Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18Mar

    Təbiətin oyanışının, varlığın yenidən canlanmasının müjdəsini verən Novruz bayramı ən qədim zamanlardan bəri həyat və məişətimizə daxil olmuş, insanlara aydın və işıqlı sabaha, xoşbəxt gələcəyə inam duyğusu bəxş etmişdir.
                                                                                                                               Heydər Əliyev, Ümummilli Lider

    Bu gün yerin, göyün öz sevinci var…

    Yazın gəlişini, gecə ilə gündüzün bərabərləşdiyini bildirən Novruz bayramı ta qədimdən xalqımız tərəfindən böyük təmtəraqla, el şənlikləri ilə qeyd olunub. Artıq ikinci ildir ki, bayram tonqalları işğaldan azad edilmiş ərazilərimizdə də qalanır və bu, Novruz əhval-ruhiyyəsinə xüsusi bir sevinc qatır.
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında qısa müddətdə bu torpaqlarda xarüqələr yaranır, ermənilərin viran qoyduqları şəhər və kəndlər yenidən tikilir, qurulur, infrastruktur təzələnir, yeni yollar çəkilir. Əsas məsələ isə, əlbəttə, ərazilərin minalardan təmizlənməsidir. Daim öz vətəndaşlarının təhlükəsizliyi qayğısına qalan dövlətimiz, bu işlərin sürətlə aparılmasını təmin edir.
    30 ildən artıq bir müddətdə dədə-baba yurdlarından ayrı düşmüş soydaşlarımız o yerlərə dönəcək və onların ayaq səslərinə həsrət qalmış torpaqlarda yenidən həyat qaynayacaq, zəhmət dolu günlər yaşanacaq.
    Xalqımızın milli adət-ənənələri, keçdiyimiz tarixi yol Novruzun ruhunda öz əksini tapıb. Bu, eyni zamanda birlik, həmrəylik bayramıdır.
    Ona görə Azərbaycan xalqı hətta qadağan olunduğu vaxtlarda belə Novruzu unutmayıb, hər bir ailədə onu müxtəlif formada qeyd ediblər. Bu, xüsusən də uşaqların ən sevimli bayramlarından biri olduğu üçün, adət-ənənələrimiz nəsildən-nəsilə ötürülüb.
    Ölkəmiz Sovet İttifaqının tərkibində olduğu zaman, Novruza dini don geyindirərək, onun keçirilməsini qadağan edirdilər. Həmin dövrdə Ulu Öndər Heydər Əliyev bu bayramın respublika səviyyəsində geniş qeyd olunmasına və xalq arasında yaşadılmasına nail olmuşdur.
    Bu gün xalqımızın milli-mənəvi dəyərlərinin qorunması və gələcək nəsillərə ötürülməsi Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mühüm istiqamətidir. Bayramda Azərbaycanın hər yerində qalanan gur tonqallar insanları birliyə, qardaşlığa, sülhə səsləyir. Müasir dünyamızda, planetimizin müxtəlif yerlərində müharibə ocaqları alaovlandığı bir vaxtda, bu çağırışlar xüsusilə əhəmiyyətlidir. Onu da qeyd etmək lazımdır ki, Vətən Müharibəsində qazanılan Böyük Qələbədə Prezident İlham Əliyevin müdrik siyasəti, Ordumuzun gücü ilə yanaşı, həm də xalqımızın birliyi, insanlarımızın öz Prezidentləri ətrafında sıx birləşməsi misilsiz rol oynamışdır.
    Hər il Novruz bayramı münasibətilə xalqımıza ünvanladığı təbriklərində dövlət başçısı Novruz bayramının əcdadlarımızın indiki nəsillərə misilsiz yadigar olduğunu qeyd edir. Yaz bayramının əsl ümumxalq bayramı mahiyyəti qazanmasını dövlət müstəqilliyimizin nailiyyəti hesab edir: “Azərbaycan torpağında Novruz bayramı daim yad təsirlərdən uzaq tutulmuş və heç bir qüvvəyə onu insanlarımızın qəlbindən çıxarmaq imkanı verilməmişdir. Biz onun böyük mənəvi gücü sayəsində keçmişimizin mürəkkəb dövrlərində belə nikbinliyimizi və gələcəyə inamımızı qoruyub saxlamağı bacarmışıq. Yaz bayramının bu gün əsl ümumxalq bayramı mahiyyəti qazanması dövlət müstəqilliyimizin nailiyyətlərindəndir”.
    Novruz bayramı Azərbaycanla yanaşı, bütün Şərqdə, o cümlədən Mərkəzi Asiyada, İranda, Pakistanda, Türkiyədə, Qazaxıstanda, Tacikistanda, Özbəkistanda, Türkmənistanda, Qırğızıstanda qeyd olunur.
    Bu bayramın bütün dünyada Azərbaycanın zəngin irsi kimi tanıdılması və UNESCO-nun Qeyri-maddi Mədəni İrs siyahısına daxil edilməsi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın yorulmaz fəaliyyətinin nəticəsidir.
    Tərtərlilər də Novruzu xüsusi təmtəraqla, həvəslə qarşılamağı sevirlər. Bayram günlərində ilk növbədə şəhid ailələri yad olunur. Rayon rəhbəri, qazilər, ictimaiyyət nümayəndələri şəhid ailələrini ziyarət edir, onlara sovqatlar aparırlar. Məhz bu günlərdə biz insanların mənəvi birliyinin, yaxınlığının, xeyirxahlığının şahidi oluruq.
    Əmin-amanlığımızın, dinc səmamızın keşiyində dayanan əsgərlərimiz də unudulmur.
    Ordumuzun maddi təminatı yüksək səviyyədə olsa da, analar hərbçilərimizə ev xörəklərini, şirniyyatları çatdırmaq istəyirlər. Mədəniyyət işçiləri hərbi hissələrdə olub, lonsert proqramı ilə çıxış edirlər.
    Tənha yaşayanlar, xüsusi qayğıya ehtiyacı olanlar da həmin günlərdə gələn qonaqları sevinclə qarşılayırlar.
    Bir sözlə, Azərbaycanımızın hər bir guşəsində olduğu kimi, Tərtər sakinləri də möhtərəm Prezidentimiz İlham Əliyevin, Şanlı Ordumuzun ətrafında yumruq kimi birləşərək, əsrlərdən bəri süzülüb gələn adət-ənənələrimizi yaşadırlar. Ulu Tanrıdan isə hamımızın bir diləyi var: daha heç vaxt səmamızda raketlər partlamasın, analar şəhid oğullarını qarşılamasın, körpələr atasız qalmasın.
    Ayağın sayalı olsun, Bahar!

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 11:22

İsmarıclar bağlıdır.