Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 26Apr

    Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun 44 günlük Vətən Müharibəsində düşmən işğalından azad etdiyi qədim qalamızda – Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayı keçirilib.

    Qurultayda geniş nitq söyləyən Prezident İlham Əliyev deyib: “Qurultayın adı Zəfər qurultayıdır və bu, təbiidir. Çünki tarixi Zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları toplaşır, qurultay keçirir”.

    Müzəffər Ali Baş Komandan gənclərimizin Vətən Müharibəsindəki xidmətlərini yüksək qiymətləndirərək bildirib ki, tarixi missiyanı həyata keçirən bizim qəhrəman övladlarımız tarix qarşısında, xalq qarşısında, Vətən qarşısında misilsiz xidmətlər göstərmişlər. Müstəqillik dövründə yetişən gənclər, vətənpərvərlik ruhunda yetişən gənclər bu tarixi hadisəni, tarixi müjdəni Azərbaycan xalqına bəxş etmişlər.

    Qeyd olunub ki, Ulu Öndərin davamçıları V qurultayı Şuşada keçirir. Mədəniyyətimizin paytaxtı olan Şuşa öz doğmalarını günəşli hava ilə qarşılayır və bu onu göstərir ki, bu, bizim tarixi torpağımızdır. Hətta təbiət, günəş də bizimlə həmrəydir.

    Azərbaycan Respublikasının Prezidenti deyib ki, Dünya Azərbaycanlılarının həmrəyliyi Qələbə ilə yekunlaşdı. Həm Azərbaycanda yaşayan Azərbaycan vətəndaşları, həm də dünya azərbaycanlıları bir nöqtəyə vururduq, bir hədəfə çatmaq üçün çalışırdıq.

    Azərbaycan xalqı 30 il davam edən mənasız danışıqlar əvəzinə öz gücünü ortaya qoydu, ədaləti bərpa etdi, beynəlxalq hüququ bərpa etdi. Bütün dünyaya sübut etdi ki, biz böyük xalqıq və Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində deyildi.

    Azərbaycan təkcə Ermənistanla müharibəni aparmayıb. Azərbaycan yalnız dünya erməniliyi ilə müharibə aparmayıb, eyni zamanda Ermənistanın himayədarları ilə də müharibəni aparıb və bu müharibədə Qələbə qazanıb. Ona görə bu Qələbənin tarixi əhəmiyyəti daha böyükdür. Sübut etmişik ki, ölümə getməyə hazırıq. Müstəqillik dövründə vətənpərvərlik ruhunda yetişən gənclərimiz ölümə gedirdilər, Vətən uğrunda bilərəkdən ölümə gedirdilər.

    İnformasiya təxribatları davam edir. Müharibə başa çatsa da, bizə qarşı olan ərazi iddiaları hələ ki, başa çatmayıb.

    Xaricdə yaşayan azərbaycanlılar öz tarixi Vətəni ilə sıx bağlı olmalıdırlar. Heç olmasa, ildə bir dəfə hər bir azərbaycanlı öz ailəsi ilə Azərbaycana gəlsə, çox yaxşı olar – xüsusilə azad edilmiş torpaqlara getmək üçün.

    Ana dili bütün Azərbaycan vətəndaşlarını birləşdirir. Azərbaycan məktəblərinin açılmasına hər zaman kömək göstəriləcəkdir. Ana dili əsas faktordur;

    Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq. Azərbaycan dövləti qalib dövlət kimi əbədi yaşayacaq. Xalq öz torpaqlarındadır. Bu torpaqda möhkəm dayanıb və heç kim heç vaxt bu torpaqlardan xalqımızı tərpədə bilməz.

    Şəhidlərin qisasını düşməndən döyüş meydanında aldıq. Onların qanı yerdə qalmadı, bu, onların yaxınları üçün, qohumları üçün, bütün Azərbaycan xalqı üçün təsəllidir.

    Bildirilib ki, 2003-cü ildən bu günə qədər Qarabağ münaqişəsinin həlli və postmünaqişə dövrünün Azərbaycanın xeyrinə inkişaf etməsi daim başlıca vəzifə olub və bütün güclər səfərbər edilmişdir.

