Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 04May

      Aprelin 29-da ADA Universitetində “Cənubi QAfqaz: İnkişaf və əməkdaşlıq mövzusunda beynəlxalq konfrans keçirilib. Prezident İlham Əliyev konfransda giriş nitqi söyləyib.

    Prezident İlham Əliyev bildirib ki,  ermənilər tərəfindən 30 ilə yaxın davam edən işğal ərzində bütün şəhərlərimiz və kəndlərimizdə barbarlıq və vandalizm aktları həyata keçirilib, bütün şəhər və kəndlər dağıdılıb. Kütləvi dağıntılar Birinci Qarabağ müharibəsinin deyil, 30 il çəkən işğal zamanı Ermənistanın törətdiyi barbarlıq və vandalizmin nəticəsidir. Bütün kəndlərimiz və şəhərlərimizin əksər hissəsi dağıdılıb və yerlə-yeksan edilib. Bəzi rayonlarda, məsələn, Kəlbəcərdə, Laçında və qismən, Zəngilanda və Şuşada rəsmən Ermənistan hökumətinin sponsorluq etdiyi qeyri-qanuni məskunlaşma proqramı həyata keçirilmişdir. Bu, beynəlxalq konvensiyaların kobud pozulmasıdır.

    Şuşa Bəyannaməsini imzalamaqla biz Türkiyə ilə həm sözdə, həm də əməldə bir olduğumuzu bütün dünyaya bəyan etdik. Bəyannamə əməkdaşlığın mahiyyətini rəsmiləşdirdi, çünki biz onsuz da istənilən şəkildə müttəfiq idik, bütün sahələrdə, o cümlədən hərbi və müdafiə sənayesi sahəsində.

    Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanması üçün 5 prinsip təklif edib və sonda Ermənistan hökuməti pozitiv yanaşaraq bu təklifləri qəbul edib. Bu prinsiplər Ermənistanla imzalanacaq sülh müqaviləsinin əsasını təşkil edəcək. Əgər sülh müqaviləsi imzalanarsa və həmin təməl prinsiplər həyata keçərsə, onda Qafqazda sülh uzunmüddətli və dayanıqlı olacaq.

    Azərbaycanın açıq bəyan edilmiş və beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmuş sülh gündəliyi və təşəbbüsləri Cənubi Qafqazda regional inkişaf üçün yeni imkanların yaradılmasına yönəldilib. Bu, təkcə Azərbaycan və Ermənistan arasında deyil, ümumiyyətlə, Cənubi Qafqaza aid məsələdir.

    Konfransda deyilib ki, Qarabağda yaşayan ermənilər vahid Azərbaycan dövlətində özlərini daha təhlükəsiz və rahat hiss edə bilərlər. Bunun üçün ermənilər, ilk növbədə, separatizm meyillərinə son qoymalı, reallıqları anlamalıdırlar.     Azərbaycan ərazilərində 30-dək su elektrik stansiyası Ermənistan tərəfindən məhv edilmişdir. Kəlbəcər və Tərtər rayonlarında quruculuq işlərinə başlanılıb, 20MVt-lıq stansiya artıq istifadəyə verilib. Cari ildə 25 MVt-lıq hidroelektrik stansiya istifadəyə veriləcək. Ancaq su elektrik stansiyalarının potensialı daha çoxdur. Bütün Qarabağ və Şərqi Zəngəzur elektrik xətləri ilə birləşdirilib. Bəzi hallarda həmin elektrik xətləri ilin altı ayı qarlı olan 3500 metrlik dağlar üzərindən salınmalı olub.

    Prezident İlham Əliyev deyib ki, uzun illər ərzində güclü orduya, güclü iqtisadiyyata və yeni nəslə ehtiyac var idi. Qarabağ uğrunda ölənlərin böyük əksəriyyəti heç zaman Qarabağı görməmişdi. Onlar gənc nəslin nümayəndələri, vətənpərvər, Vətəni sevən, yüksək motivasiyalı insanlar idi.

    İşğal dövründə yalnız Qarabağı geri qaytarmaq üzərində düşünmürdük. Azərbaycan müstəqilliyin gücləndirilməsi və onun dönməz xarakter alması, habelə heç kəsdən, nə siyasi, nə iqtisadi, nə də enerji cəhətdən asılı olmamağı üzərində çalışıb və buna nail olub. Ölkəmiz tam olaraq müstəqil oldu, müstəqil siyasət aparmaq imkanını əldə etdi və Qarabağı geri qaytardı.

