Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 19May

    Dən səpdik-bitən oldu, ormanlara tən oldu,
    Buralar torpaq idi, can verdik Vətən oldu…
                                                                               Vahid Əziz, Azərbaycanın xalq şairi

                                                                           Əfsanəvi komandir

    Qənbər Qənbərli Kəngərli kənd orta məktəbinin IX sinfindən sonra 2009-cu ildə Naxçıvanski adına hərbi liseyə daxil olub və oranı müvəffəqiyyətlə bitirib. Bundan sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsilini davam etdirib. Məktəbin nümunəvi məzunlarından biri olduğunu Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə sübut edib. Əfsanəvi kəşfiyyatçı, cəsur komandir kimi yaddaşlarda qalıb.
    Baş leytenant Qənbər Qənbərli üç nəfərlik kiçik dəstə ilə düşmənin arxasına keçərək, ordumuzun irəliləməsi üçün ona verilən bütün tapşırıqları qəhrəmancasına yerinə yetirib. Ərazinin çətin olması və düşmənin daha əlverişli mövqedə yerləşməsi bu vəzifənin öhdəsindən gəlməyi çətinləşdirirdi. Ancaq dəstədə hamı arxayın idi. Çünki Qənbər Qənbərli kimi ağıllı komandirləri vardı.
    Bu kiçik dəstə elə döyüşürdü ki, düşmən onların cəmi 3 nəfər olduğunu güman etmir və yaxınlaşa bilmirdi. Qənbərlinin əlverişli mövqe seçməsi nəticəsində ermənilərə xeyli zərbə vurulub. Düşmən postuna ehtiyat sursat və şəxsi heyət daşıyan maşınlara atəş açılaraq, onların həmin posta yaxınlaşmasına imkan verilməyib. Həmçinin həmin posta gedən kommunikasiya xətləri kəsilib. Bizim arxadakı topçulara koordinat verilib.
    Bundan sonra ermənilərin “UAZ” markalı sanitar maşını atəşə tutularaq, bir zabit və sürücüsü yerindəcə məhv edilib. Qalanları isə elə maşındaca komandirin atdığı qumbara nəticəsində zərərsizləşdirilib.
    Yoldaşları danışırlar ki, Qənbər Qənbərli minalanmış cığırlarla daim özü irəlidə gedir, yoldaşlarını qoruyurdu.
    Bir dəfə isə düşmən onun əsgərini su içdiyi zaman güllə ilə vurmaq istəyərkən, bir an içində bunun qarşısını alıb və sərrast atəşlə erməninin özünü məhv edib.
    Qənbər Qənbərlinin qardaşı Qorxmaz da Vətən Müharibəsi iştirakçısı, qazidir. O deyir ki, qardaşım Qənbər “N” saylı hərbi his-sənin həmlə taborunda bölük komandiri vəzifəsində xidmət etmişdi. 2020-ci il 3 Sentyabrın 27-dən Kəlbəcər uğrunda döyüşə qatılmışdı.
    Qorxmaz isə Tərtər-Ağdərə uğrunda gedən döyüşlərdə iştirak edirdi.
    Qənbərin qardaşına son sözü “Özündən muğayat ol, Allah amanında” olmuşdu.
    Qənbər Qənbərli verilən tapşırığı şərəflə yerinə yetirdi, Ordumuzun irəliləməsi üçün şərait yaratdı. Ancaq özü geri dönə bilmədi. Oktyabr ayının 2-dən onun adı itkinlər siyahısına düşüb. Atası oğlunun döyüşdüyü yerləri qarış-qarış gəzib. Hətta Qənbərin əl qumbarası ilə partlatdığı erməni maşınını da görüb. Həmin ərazidə dizini yerə qoyub namaz qılıb və oğlunun tapılması üçün dualar edib.
    Qənbərin nəşi elə həmin yerdən – Murovdan 8 ay sonra, 19.05.2021-ci il tarixdə tapıldı.O, snayperlə vurulub, qarın içinə yıxıl-mış, sanki yuxuya getmişdi. Qolundakı saat da işləyirdi.
    Qənbər Qənbərli ailəli idi. 4 yaşında Melisa adlı qızı yadigar qalıb.
    Sağlığında “Azərbaycan Ordusunun 100 illiyi” medalı ilə təltif olunmuş qəhrəman baş leytenant Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni , “Vətən uğrunda”, “Şücaətə görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.
    Şəhər 6 saylı tam orta məktəbdə siniflərin birinə əfsanəvi kəşfiyyatçının adı verilib.

    Müəllif: Redaktor, 10:09

İsmarıclar bağlıdır.