    Müharibə dövründə – cəmi 44 gün ərzində 300-dən çox şəhər və kənd döyüş meydanında azad olunub. Məhz buna görə Ermənistan məcbur olub və noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktına imza atdı. Məhz biz Şuşanı noyabrın 8-də azad edəndən sonra Ermənistan rəhbərliyi nəhayət anladı ki, müharibəni davam etdirmək onlara daha baha başa gələcək.

    Minsk qrupu faktiki olaraq 2019-cu ildə iflic olmuşdur. – Ermənistan rəhbərliyi tərəfindən səsləndirilən cəfəng fikirlər faktiki olaraq danışıqlar prosesinə son qoymuşdur.

    İşğaldan azad olunmuş bütün ərazilər erməni vandalizminin canlı şahididirlər. Şuşada bir dənə də salamat tarixi bina qalmamışdır. Ermənilər 17 bulağın 17-sini də qurutmuşdular, məscidlərimizi təhqir etmişdilər, sökmüşdülər, saraylarımızı sökmüşdülər. Təkcə Şuşa yox, bütün digər şəhərlər də eyni vəziyyətdədir. Tamamilə dağılmış Ağdamı xarici ekspertlər, jurnalistlər Xirosimaya bənzədirlər. İşğalçılar qəbirləri qazırdılar, ölülərin qızıl dişlərini çıxarırdılar. Ermənistan və erməni xalqı bu vəhşiliyə görə dünya miqyasında rəzil oldu. Biz təkcə işğalçını yox, faşistləri məhv etdik.

    Azərbaycan sədrlik etdiyi Qoşulmama Hərəkatı, həmçinin İslam Əməkdaşlıq Təşkilatı və bütün digər aparıcı beynəlxalq təşkilatlar ölkəmizin mövqeyini dəstəkləmişlər və postmünaqişə reallıqlarını qəbul etmişlər.

    Dövlətimizin başçısı vurğulayıb ki, bütün ağrılı məqamlara baxmayaraq, işğala baxmayaraq bölgənin gələcəyi naminə Azərbaycan sülh gündəliyi təqdim etdi. Bundan sonra Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması məsələsi gündəlikdədir. Azərbaycan konkret olaraq beş prinsipdən ibarət təklif irəli sürdü və Ermənistan bu beş prinsipi qəbul etdi. Ermənistan rəhbərliyi rəsmən bəyan etdi ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Azərbaycana hər hansı bir ərazi iddiası yoxdur və gələcəkdə də olmayacaq.

    Hər birimiz – həm Azərbaycan hökuməti, həm səfirliklər, diaspor təşkilatları, bütün fəallar yeni reallıqları dünya ictimaiyyətinə çatdırmalıdırlar. Xaricdə yaşayan azərbaycanlıların bu sahədə daha böyük imkanları var.

    Tarixi amillər həmişə istənilən münaqişənin siyasi və digər yollarla həll edilməsi üçün çox vacibdir. XIX əsrdə imzalanmış müqavilələri beynəlxalq ictimaiyyətə çatdırmaq kifayətdir. Kürəkçay, Gülüstan, Türkmənçay sülh müqavilələri. Orada erməni əhalisindən söhbət getmir. Kürəkçay müqaviləsini İbrahimxəlil xan Şuşalı və Qarabağlı, – titulu belə də gedib, – imzalayıb. XIX əsrin bu tarixi hadisələrindən sonra Qarabağa ermənilərin kütləvi köçü başlamışdır. Bu da heç kimə sirr deyil və artıq dünya ictimaiyyəti, ekspertlər bunu bilir.

    Azərbaycan xalqına qarşı edilən haqsızlıqlar haqqında daim beynəlxalq ictimaiyyət məlumatlandırılmalıdır.

    Zəfər Qurultayında Prezident İlham Əliyev Dünya Azərbaycanlıları qarşısında konkret vəzifələr qoydu. Bu vəzifələrin yerinə yetirilməsi xalqımızın gücünü və birliyini daha da artıracaq.

     

    Müəllif: Redaktor, 11:35

İsmarıclar bağlıdır.