Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 09Mar

     

     

     

     

     

     

    Dünya mədəniyyəti xəzinəsinə nadir incilər bəxş etmiş xalqımızın mənəvi dəyərlərinin formalaşmasında və inkişafında qadınlarımızın böyük rolu olub. Eyni zamanda, Azərbaycan qadınları tariximizin bütün dövrlərində xalqımızın taleyüklü məsələlərinin həll edilməsinə öz sanballı töhfələrini veriblər. Onların bir çoxunun adları çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazılıb.

    Azərbaycanda da 8 Mart – Beynəlxalq Qadınlar Günü rəsmi bayram günü kimi qeyd olunur. Hər il 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə Azərbaycan Pespublikasının Prezidenti, cənab İlham Əliyev bütün Azərbaycan qadınlarını təbrik edərək, onların bir qrupuna fəxri adlar verir, digər bir qrupu isə orden və ya medallarla təltif edir.

    Bəşər tarixi sübut edir ki, tərəqqisində qadınların da rol oynadıqları cəmiyyətin inkişaf dərəcəsi daha sivilizasiyalı, modern, sürətli xarakterə malikdir. İradə və mərdliyi, saflığı və sədaqəti, zəka və müdrikliyi ilə seçilən Azərbaycan qadını tarix boyu cəmiyyətimizin milli-mənəvi dəyərlər sisteminin formalaşaraq inkişaf etməsində, eləcə də ümumi tərəqqisində müstəsna rol oynayıb və oynamaqdadır. Bu mənada təsadüfi deyil ki, zəngin bir keçmişə malik Azərbaycan xalqının tarixində adını qızıl hərflərlə əks etdirən qadınlarımızın sayı kifayət qədərdir.

    Azərbaycanda qadınlar ölkə tarixinin bütün dövrlərində xalqın taleyüklü məsələlərinin həll edilməsinə öz töhfələrini veriblər. 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti dövründə ölkə ərazisində yaşayan bütün xalqların və hər iki cinsin bərabər seçki hüququ qanunla təsbit edilirdi. Bununla da, Azərbaycan Şərqdə qadınlara seçki hüququ verən ilk ölkə oldu. Azərbaycan qadını islam aləmində ilk dəfə olaraq seçib-seçilmək hüququna malik oldu. Azərbaycan Xalq Cümhuriy¬yəti tərəfindən Azərbaycan qadınına verilən bu bərabərliyə nəinki Şərq ölkələrinin böyük əksəriyyəti, həm də Avropa dövlətləri həsəd apara bilərdilər.

    Tarixi keçmişimizin dərin səhifələrindəki ləyaqətli və müdrik azərbaycan qadınının varisi olan müasir azərbaycan xanımı bu gün də cəmiyyətin aparıcı qüvvəsi olaraq, dərin zəkası və tükənməz potensialı ilə öz xalqının xidmətindədir.

    Qadın şəxsiyyətinə daim böyük hörmət və rəğbətlə yanaşan Ümummilli Lider Heydər Əliyev ölkəmizdə dövlət qadın siyasətinin əsasını qoymuşdur. Ulu Öndərin qadınlarla bağlı məsələlərin həlli üçün imzaladığı mühüm fərman və sərəncamlar qadın hüquqlarının reallaşması və təminatı istiqamətində irəliyə doğru atılmış tarixi addımlar olmuşdur. Heydər Əliyev hər zaman vurğulayırdı ki, dövlət quruculuğunun bütün mərhələlərində xüsusi xidmətləri olan Azərbaycan qadınları ölkəmizdə ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunması, milli dövlətçiliyimizin daha da möhkəmləndirilməsi üçün bu gün də var qüvvələrini sərf edirlər. Azərbaycanda lider qadınlar, sahibkar qadınlar yetişir.

    Azərbaycan qadınının nüfuzunu bütün dünyada zirvələrə qaldıran Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva öz gördüyü işlər və parlaq fəaliyyəti ilə əsl nümunədir. Onun vətənimizin hüdudlarını aşaraq, ölkələri, hətta qitələri əhatə edən humanitar fəaliyyəti Azərbaycana yeni dostlar qazandırır. Mehriban xanım Əliyeva nəciblik, mərhəmət, xeyirxahlıq mücəssəməsi olan Azərbaycan qadınının bariz nümunəsidir.

    Tarixin bütün dönəmlərində mərdliyi və şücaəti ilə seçilən Azərbaycan qadınları kişilərlə çiyin-çiyinə Vətənin müdafiəsinə qalxaraq yurdumuzun təhlükəsizliyini hər şeydən üstün tutublar. Bu gün sələflərinin yoluna sədaqət göstərən qadın hərbi qulluqçularımız Vətən qarşısındakı vəzifə borclarını şərəflə yerinə yetirirlər. Azərbaycan Ordusunun bütün birlik, birləşmə və hərbi hissələrində qadın hərbi qulluqçuların da fəaliyyəti üçün müasir xidmət şəraiti yaradılıb. Qadın hərbi qulluqçularımızdan nümunəvi xidməti ilə seçilənlərin əməyi dövlətimiz tərəfindən hər zaman yüksək qiymətləndirilir.

    Azərbaycanda qadın hüquqlarının qorunması, dövlət siyasətinin əsas tərkib hissələrindən biridir. Qadınlarla bağlı məsələlərin həlli üçün bir çox qanunların qəbul olunması, fərman və sərəncamların imzalanması, beynəlxalq təşkilatlara üzv olaraq mühüm sənədlərin ölkəmizdə tətbiq olunması qadın hüquqlarının reallaşması və təminatı istiqamətində inkişafın əldə olunmasına təkan vermişdir. Azərbaycan Respublikasında qadınlara dair dövlət siyasətinin daha mütəşəkkil şəkildə həyata keçirilməsini təmin etmək məqsədi ilə bir çox işlər görülmüş, qərar və sərəncamlar imzalanmışdır.

