Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10İyn

    …Mircəfər kişinin kiçik oğlu Mirsədi 3 aylıq gizirlik kursunu müvəffəqiyyətlə bitirmişdi. Təyinatla Xızı rayonuna getməliydi. Qohum-əqrəba gözaydınlığı verməyə gəlirdi. Şirin zaraftları, təmiz qəlbi ilə hamı tərəfindən çox sevilən Mirsədi atasını qucaqlayıb dedi:
    –Bilirəm, hamınız Umudlunun həsrətini çəkirsiniz. Mən o torpaqların azad olunmasında iştirak edəcəyəm. Gün gələcək, doğma kəndinizə qayıdacaqsınız.
    Sonra ailə bir quzu da götürüb, Kür çayı kənarındakı ocağa getdi. Kursları sağ-salamat bitirməsinə görə burada qurban kəsildi. Hər kəs ürəyində bir niyyət tutdu. Anası da dedi ki, oğul, ürəyində bir niyyət tut, inşaallah, arzuna çatarsan.
    Evə dönəndən sonra Mircəfər kişi həyat yoldaşının çox qəmgin olduğunu görüb, səbəbini soruşdu.
    Səadət xanım göz yaşı içində cavab verdi:
    – Bilirsən oğlumuz nə deyir? Niyyət edib ki, torpaqlarımızın azadlığı uğrunda şəhid olsun…
    Bu gün Mirsədi Bağırlının atası oğlunun sözünə sadiq olması haqqında kədər və qürurla danışır. Deyir ki, o, uşaqlıqdan özünü bu yola hazırlayırdı. Kiçik yaşlarında boyu balacaydı. İdmanla məşğul olmağa başladı, boyu uzandı. Çox zəhmətkeş və məqsədyönlüydü. Çətinliklərdən qorxmurdu.
    Mirsədi Bağırlı 2000-ci il iyunun 12-də Tərtər şəhərində anadan olub. 2006-2015-ci illərdə Kəlbəcər rayonunun 66 nömrəli tam orta məktəbində təhsil alıb. 2015-2018-ci illərdə isə Bərdə Peşə Liseyində “təmirçi çilingər və avtomobil sürücüsü” ixtisası üzrə təhsil alıb. Subay idi.
    Mirsədi Bağırlı 2018-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. Dövlət Sərhəd Xidmətinin əvvəlcə Zaqatala rayonunda, sonra isə Xızı rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edib. 2019-cu ildə Dövlət Sərhəd Xidmətinin Yevlax rayonunda yerləşən “N” saylı hərbi hissəsində gizir kurslarında təhsil alıb. 2020-ci il yanvarın 28-dən gizir hərbi rütbəsində hərbi xidmətini başa vurub. 2020-ci il martın 30-dan isə Dövlət Sərhəd Xidmətinin Xızı rayonunda yerləşən “N” saylı hərbi hissəsində ÇHD-nin xüsusi təyinatlı qrupunun sıralarında snayperçi olaraq müddətdən artıq xidmətə başlayıb.
    Mirsədi Bağırlı 2020-ci ilin 17-18 avqustunda Azərbaycan-Ermənistan dövlət sərhəddinin Qazax rayonu sahəsində Babaqar dağı istiqamətində gedən hərbi əməliyyatda savaşıb. Həmin əməliyyat nəticəsində Dövlət Sərhəd Xidmətinin mövqelərinin 1700 metr irəliyə getməsinə nail olunub.
    Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Mirsədi Bağırlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütöv-lüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı əvvəlcə Kəlbəcər istiqamətində, sonra isə Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 10-da Cəbrayıl döyüşləri zamanı şəhid olub.
    Deyirlər ki, Mirsədi uşaqlığından bayrağımızı çox sevirdi. Bir dəfə Qazaxda gizir işləyən dayısı ona Azərbaycan bayrağını bağışlamışdı. Mirsədi həmin bayrağı evlərində ən hündür yerdən asaraq, ailədə hamıya bu bayrağı qorumağı tapşırmışdı. Həmin bayraq indi də göz bəbəyi kimi qorunur.
    İgid döyüşçü müharibə zamanı qısa telefon söhbətlərində həmişə atasına deyirdi ki, narahat olma, xocalıların, digər şəhidlərimizin, viran qalmış bütün yurd yerlərimizin qisasını alırıq, gələndə hər şeyi danışacağam… Təəssüf ki, bu söhbətləri eləmək özünə qismət olmadı.
    Amma onun göstərdiyi şücaətlərdən komandirləri, döyüş yoldaşları danışırlar. Bu söhbətləri dinləyən ata qəddini düzəldir, başını dik tutur. Axı, indi onun sevimli Mirsədisi bütün xalqın, elin-obanın övladı, qürurumuz və fəxrimizdir.
    Mirsədi Bağırlı Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.
    Svetlana Bağırova

     

    Müəllif: Redaktor, 09:02

İsmarıclar bağlıdır.