsini susmaqla izlədi, öldürülən insanların haqqını tələb edən tapılmadı. O zaman yalnız böyük şəxsiyyət, qəlbi hər zaman Azərbaycanla döyünən ulu öndər Heydər Əliyev xalqına təsəlli verdi. O günləri xatırlayan Prezident İlham Əliyevin sözlərindən: “Ondan sonra bizi yeni, çox ağır sınaq və faciə gözləyirdi – Yanvar faciəsi. Yüzdən çox günahsız insan həlak oldu. Azərbaycan xalqının qanı axıdıldı. Əfsuslar olsun ki, o vaxtkı Azərbaycan rəhbərliyi tamamilə iflic vəziyyətdə idi. O vaxt respublikaya rəhbərlik edən, antimilli siyasətlə fərqlənən Vəzirov respublikanı tərk edib hərbi təyyarə ilə Moskvaya qaçdı. Ancaq o vaxt pensiyada olan Heydər Əliyev ona qarşı çox çirkin kampaniya gedə-gedə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, – mən də onun yanında idim, – öz səsini ucaltdı, bütün dünyaya Yanvar faciəsi haqqında məlumat verdi. Sovet İttifaqının rəhbərliyini qınadı, onların siyasətini pislədi və uzun illər xidmət etdiyi Kommunist Partiyasının sıralarını tərk etdi.” “Qızıl ordu”nun hərbi əməliyyatları nəticəsində Bakıda və rayonlarda 132 nəfər öldürülmüş,744nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdu. Onlardan 117-si azərbaycanlı, 6-sı rus, 3-ü yəhudi, 3-ü tatar olub. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdi. Paytaxtın küçələri qan gölünə çevrildi. 1990-cı il 22 iyulda Naxçıvana gələn fərdi pensiyaçı, Naxçıvan MR Ali Məclisinin sıravi deputatı Heydər Əliyevin təşəbbüsü ilə hazırlanan “1990-cı ilin yanvar ayında törədilmiş Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” qərar layihəsi sessiyada müzakirəyə çıxarıldı. Ulu Öndərin nüfuzu sayəsində qəbul olunmuş, beş bənddən ibarət sənəddə qeyd olunurdu ki, 1990-cı il yanvar ayında Bakıda törədilən qanlı hadisələr Azərbaycan SSR-in suveren hüquqlarına, respublikada gedən demokratik proseslərə qəsd kimi qiymətləndirilsin. Naxçıvan MR Ali Məclisinin sessiyasında xalq deputatı kimi 20 Yanvar faciəsinin yaranma səbəbləri barədə fikirlərini “Mən belə hesab edirəm ki, 19-20 Yanvarda baş vermiş bu faciə həm Sovet İttifaqının siyasi rəhbərliyinin, şəxsən Qorbaçovun böyük günahının nəticəsidir, onun diktatorluq meyillərindən əmələ gəlmiş bir haldır və eyni zamanda Azərbaycan rəhbərlərinin xalqa xəyanəti və cinayətinin nəticəsidir” sözləri ilə bildirən ulu öndər Heydər Əliyev onu da vurğulayırdı ki, Böyük Vətən müharibəsi qurtarandan sonra Sovet İttifaqında, ölkənin daxilində heç bir yerdə , heç bir regionda bu qədər, bu miqyasda qanlı qırğın olmamışdır. “Zalımın zülmü varsa, haqqın da bükülməz qolu, dönməz üzü vardır” məsəlinə uyğun azadlıq mübarizəsini davam etdirən Azərbaycan xalqı tökülən qanlar bahasına azadlığına nail oldu. Müstəqilliyini əbədiləşdirdi. Bu yolda da bələdçisi, komandanı, xilaskarı ulu öndər Heydər Əliyev oldu. 32 il bundan əvvəl törədilən faciədən Azərbaycan xalqına qalan müqəddəs məkan Şəhidlər xiyabanı oldu. Azadlıq uğrunda qurban gedən həmin şəhidlər xalqımıza əbədi müstəqillik qazandırdı.

     Züleyxa MUSTAFAYEVA

    Tərtər rayon Qeydiyyat Şöbəsinin rəis vəzifəsini icra edən

     

    Müəllif: Redaktor, 11:21

İsmarıclar bağlıdır.