Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 09Mar

     

     

     

     

     

     

    Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar kompleks xarakter daşıyır, ardıcıl və məqsədyönlüdür. Dövlət başçısının islahatlar kursu Azərbaycanın bugünkü inkişafını təmin, gələcək strateji hədəflərinin gerçəkləşməsini isə mümkün edən faktorlardandır.

    Ümumiyyətlə, yeni nəsil islahatlar kursunun və milli inkişafın Azərbaycan modelinin müəllifi olan Prezident İlham Əliyev dünyada innovativ baxışlara, kreativ siyasi düşüncəyə malik, modern idarəetmə sistemi yaradan lider kimi tanınır. Dövlət başçısının siyasətinin proqressiv nəticələri özünü bütün sahələrin inkişafına nail olunmasında göstərir. Sistemli və çoxşaxəli səciyyə daşıyan institusional, kadr və struktur islahatları idarəetmənin səmərəliliyi və çevikliyinin artmasını təmin etməklə yanaşı, vətəndaş məmnunluğuna, xalq-iqtidar birliyinin, milli həmrəyliyin güclənməsinə xidmət göstərir. Bu, XXI əsrin üçüncü onilliyinə Azərbaycanın müasir tendensiyalara və siyasi trendlərə cavab verən suveren ölkə kimi irəliləməsini – milli hədəfləri reallaşdırmasını təmin edir.

    İslahatlar nəticəsində yeni siyasi konfiqurasiyanın formalaşması, siyasi dialoq prosesinin dərinləşdirilməsi, yeni siyasi partiyaların qeydiyyatdan keçməsi, vətəndaş cəmiyyəti təsisatının inkişafına xidmət edən addımların atılması həm Azərbaycanın mühüm prioritetləri reallaşdırmasına, həm də milli həmrəyliyin gücləndirilməsinə təkan verib.

    Xüsusilə qeyd olunmalıdır ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində möhtəşəm qələbənin qazanılmasından, ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpasından sonra Azərbaycanın qarşısında yeni çağırışlar meydana çıxıb. Yeni dövrün reallıqlarına uyğun olaraq siyasi inkişafa xidmət edən islahatların aparılması, sosial-iqtisadi yüksəlişin davamlılığının təmin olunması, milli birliyin, Azərbaycanın beynəlxalq arenada və qlobal informasiya müstəvisində mövqeyinin daha da gücləndirilməsi, Böyük Qayıdışın – layiqli və dayanıqlı məskunlaşmanın həyata keçirilməsi, tarixi Qələbənin nəticələrinin möhkəmləndirilməsi və digər milli məqsədlər strateji prioritetlər kimi müəyyənləşdirilib. Təbii ki, hakim və alternativsiz siyasi qüvvə olan Yeni Azərbaycan Partiyasının da bu istiqamətdə üzərinə mühüm vəzifələr və ictimai-siyasi məsuliyyət düşür. Qeyd etdiyiniz kimi, bir il əvvəl – 5 mart 2021-ci il tarixdə islahatlar kursunun tərkib hissəsi kimi və yeni dövrdə milli vəzifələrin reallaşdırılması zərurəti ilə əlaqədar partiyamızın VII qurultayı keçirilib.

    Ümumiyyətlə, tarixi Zəfərdən sonra istər ölkədə, istərsə də beynəlxalq müstəvidə yaranmış yeni reallıqlar fonunda keçirilmiş YAP-ın VII qurultayı partiyamızın və ölkəmizin inkişafında yeni mərhələnin əsasını qoyub. Qurultayda qəbul edilən qərarlar partiyamızın inkişafı və müasir çağırışlara cavab verməsi – ictimai-siyasi öhdəlikləri layiqincə yerinə yetirməsi üçün olduqca əhəmiyyətlidir.

    Partiyanın yeni Nizamnaməsinin təsdiq edilməsi fəaliyyətin yeni yol xəritəsinin müxtəlif istiqamətlərinin müəyyənləşdirilməsi baxımından önəmlidir. Nizamnaməsinin qəbul olunmasından xeyli müddət keçmişdi. Bu müddət ərəfəsində ölkədə və beynəlxalq aləmdə mühüm dəyişikliklər baş verib, o cümlədən Yeni Azərbaycan Partiyası əhəmiyyətli uğurlar qazanıb, yeni çağırışlar və vəzifələr meydana çıxıb. Ona görə də yeni Nizamnamənin qəbulu, partiya fəaliyyətinin tənzimlənməsində yeni mexanizmlərin müəyyənləşdirilməsi vacib idi və VII qurultayda bu istiqamətdə önəmli qərar verildi.

    Bunlarla yanaşı, YAP-ın İdarə Heyətinin, Təftiş Komissiyasının, Gənclər Birliyinin yenidən formalaşdırılması, Veteranlar Şurasının təsis edilməsi də partiya idarəetməsində yeni mərhələnin başlanmasıdır. Digər tərəfdən, 6 siyasi partiyanın YAP-a qoşulmasına dair qərar qəbul edilməsi partiyamızın yüksək nüfuzunun, inam və etimad ünvanı olmasının daha bir nümunəsi – əyani ifadəsidir. Bu fakt həm də siyasi birlik və milli həmrəylik örnəyi, yeni siyasi mədəniyyət nümunəsi kimi diqqətəlayiqdir.

    VII qurultaydan sonra Mehriban xanım Əliyeva partiya Sədrinin birinci müavini təyin edilmişdir. Sirr deyil ki, Mehriban xanım Əliyevanın milli inkişafa xidmət edən çoxşaxəli fəaliyyətinin mühüm tərəflərindən birini Yeni Azərbaycan Partiyasının Sədrinin müavini statusunda gördüyü işlər təşkil edir. Bu, dövlətçilik maraqlarının qorunması və milli həmrəyliyin gücləndirilməsi baxımından çox böyük əhəmiyyətə malikdir. Reallıqlar deməyə əsas verir ki, Mehriban xanım Əliyevanın YAP Sədrinin birinci müavini kimi fəaliyyəti bundan sonra da qurucusu Ümummilli Liderimiz Heydər Əliyev olan YAP-ın yeni nailiyyətlər əldə edərək öz nüfuzunu daha da artırması, Azərbaycanın sürətli və hərtərəfli inkişafına davamlı töhfə verməsi baxımından əlamətdar olacaq.

    Bütövlükdə isə, qurultayda partiyamızın Sədri, dövlət başçısı cənab İlham Əliyev tərəfindən qarşıya qoyulmuş, eləcə də yuxarıda bəhs olunan strateji prioritetlərdən irəli gələn vəzifələrin ardıcıl və məqsədyönlü şəkildə yerinə yetirilməsi Azərbaycanın yeni dönəmdə davamlı uğurlar əldə etməsinə yeni imkanlar, dayanıqlı, etibarlı və möhkəm zəmin yaradacaqdır.

     

     

    Müəllif: Redaktor, 08:51

İsmarıclar bağlıdır.