    Belə ki, Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 14 yanvar tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır.

    Ölkənin siyasi, sosial, iqtisadi və mədəni həyatında qadınların rolunu artırmaq, Azərbaycan Respublikasının 1995-ci il iyunun 30-da qoşulduğu BMT-nin “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyasından irəli gələn öhdəliklərini daha geniş miqyasda həyata keçirmək məqsədi ilə 1998-ci il 14 yanvar tarixində “Azərbaycanda qadınların rolunun artırılmasına dair tədbirlər haqqında” Sərəncam imzalanmışdır.

    Mövcud istiqamətdə strateji prioritetləri müəyyən etmək üçün Ulu Öndər Heydər Əliyev tərəfindən 6 mart 2000-ci il tarixində “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Fərman imzalanmışdır. Fərmanla Azərbaycan Respublikasının bütün dövlət qurumlarında fəaliyyət növü nəzərə alınmaqla qadınların rəhbərlik səviyyəsində kişilərlə bərabər təmsil olunması təmin edilməsi tapşırılmışdır. Həmçinin, respublikada qadınların vəziyyətinə dair beynəlxalq standartlara cavab verən statistik məlumatların hazırlanması barədə tapşırıq verilmişdir. Fərmanın icrasını təmin etmək məqsədi ilə təsdiq edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 26 sentyabr tarixli 176 nömrəli Qərarına əsasən nazirlik, komitə, şirkət, konsern və digər dövlət müəssisə və təşkilatlarında daxili imkanlar çərçivəsində gender siyasəti tələblərinə uyğun olaraq gender məsələləri üzrə məsul şəxslər təyin edilmiş, həmçinin “Qaçqın və məcburi köçkün qadınların münasib işlə təmin edilməsi Proqramı” təsdiq edilmişdir. Bu Qərar bütün dövlət orqanları (qurumları) və digər təşkilatların gender bərabərliyinin təmin edilməsi ilə bağlı fəaliyyətinin təkmilləşdirilməsinə, həyata keçirdikləri siyasətlərə gender amilinin daxil edilməsinə imkan verdi .

    Bundan əlavə, 2000-ci ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti 2000-2005-ci illər üçün “Azərbaycan Respublikasında Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı”nı qəbul etmişdir. Milli Fəaliyyət Planı milli prioritetləri nəzərə alaraq, siyasət, iqtisadiyyat, sosial, mədəniyyət, təhsil və səhiyyə sahələrini, eləcə də qaçqın və məcburi köçkün qadınların problemlərini əhatə etmişdir.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı il 6 fevral tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ailə, qadın və uşaq problemləri ilə iş sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

    “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının Qanunu 2006-cı il 10 oktyabr tarixində qəbul olunmuşdur. Qanun cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarını aradan qaldırmaqla, kişi və qadınlara ictimai həyatın siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrində bərabər imkanlar yaratmaqla gender bərabərliyinin təmin edilməsinə xidmət edir. 2010-cu ildə isə “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunu) qəbul olunmuşdur. Bu qanunların qəbul edilməsi insanların təfəkküründə yeni düşüncə tərzinin formalaşmasına təkan verərək bir çox stereotiplərin qırılmasına səbəb olmuşdur.

    Qadın hüquqları eyni zamanda bir sıra məcəllələrlə (Ailə, Mülki, Cinayət, İnzibati Xətalar və s. ) də təsbit olunmuşdrur. Qəbul olunmuş bir sıra dövlət proqramları, o cümlədən ”2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı”, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramları ölkənin siyasi, sosial, iqtisadi, mədəni həyatında qadınların rolunun artırılmasında mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, Azərbaycan Beynəlxalq Əmək Təşkilatının qadın əməyi sahəsində qəbul etdiyi “Yeraltı işlərdə qadın əməyinin tətbiqi haqqında”, “Bərabər əməyə görə kişilərə və qadınlara bərabər haqq verilməsi haqqında”, “Analığın mühafizəsi haqqında”, “Əmək və məşğulluq sahəsində ayrı-seçkilik haqqında” və “Ərdə olan qadının vətəndaşlığı haqqında” konvensiyalara qoşulmuşdur.

    25 sentyabr 1998-ci ildə Azərbaycan qadınlarının ilk qurultayı keçirilmişdir. Bu qurultay Azərbaycanda dövlət qadın siyasəti sahəsində atılan ilk uğurlu addım və əlamətdar hadisə idi. 1998-ci ildən etibarən hər beş ildən bir Azərbaycan qadınlarının qurultayları keçirilir.

    Tarixi təcrübə göstərir ki, bir çox taleyüklü məqamlarda məhz qadınlar daxildən gələn tələbatla, humanizm və insanpərvərliklə sülh, barış missiyalarını üzərilərinə götürmüş, həmrəyliyə və tərəqqiyə xidmət edən böyük təşəbbüslərin müəllifinə çevrilmişlər. Milli-mənəvi dəyərlərə tapınan Azərbaycan qadını daim yüksək mənəvi idealların, nəcib, xeyirxah təşəbbüslərin tərəfdarı kimi çıxış etmiş, bütün dünyada sülhün, əmin-amanlığın, sabitliyin bərqərar olmasına çalışmışdır.

     

     

     

     

    Müəllif: Redaktor, 08:27

İsmarıclar bağlıdır.