Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 08Apr

     

     

     

     

     

    Gözəl bir payız günü idi. Ağaclardakı yarpaqlar tək-tük saralmağa başlamışdı. Havada elə bir möhtəşəmlik vardı ki, adamın ruhu dincəlirdi. Qapanlı kəndinin sakinləri də bu gün mənfur qonşuların varlığını unudaraq toyda o ki var şənlənmək istəyirdilər. Nofəl kişinin ailəsində də toya hazırlıq görülürdü.
    Müşgünaz nənə nəvəsi Zəhranı toya hazırlaşdırır və bundan xüsusi zövq alırdı. Cəmi 4 yaşı olan Zəhra toya gedəcəyi üçün hədsiz sevincliydi. Kənd uşaqları ilə oynamağa, rəqs etməyə hazırlaşırdı. Buna görə də ən qəşəng donunu da geyinmişdi.
    Budur, Müşgünaz nənənin bacısı Mədinə nənə də gəlib çıxdı. Artıq toyun səsi də gəlirdi. Zəhra böyükləri tələsdirir, qonşuluqdakı toy mağarına uşaqlardan tez çatmağa can atırdı.
    Uzun illər erməni quldurları ilə üzbəüz yaşamaq Qapanlı kəndinin camaatına belə şənliklərin sevincini bir qədər unutdurmuşdu. Amma hər kəs – uşaq da, böyük də buna ehtiyac duyurdu. Yaşanan gərginlikdən bir qədər uzaqlaşmaq, doyunca musiqi dinləmək, bir-birilə söhbətləşmək istəyirdilər. Qonaqlar gənc valideynlərə gözaydınlığı verir, dinc səma, əmin-amanlıq arzulayırdılar.
    Qadınlar da toy mağarında əyləşmişdilər. Zəhra nənəsinin qucağında idi. Nənə istəyirdi ki, nəvəsi ləziz toy yeməklərindən dadıb sonra uşaqlarla oynamağa getsin. Hərdən balacaların əllərindəki şarlar, partladıcı vasitələr bir az təşviş yaratsa da, hər şey qaydası ilə gedirdi.
    Qəfil səs yenə də camaatı diksindirdi. Amma hələ nə baş verdiyini heç kəs anlamadı. Dəhşətli ağrı hiss edən Müşgünaz nənə yanındakı bacısına baxdı və onun qolundan qan axdığını, qucağındakı uşağın isə başından yaralandığını gördü. Bir avtomat gülləsi ilə üç günahsız insanı, o cümlədən yaşlı iki qadını və bir körpəni yaralayan ermənilər yenə də bu şənliyi faciəyə döndərdilər.
    Zəhranın ala gözlərində elə dəhşətli ağrı vardı ki… O, kiçik uşaq qəlbi ilə baş verənləri anlamırdı.
    Çox çəkmədi ki, rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının işçiləri kəndə gəldilər. Yaralılar yardım göstərilməsi üçün xəstəxanaya göndərildi.
    Hadisə 1 sentyabr 2015-ci ildə günorta vaxtı Tərtərin Qapanlı kəndində baş vermişdi.
    Bu günlər Qapanlı kəndində olub yenidən Nofəl Əliyevin ailəsi ilə görüşdük. Öyrəndik ki, Zəhra artıq dördüncü sinifdə oxuyur. Xarici dili mükəmməl öyrənmək istəyir ki, 30 ildən çox bir müddət ərzində onların kəndində baş verənləri bütün dünyaya yaysın. Nəinki onların kəndində, elə tarixboyu ermənilərin azərbaycanlıların başına açdıqları müsibətlərin unudulmaması üçün o, nələr edəcəyi barədə indidən düşünür. Məktəb dərslərindən əlavə, hazırlıqlara gedir, uşaq yox, əsl böyük ciddiliyi ilə öz üzərində çalışır.
    Zəhra deyir ki, o hadisə zamanı cəmi 4 yaşı vardı, ancaq bu gün də həmin vaxt keçirdiyi həyəcanı unuda bilmir. Nənəsi, nənəsinin bacısı həm yarımcan olublar, həm də xəstəlik tapıblar.
    Uşağı bir sual düşündürür: axı, biz ermənilərə neyləmişdik? O, bu sualın cavabını tapa bilmir. Hələlik isə 30 il ərzində düşmənlərin bu kəndin başına gətirdikləri müsibətlər haqqında söhbətləri dinləyir. Dinləyir ki, bunları heç zaman unutmasın.
    Bir ailədə baba, nənə, oğul və nəvə erməni gülləsindən yaralanıb. Özü də bunların hamısı müharibə zamanı yox, atəşkəs vaxtı baş verib. Qapanlıda yalnız bu ailənin deyil, kimin qapısını döysən, ya şəhid verdiyini, ya yaralı olduğunu, ya da ev-eşiyinin dağıldığını öyrənəcəksən.
    Bu hadisələri törədənlər isə 30 il əvvələ qədər bu kəndin çörəyilə dolanan, sonda nankorluq edən qonşular olublar.
    Nofəl kişi deyir ki, avtomat gülləsi ona elə həyətində oturduğu yerdə dəyib. 2000-ci ilin yanvar ayı idi. Hələ kəndin ətrafındakı istinad divarları tikilməmişdi. Ermənilər həyətləri aydın görürdülər. İnsanları qoyun otardıqları, əkin əkdikləri, toyuğa dən verdikləri zaman vururdular. Hətta iş o yerə gəlib çatmışdı ki, evin arxasındakı pəncərəyə nərdivan qoyub, qapıdan yox, pəncərədən həyətə düşürdülər. Bununla belə, evlərini tərk etmirdilər.
    Ailənin kiçik oğlu Namiq isə traktorla sahədə işləyərkən snayperlə vurulub. Yaralar sağalsa da, bütün bu hadisələr səhhətlərində dərin izlər qoyub.
    Vətən müharibəsi zamanı Qapanlı ermənilər tərəfindən ən çox atəşə məruz qalan kəndlərdən biri idi. Əhali bu müddətdə olmazın əziyyətlər çəkdi. Mal-qaraya, əkin-biçinə mərmi yağışı altında baxırdılar. Hamının evinə ziyan dəyirdi. Bununla belə, qəlblərdə elə böyük inam vardı ki, 30 illik əziyyətlərə son qoyulacaq, kənd nəfəs alacaq, bir daha nə Zəhralar, nə də başqaları yaralanmayacaq. 44 günlük Vətən müharibəsindəki Zəfər bu inamı gerçəkliyə çevirdi.
    Müşgünaz nənə deyir:
    – Qələbədən bir ildən artıq vaxt keçir, amma biz yenə də o günləri unuda bilmirik. Axır ki, Prezidentimizin, Ordumuzun sayəsində ev-eşiyimizdə rahat yaşaya bilirik. Doğma ocaq hər kəs üçün şirindir.
    * * *
    Bu kənddə uşaqlar tez böyüyürlər. 4 yaşında ikən erməni vəhşiliyi ilə üzləşən Zəhra da indi öz fikirləri ilə həmyaşıdlarından seçilir. Ancaq hamı kimi o da təhsil almaq, xoşbəxt olmaq istəyir. Bu belə də olacaq. Axı Zəhra da, Qapanlıda yaşayan digər uşaqlar da qalib xalqın övladlarıdır.

    Svetlana BAĞIROVA,
    “Yeni Tərtər”qəzetinin redaktoru
    “Azərbaycan” qəzeti

    Müəllif: Redaktor, 09:54

İsmarıclar bağlıdır.