Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 19May

    Belə bir deyim var: Həyat olumla ölüm arasındakı ömür yoludur. Bu yolda hərə öz taleyini yaşayır. Sakit, hamar, keşməkeşsiz ömür yolları ilə bərabər qədərin qismət etdiyi ömür yolları da var.
    Pakizə ananın ömür yolu da belələrindən idi. Ağdamın axar-baxarlı Qiyaslı kəndində yaşayan bu qadının nə vaxtsa yurd-yuvasından ayrılacağı yuxusuna da girməzdi. Cavan yaşından ömür-gün yoldaşını itirən Pakizə ana həyatın acı-şirinini çox dadmışdı. Öz alın tərinin qazancı ilə 3 oğul, iki qız böyüdüb təhsil vermişdi. Bu beş övladın beşi də anası üçün canından keçməyə hazır, böyük-kiçik yeri bilən idilər. Ana da onları çox sevərdi. Ancaq, özü demişkən, oğlu Zahidin yeri bir başqa idi. Bəlkə də ana ürəyi onu tez itirəcəyini duymuşdu.
    Xain qonşularımızla başlanan müharibə çoxlarının ömrünü yarıda qoydu. Zahid də iş başında vəzifə borcunu yerinə yetirərkən namərd gülləsinə tuş gəldi. Tərtər Rayon Polis Şöbəsinin sahə müvəkkilini yoldaşları indi də hörmətlə xatırlayırlar.
    Elə öz kəndlərində dəfn mərasimi keçirərkən ermənilərin kəndə hücumu dərd içində olan ailəni məcburi köçkün həyatı yaşamağa şövq etdi. Ev-eşiklərindən bir çöp belə götürmədən evi tərk edəsi oldular. Onların Tərtərdə qonşumuzun boş evinə yığışdıqları xatirimdədir. Pakizə ana başsağlığı verən qohum-qonşu ilə tez qaynayıb qarışdı. Küçəmizin elə bir xeyir-şəri olmazdı ki, orada iştirak etməsin. Oğlunu itirəndən sonra toya getməsə də, xeyir-duasını, hədiyyəsini əksik etməzdi. Bayramlarda evində bayram süfrəsi açmazdan əvvəl əzizini itirənlərə bayram payı aparardı.
    Uzun illərdən sonra rayonumuzda salınan qəsəbədə şəhid anası kimi onlara da mənzil verildi. Prezident İlham Əliyev məcburi köçkünlərə tikilən qəsəbənin açılışında bu ağbirçək ananın qonağı oldu.
    Öz təmkini, vüqarlı təbiəti, mehribanlığı ilə seçilən bu ağbirçəyin söz-söhbəti hələ də yaddaşlardadır.
    Pakizə Məmmədova artıq haqq dünyasındadır. Doğma şəhərinin azad olmasından iki il vaxt ötsə də, oranı yenidən görmək qisməti olmadı.
    Sağlığında oğlu Zahidin qəbri üstə minacat çəkdirmək arzusunda idi. Sanki azad Ağdam məscidində çəkilən azan onun arzusunu çin etdi.
    Məlum səbəbdən minaların tam təmizlənməməsinə görə doğma kəndində dəfn oluna bilmədi. Oğlu Zahidin qız övladının toyu olasıydı. Ana ürəyi sanki olacaqları duymuşdu: “Başıma bir iş gəlsə, toyu ləngitməyin ha,”– deyə ailəyə tapşırdı.
    İndi səmada qovuşan bu ana-balanın nigaran ruhu yəqin ki, şaddır. Ağdamın cah-cəlalına və bir də Türkanın aydın səma altındakı xoşbəxtliyinə görə.

    Rəfayə Əzizova

     

    Müəllif: Redaktor, 09:28

İsmarıclar bağlıdır.