Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 19Yan

    Mehriban və Bağışlayan Allahın Adı ilə!
    Sevimli Peyğəmbərimiz Hz. Muhəmməd (s) buyurur: “Rəhman Allah qəlbi rəhmli insanlara rəhm edər. Yer üzündə onlara rəhm edin ki, Səmada olanda sizə rəhm etsin”. Biz bu hədisin canlanmasının və həyatımızda yaşamasının 2020-ci ilin 27 sentyabrında baş vermiş Vətənimizin bütövlüyü uğrunda gedən azadlıq döyüşlərində şahidi olduq. Həqiqətən də Azərbaycan xalqı mərd, sınmaz, fədakar, yeri gələndə son tikəsini paylaşmağı bacaran əzəmətli bir xalqdır! Mənfur düşmənin əlində olan nə qədər irili-xırdalı raket-mərmi, silah-sursatların törətdiyi itkilərə, faciələrə baxmayaraq, rəşadətli Ordumuzun irəli, ancaq irəli hücumundan tutmuş, təqaüdlə dolanan yaşlı bir kişinin öz təqaüdünü Ordumuza kömək üçün göndərməsinin və kiçik uşaqların balaca əlləri ilə bir neçə kartof qaynadaraq, yanına da su əlavə edib Ordumuza hədiyyə etməsinin şahidi oldu tarix! Nə gizlədək ki? Yaralı döyüşçülərimizi öz mülki maşınlarında xəstəxanaya qaçırdan insanlarımızı gördük, nəinki hərbçi, hətta mülki yaralıların da əksəriyyəti həyatda sağ qalmaları üçün Allahdan sonra həmin ürəyi özlərindən dəfələrlə böyük olan sürücü qardaşlara borcludur. Həmin gərgin, ağır sınaq zamanında musiqi məktəbimizin müəllimi Emin Vaqif oğlu neçə-neçə dinc sakinləri, təmənnasız və öz həyatını təhlükədə qoyaraq mərmi, raket atəşinin altından kənara çıxartdı.
    Rayonumuzun Səhlabad kəndinin sakinləri, Xoruzlu kəndinin cavanları, Evoğlu kəndinin sakinləri Ordumuza, xalqımıza elə yaxından və böyük köməklik göstərdilər ki! Səhlabad kəndinin sakinləri olan mərhum Köçəri kişinin övladları Rəfael və bacısı Yeganə rayona dolu kimi yağan mərmi atəşlərinə baxmayaraq, əsgərlərimiz üçün çay hazır edirdilər! Sığınacaqda, ya hansısa istehkamda yox, hər an bircə dənə mərminin sirayət etməsilə darmadağın ola biləcək mətbəxlərində! Vallah, bizim xalqın cəsarəti ölçüyə gəlməz! Adətən insanlar mərmi yağışının altından qaçıb xilas olmağa çalışırlar, amma bu məsələdə də rayon səhiyyəsi, polisləri və dinc sakinlər birdən kimsə yaralı olaraq hardasa qalar deyə, mərmi düşən əraziyə tələsirdilər! Rayonumuzda işlər elə dəqiq planla getdi ki, heç bir iş, demək olar ki, ləngimədi. Rayon rəhbərliyindən tutmuş bütün idarələrə qədər hər kəs öz yerində olaraq qələbəmizin təminatçıları olan hərbçilərimizin yanında durdular. Rayonumuzun qəhrəman şəhidlərinin dəfn mərasimində iştirak edən rəhbər işçilər, rayon dindarları, axund, ruhanilər, möminlər, veteran döyüşçülər, hətta birinci Qarabağ müharibəsinin əlilləri, polis işçiləri, yerli əhali, bir sözlə, hamı, hər kəs təhlükələrə baxmayaraq, hər zamankından daha çox yaxından iştirak edirdilər. Bütün bunların hamısı xalqımızın qəhrəmanlığıyla bərabər, eyni zamanda, genində, qanında, canında olan başqasına yardım etmək kimi gözəl bir xüsusiyyəti də bütün dünyaya göstərdi.
    44 günlük müharibə zamanı olduğu kimi, bu gün də xalqımız həmrəydir. Bu birliyimiz nəticəsində möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş torpaqlar tezliklə yenidən abadlaşacaq, burada həyat qaynayacaq, vaxtilə məcburi köçkün adını daşıyan insanlar öz doğma yurdlarına qayıdacaqlar.

    Allah Azərbaycanımızı və xalqımızı qorusun!
    Saleh Ədilov,
    Tərtər Cümə məscidinin
    axund müavini

    Müəllif: Redaktor, 09:42

İsmarıclar bağlıdır.