Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20Apr

                                                             Təvazökar döyüşçü

    Elşən Əhmədov rayonumuzun yetirməsidir. Burada doğulub, boya-başa çatıb. Ata-anası rayonumuzun zəhmətkeş, sadə insanlarındandır. Ailədə 3 uşaq – 2 oğlan, bir qız böyüyüb. Elşən də həmin oğlanlardan biridir. Şəhər 6 saylı məktəbin 9-cu sinfini bitirdikdən sonra 11-ci sinfə qədər Bakı şəhərində təhsil alıb. 1994-cü ildə orta məktəbi bitirib. 1995-ci ildə Azərbaycan Texniki Universitetin Metallurgiya fakültəsinə qəbul olub, 2000-ci ildə təhsilini müvəffəqiyyətlə başa vurub. Əsgəri borcunu yerinə yetirmək üçün hərbi xidmətə yollanıb. Hərbi hissələrin birində artilleriya batareyasının komandiri olub. Hərbi xidmətini başa vurduqdan sonra az bir müddət Rusiyada yaşayıb, sonra qayıdaraq Gəncə şəhərində alüminium zavodunda işləyib. 2010-cu ildən isə Azəriqaz İstehsalat Birliyinin Tərtər Regional Qaz İstismarı İdarəsinin Tərtər xidmət sahəsində dispetçer vəzifəsində işləyir.
    Vətənimizin üzərini qara buludlar aldığı zaman, o da könüllü olaraq cəbhəyə yollanıb. Keçdiyi döyüş yolundan danışmasını xahiş etdim.
    O dedi:
    – Müharibədən ən çox yadımda qalan qələbə qazandığımız anların sevinci, bir də döyüş yoldaşlarımın yaralanması, şəhid olması ilə bağlı yaşanan ağrı-acılardır. Nə qədər çətin olsa da, yaralı yoldaşlarımıza kömək etməyə çalışırdıq. Bəzən bu, mümkün olmurdu. Döyüşdən əvvəl bir səngərdə dayandığımız, söhbət etdiyimiz insanları itirirdik. Əlbəttə, bu, çox ağır olsa da, növbəti döyüşlərə daha böyük qisas hissi ilə qatılırdıq. Bilirdik ki, yalnız qələbədən sonra şəhidlərimizin ruhu rahatlıq, valideynləri isə təskinlik tapa bilər. Şəhidlik zirvəsinə ucalan yoldaşlarımıza Allahdan rəhmət, ailələrinə səbr diləyirəm.
    Təvazökar döyüşçü özü haqqında çox danışmasa da, söhbətindən keçdiyi şərəfli yolun bəzi məqamlarını öyrəndik.
    Ağdam istiqamətindəki hərbi hisssələrin birinin artilleriya bölməsində qərargah rəisinin kəşfiyyat işləri üzrə köməkçisi olub. Ağdam, Ağdərə istiqamətində gedən döyüşlərdə düşmənə qarşı vuruşub. Talış kəndində, Şahbulaqda aparılan əməliyyatlarda fədakarcasına iştirak edib. Hətta ayağından yüngül yaralandığı zaman kimsəyə bildirmədən verilən tapşırığın yerinə yetirilməsinə çalışıb.
    Bu gün Elşən Əhmədov Qarabağ müharibəsi veteranıdır. “Ağdamın azad olunmasına görə” “Suqovuşanın azad edilməsinə görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.
    Elşən ailəlidir. 1 qız, 2 oğul atasıdır. Övladları orta məktəb şagirdləridir. Ailələrində müharibədən söhbət düşən-də, o, uşaqlarına Azərbaycan əsgərinin, zabitinin igidliyindən danışır. Deyir ki, biz bu müharibədə qalib gəldik ki, indi böyüyən nəsil bütöv bir ölkənin xoşbəxt vətəndaşları kimi yaşasınlar.

    Elfuzə Camalqızı

    Müəllif: Redaktor, 15:02

İsmarıclar bağlıdır.