    – Təhlükəsizlik olmadan əməkdaşlıq və iqtisadi faydadan söhbət gedə bilməz. Azərbaycan ilə Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanması da bizim strateji maraqlarımıza əsaslanır, çünki Rusiya bizim qonşumuzdur.

    Həm Türkiyə, həm də Rusiya müharibədən sonra regionda yeni konfiqurasiyanın iştirakçılarıdır. Vəziyyətə nəzarət edən Türkiyə-Rusiya Monitorinq Mərkəzi Ağdamda yerləşir. Belə bir format tarixdə ilk dəfə mümkün olmuşdur. Bundan əlavə Türkiyə-Rusiya münasibətləri də nəzərə alınmalıdır. Bu gün Prezident Ərdoğan Ukraynada atəşkəsin əldə olunmasında vasitəçilik edir. Bütün bunlar regional təhlükəsizlik və sabitliyə xidmət edir.

    Siyasi və iqtisadi dialoq davam etməlidir. Azərbaycan-Türkiyə-Rusiya üçtərəfli dialoq formatında rəsmi təmas olmayıb. Hazırkı regional konfiqurasiya Azərbaycanı qane edir. Ölkəmizin bütün qonşularla yaxşı münasibətləri var – təkcə Rusiya və Türkiyə ilə deyil, Gürcüstan və İranla da;

    Qeyd olunub ki, müharibənin bitməsindən sonra minalar səbəbindən 200-dən artıq hərbçi və mülki vətəndaş həlak olmuş və ya ağır yaralanmışdır. Ermənistan minaları müharibədən sonra yerləşdirib və Kəlbəcərdə yeni basdırılmış minanın partlaması nəticəsində faciə baş vermiş və iki jurnalistimiz həlak olmuşdur. Hazırda bütün əraziləri minalardan təmizləmək olduqca çətindir.

    Bu günə qədər türkiyəli mütəxəssislər minatəmizləmə işlərində kömək edirlər, ancaq daha geniş beynəlxalq əməkdaşlığa ehtiyac var. Təəssüflər olsun ki, bu cür dəhşətli davranışa görə Ermənistana heç irad belə tutulmayıb.

    Ermənistana və Azərbaycana verilmiş maliyyə paketi arasında böyük fərq mövcud idi və buna düzəliş olunmuşdur. Avropa İttifaqı Ermənistana 2.6 milyard, Azərbaycana isə 140-160 milyon avro yardım paketini elan edib. Bu, bir daha ikili standartların təzahürüdür. Ermənistan üçün ayrılmış vəsaitin böyük hissəsi kredit deyil, qrant olacaq, yəni hədiyyə. Azərbaycana isə yüz neçə milyon. Avropa İttifaqı Azərbaycana minatəmizləmə işlərinə 5 milyon avro ayıracaq.

    –  Azərbaycan üçün Avropa İttifaqı çox önəmli tərəfdaşdır. Azərbaycan Avropa İttifaqını ədalətli vasitəçi kimi hesab edir və onun səylərini alqışlayır.

    Zərdüştlük məbədi, məscid, katolik kilsə, pravoslav kilsə, erməni kilsəsi və sinaqoq – bütün bunlar ölkəmizin milli irsidir və biz onları qoruyub saxlayırıq. İşğal olunmuş ərazilərdə 67 məsciddən 65-nin ermənilər tərəfindən dağıdılmasına heç bir məhəl qoyulmamışdır. Lakin minlərlə beynəlxalq nümayəndənin Şuşanı ziyarət etməsi və onların hamısının erməni kilsəsinə toxunulmamasını görmələri faktı, əksinə olaraq ermənilərin dağıtdığı məscidlərə rəğmən bu kilsənin bərpa ediləcəyi faktı indi UNESCO-nun regiona gəlmək marağını aşağı salır.

    Azərbaycan Ermənistandan fərqli olaraq çoxlu etnik xalqların yaşadığı bir ölkədir. Biz Qarabağda yaşayan erməniləri öz vətəndaşlarımız hesab edirik. Ümid edirik, onlar da tezliklə anlayacaqlar ki, Azərbaycan vətəndaşları kimi yaşamaqla onların bütün hüquqları və təhlükəsizliyi təmin olunacaq.

