Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 06May

    Bu xəstəliyə qurşanmaqdan çəkinin!

    Bu gün narkomaniya müharibələr, pandemiya ilə yanaşı, insanları, xüsusən gəncləri ölümə aparan ən dəhşətli bəlalardan biridir. Buna görə də ölkəmizdə narkomaniyaya qarşı dövlət səviyyəsində mübarizə həyata keçirilir. Bu məqsədlə qanunvericilik bazası təkmilləşdirilir.

    Ümummilli Liderimiz Heydər Əliyev deyirdi: “Hər bir ölkədə narkomaniyanın qarşısının alınması üçün çox ciddi təşkilati, profilaktik tədbirlər görülməli, lazımi izahat işi aparılmalı, səhiyyə, təbliğat orqanları narkomaniyanın insan üçün, bəşəriyyət, cəmiyyət üçün nə qədər təhlükəli, faciəli olduğunu hərtərəfli açıb göstərməli və insanları bu xəstəliyə qurşanmaqdan çəkindirməlidirlər.”
    Elə bu günlərdə rayon polis şöbəsi əməkdaşlarının, təhsil, səhiyyə, rayon qəzeti işçilərinin iştirakı ilə şəhər 2 saylı məktəb-liseydə şagird və müəllim kollektivi, valideynlərlə keçirilən görüşün məqsədi də məhz böyüyən nəsli maarifləndirmək, müəllim və valideynlərin qarşısında duran vəzifələrin məsuliyyətindən bəhs etmək olmuşdur.
    Rayon polis şöbəsinin rəisi, polis polkovniki Elçin Qasımov hərtərəfli və geniş çıxışında ölkəmizdə bu bəlanın yayılmasının qarşısını almaq məqsədi ilə həyata keçirilən tədbirlər haqqında məlumat verməklə yanaşı, sadə, anlaşıqlı dildə şagirdləri diqqətli olmağa, özlərinin və ailələrinin gələcək xoşbəxtliyini qorumağa çağırmışdır. Elçin Qasımov bildirmişdir ki, 1992-ci ildə Azərbaycan Respublikası BMT-yə tam hüquqlu üzv olduqdan sonra “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” BMT-nin 1988-ci il konvensiyasına qoşulmuşdur. Ümummilli Lider Heydər Əliyev narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edərək, 1996-cı il avqustun 26-da “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri haqqında” müvafiq fərman imzalanmış və problemin həlli üçün keçi-rilən tədbirlər keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Bu fərman əsasında ölkəmizdə 2000-ci ilədək narkomanlığın yayılmasına, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Ümummilli Proqram hazırlanmış, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılmışdır.
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkədə narkomaniya ilə mübarizəyə dair çoxsaylı Fərman və Sərəncamlar imzalayıb. Ölkəmizdə hər beş ildən bir narkomaniya ilə mübarizəyə dair Dövlət Proqramı tərtib olunur. Dövlət başçısının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi barədə Sərəncamı da mühüm əhəmiyyət daşıyır.
    Qalib ölkənin qalib uşaqları olduğunu məktəblilərə xatırladan cənab rəis demişdir ki, 44 gün davam edən Vətən müharibəsində xalqımıza bu Zəfəri qazandıran Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu, bu Orduda şərəflə, ləyaqətlə xidmət edən əsgər və zabitlərimiz olmuşlar. Azərbaycan gəncliyi bu vəzifənin öhdəsindən layiqincə gəlmişdir. Bu gün parta arxasında əyləşən şagirdlərimizin qarşısında da məsul vəzifələr dayanır. Onlar işğaldan azad edilmiş torpaqlarda aparılan geniş quruculuq işlərində iştirak etməli, Vətənin keşiyində dayanmalı, bir sözlə, layiqli vətəndaş olmalıdırlar. Bunun üçün isə narkomaniya kimi dəhşətli bəladan uzaq durmaq lazımdır. Nəinki uzaq durmaq, hardasa belə bir vəziyyətlə qarşılaşanda, çəkinmədən bu barədə böyüklərə, polis əməkdaşlarına xəbər vermək vacibdir.
    Elçin Qasımov demişdir:
    –Polis əməkdaşlarının vəzifəsi sizin təhlükəsizliyinizi, asayişinizi, gələcək həyatınızı mənfi təsirlərdən qorumaqdır. Onlar sizin dostlarınızdır.
    Tədbirdə polis əməkdaşlarına tapşırılmışdır ki, daimi olaraq şagirdlərlə maarifləndirici söhbətlər aparsınlar, narkomaniyanın hansı faciələr törətdiyini, anonimlik saxlanılmaqla, onlara əyani misallarla göstərsinlər.
    Polis rəisi eyni zamanda qızların erkən nikaha daxil olmasının yolverilməzliyi barədə də danışmışdır.
    Görüşdə “Yeni Tərtər” qəzetinin redaktoru Svetlana Bağırova, psixiatr – narkolq həkim Rima Axundova, rayon təhsil şöbəsinin müdiri vəzifəsini icra edən Nuranə Abdullazadə çıxış edərək, narkomaniyanın insan sağlamlığına vurduğu ziyandan, uşaqların məktəbə davamiyyətindən, şagirdlərin mobil telefondan istifadəsinə valideyn nəzarətinin vacibliyindən, erkən nikahdan və s. məsələlərdən danışmışlar.
    Qeyd olunmuşdur ki, rayonumuzda yeniyetmə və gənclərin asudə vaxtının səmərəli keçirilməsi üçün hər cür şərait var. Belə ki möhtərəm Prezidentimiz İlham Əliyevin diqqət və qayğısı sayəsində rayonda Olimpiya idman kompleksi, Gənclər Mərkəzi, Şahmat məktəbi, Tarix–diyarşünaslıq muzeyi fəaliyyət göstərir. Şəhərimizdə müasir üslubda tikilmiş parklar, yaşıllıq guşələri vardır. Bütün bunlardan məqsəd-yönlü və dolğun istifadə etmək lazımdır. Tərtər rayonu və tərtərlilər döyüş meydanında da, arxa cəbhədə də həmişə öz qəhrəmanlıqları, dövlətimizə sədaqətləri ilə fərqlənmişlər. Bu tarixən belə olub, indi də belədir. Odur ki, böyüyən nəsil də məhz ayrı-ayrı tüfeylilərin yolu ilə deyil, öz ata-babalarının nəsillərə nümunə olan yolu ilə getməlidirlər.
    Tədbirdə polis polkovniki Elçin Qasımov şagirdlərin suallarını cavablandırmışdır.
    Məktəbin direktoru Gülarə Əkbərova maraqlı görüş üçün qonaqlara təşəkkürünü bildirmişdir.
    Sonda narkomaniya ilə bağlı videoçarx göstərilmiş və xatirə şəkli çəkdirilmişdir.

    Svetlana Bağırova

    Müəllif: Redaktor, 09:58

İsmarıclar bağlıdır.