    Erməni tarixşünaslıq elmində hər bir addımda saxtakarlıq görürük. O cümlədən Azərbaycan əraziləri ilə bağlı, Qarabağın tarixi ilə bağlı. Bu saxta tarix siyasəti son beş-altı ildə hətta yeni bir forma almışdı. Onlar Azərbaycan şəhərlərini rəsmən erməni adları ilə, saxta adlarla adlandırmağa başladılar.

    Prezident İlham Əliyev bildirib ki, cari ilin üç ayında iqtisadiyyatımız 7 faiz və ixracımız 90 faizdən çox artıb, o cümlədən enerjiyə aid olmayan ixrac sektorunda 45 faiz artım olub. Eyni zamanda, Azərbaycan sərvət və sabitlik yaradıcısıdır. İqtisadi, regional nəqliyyat əlaqələri nöqteyi-nəzərdən tamamilə yeni xəritə olmalıdır. Çünki artıq yeni nəqliyyat xəritəsini yaratmışıq. 2008-ci ildə Bakı-Tbilisi-Qars üzərində işləməyə başlayanda və 2017-ci ildə bu kəmərin tamamlanmasına nəzər salsaq görərik ki, bu, tamamilə yeni mənzərədir.

    Zəngəzur dəhlizi adlandırılan dəhliz Ermənistanın ərazisindən keçəcək. Azərbaycan artıq Ermənistan sərhədinə avtomagistralı və dəmir yolunu tikir və dəmir yolu bu ilin sonuna kimi hazır olacaq və avtomagistral ola bilsin sonra. Ermənistan bu prosesdə iştirak etməsə, onda ondan dolayı yollarla keçəcəyik.

    Çin ilə münasibətlər strateji əhəmiyyətə malikdir. Bu münasibətlər çox uğurla inkişaf edir.

    İkinci Qarabağ müharibəsindən sonra erməni cəmiyyətinin də yaraları var. Bunu başa düşmək olar. Əgər yaralarımız otuz ilə sağalmadısa, bilirik ki, onların da yaraları qanlı qalacaq. Bu, reallıqdır. Biz məsuliyyəti öz üzərimizə götürməliyik və ölkələrə rəhbərlik edən liderlər məsuliyyəti eyni olaraq qəbul etməlidirlər. Paralel olaraq cəmiyyəti hazırlamalıyıq.

    – Sərhədlərin müəyyən edilməsi zamanı tarix nəzərə alınmalı, Cənubi Qafqazın sovetləşdirilməsindən sonrakı dövrə aid xəritələr istifadə edilməlidir. Yalnız bir xəritə üzərində dayanmamalıyıq, çünki bir çox xəritələr var – 1918-ci ilin xəritəsi var ki, İrəvan o zaman Azərbaycanın tərkib hissəsi idi. 1920-ci ilin noyabr ayının xəritəsi var ki, Zəngəzur o zaman Azərbaycanın tərkib hissəsi idi. Bununla yanaşı, bu gün İran-Ermənistan sərhədi boyu olan ərazilərdə o zaman azərbaycanlılar yaşayırdı və o torpaqların erməni xalqına heç bir aidiyyəti yox idi. 1920-ci ilin noyabrında sovet hakimiyyəti Zəngəzuru Ermənistana vermək qərarı qəbul etdi. Lakin bu ərazi Ermənistana veriləndə o bugünkü sahəyə – 42 kilometrlik sahəyə malik deyildi, ərazi daha ensiz idi.

    Vacib olan odur ki, qonşu ölkələr ilə və ümumiyyətlə bütün ölkələrlə münasibətlərdə Azərbaycan Hökumətinin və onun nümayəndələrinin bəyanatları olduqca məsuliyyətlidir. Ərazi bütövlüyü qırmızı xətdir. Xaricdə yaşayanların müxtəlif mövzularla bağlı fərqli mövqelərinə görə Azərbaycan məsuliyyət daşımır. Azərbaycan azad ölkədir və hər kəs – bizim vətəndaşlar və əcnəbi vətəndaşlar istədiyini söyləyə bilər. Əlbəttə, bunun bizim qanunvericiliklə ziddiyyət təşkil etməməsi şərti ilə;

    “Şuşanın dostları” qrupunun çoxsaylı üzvləri olacaq. Bu qrupun necə formalaşdırılmasına dair düşünməyə ehtiyacımız var. Həqiqətlərin təbliğ olunmasında və əməkdaşlıq əlaqələrinin dərinləşməsində bu qrupun çox böyük rolu ola bilər.

    Ən önəmli məsələ heç bir zaman işğalla razılaşmamaqdır. Ən vacib olan budur. Özünü müdafiə etmək əzmi olan ölkənin xalqını heç vaxt məğlub edə bilmərsən. Bu, yalnız müvəqqəti ola bilər. Azərbaycan Ukraynanın və digər ölkələrin ərazi bütövlüyünü açıq şəkildə dəstəkləyib. Rusiya ilə bizim ticarətimiz çoxşaxəlidir. Azərbaycan və Fransa arasında güclü mədəni münasibətlər mövcuddur. Biz mədəniyyət, təhsil sahələrində böyük irəliləyişə nail olmuşuq.

    Avropa İttifaqı ilə yaxın əməkdaşlıq Azərbaycanın müasirləşməsinə, o cümlədən gənc nəslə, təhsil potensialına ciddi töhfə verəcək. Avropa İttifaqı ilə sıx əlaqələr Azərbaycan cəmiyyətinin dünyəvi xarakterini gücləndirəcək. Bu, bizim dövlət siyasətimizin önəmli tərkib hissəsidir. Bu dövlət siyasəti Azərbaycan əhalisi tərəfindən geniş şəkildə dəstəklənir. Dünyəvilik bizim dövlətçiliyimizin fundamental sütunlarından biridir və Avropa İttifaqı ilə sıx əlaqələr Azərbaycanın gələcək dünyəvi inkişafına müsbət təsir göstərəcək.

    Rusiya sülhməramlılarının mövcudluğu məsələsi 10 noyabr gecəsi imzalanmış Üçtərəfli Bəyannamənin bir hissəsidir. Həmin Bəyannamədə hərbi heyətin və hərbi zirehli maşınların dəqiq sayları əks olunub, hər şey bu sənəd əsasındadır. Həmçinin onların sülhməramlı fəaliyyəti ilə bağlı müddət mövcuddur – 5 il. Əgər həmin razılaşmanın tərəflərindən hər hansı biri qərar versə ki, 5 il kifayətdir, onda müddətin sonuna 6 ay qalmış bu açıq şəkildə elan edilir. Rusiya sülhməramlıları ilə Azərbaycanın hərbi qulluqçuları arasında yaxşı səviyyədə qarşılıqlı əlaqə var.

    Nəqliyyat dəhlizlərinin qısa müddətdə reallaşdırılmasını istəyirik. Ermənistan, nəhayət, qərar verməlidir ki, onlar bunu necə görmək istəyirlər. Zəngəzurdan yoxlamasız keçid məsələsinə sadiqik və Ermənistanın bunun bir hissəsi olması üçün biz, hətta elektrik xətləri haqqında düşünə bilərik.

    Ermənistan ölkəmizə qarşı illər ərzində ekoloji terror törətdiyi diqqətə çatdırılıb. 30 il ərzində çaylarımızdan məhrum olmuşduq. Ermənistan yaz və yayda, bizim suya ehtiyacımız olanda Tərtər çayının qarşısını bağlayır və yüz minlərlə hektar ərazilərimizdə quraqlıq yaradırdı və sonra qışda onlar çayın qarşısını açır və sel yaradırdılar.

    Yeni idarəçilik sistemi ilə bağlı bildirilib ki, Qarabağ və Şuşa üzrə xüsusi nümayəndələr təyin olunub. Digər ərazilər üçün də xüsusi nümayəndələr təyin ediləcək. Bu yeni idarəçilik modelini sınaqdan keçiririk. Çünki mövcud regional idarəçilik sistemi Sovet İttifaqının çökməsindən sonra yaradılıb və o qədər də hərtərəfli düşünülməmişdir. Qarabağda sınaqdan keçirdiyimiz yeni sistem fərqli olacaq və yekun sınaqlar bitəndən sonra bu sistemi Azərbaycanın digər ərazilərinə də tətbiq etmək və regionlarda dövlət idarəçiliyini təkmilləşdirmək mümkün olacaq.

     

     

     

     

    Müəllif: Redaktor, 15:59

İsmarıclar bağlıdır.