Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20İyn

    Aysənan Abbasovun Seydimli kəndindəki evinə daxil olanda, sanki Vətən Müharibəsi muzeyinə düşürsən. Bütün divarlar başdan-başa Aysənanın və onun döyüş yoldaşlarının, ailə-nin tanıdığı və tanımadığı şəhidlərin şəkilləri, onlar haq-qında məlumatlarla bəzədilib.
    Elə Aysənanın ruhu da burada, valideynlərinin, etibarlı ömür-gün yoldaşının və iki balasının yanındadır. Ona görə də daim yuxularına girir.
    Anası Rəna xanım deyir ki, Aysənanın hərbiyə marağı uşaqlıqdan vardı. IX sinifdən sonra sənədlərini Cəmşid Naxçıvanski adına hərbi liseyə vermək istəyirdi, ancaq ayağında anadangəlmə problem olduğu üçün götürmədilər. Elə Ali Hərbi Məktəbə də bu səbəbdən qəbul ola bilmədi.
    Həqiqi hərbi xidmətini isə müvəffəqiyyətlə başa vurmuşdu. Bundan sonra bir müddət Moskvada yaşayıb. Qazancı yaxşı olsa da, vicdanı ona rahatlıq verməyib. Axı, Vətən torpaqları işğal altındaydı. O, yenidən Vətənə qayıdıb, müddətdən artıq hərbi qulluqçu kimi orduda xidmət edib.
    Aysənan Böyük Qələbəmizin müjdəçisi olan Aprel döyüşlərinin iştirakçısı olub.
    Lələ-Təpəyə bayraq taxılmasında onun da zəhməti var. Həm minatəmizləyən, həm də kəşfiyyatçıydı. İşinə böyük məsuliyyətlə yanaşırdı. Çox çətin tapşırıqların öhdəsindən başucalığı ilə gəlirdi.
    Müharibə başlayanda, evdəkilər gərgin olmuşdular. O isə sevinirdi. Bircə uşaqları qorumağı anasına tapşırırdı.
    Onun sorağı Ballı-Qayadan, Suqovuşandan, Gülüstandan, Talış kəndindən gəlirdi. Həmin vaxtlar ermənilər Seydimli kəndini də atəşə tuturdular. Amma bu vəziyyət ailədə heç kimi qorxutmurdu. Balaca Banu və Timur da deyirdilər ki, atamız irəlidədir, o, düşmənin cavabını verəcək.
    Bəli, ata Vətənimizi, torpaqlarımızı, ölkəmizdə yaşayan bütün körpələri qorudu, ancaq bu yolda canını qurban verdi. Deyirlər ki, o, beş ən ağır tapşırığı yerinə yetirib, sonuncu dəfə isə düşmənlə səngərdə qarşılaşıb və əlbəyaxa döyüşüb. Bu döyüşdə üç yara alıb və sentyabrın 30-da qəhrəmancasına şəhid olub.
    74 gün Rəna ana Aysənan deyib balasını axtarıb. Getmədiyi ünvan, xəbər almadığı insan qalmayıb. Nəhayət, Aysənan anasının yuxusuna girib və deyib ki, məni döyüş yoldaşım Soltandan soruş. Rəna ana Soltanla görüşəndən sonra oğlunun şəhid olduğunu öyrənib. Dekabrın 12-də səhər tezdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon bölməsindən gələn zəng həmin xəbəri təsdiqləyib.
    Ana deyir ki, o vaxtdan eyni zəng həmin saatda məni yuxudan qaldırır.
    Rəna ananın məsləhəti ilə Aysənanın həyat yoldaşı Təkminə hazırda tibb kollecində təhsil alır. Kənddə ona iş də verəcəklər. Təkminə, Banu və Timur dərdli ata-ananın, yeganə bacının təsəlli yeridir. Ancaq ən böyük təsəlliləri budur ki, Aysənanın və onun kimi onlarla Vətən oğlunun qanı töküldüyü torpaqlar indi azaddır. Orada böyük quruculuq işləri görülür. Bu torpaqlara ayaq basan şəhid övladları öz ataları ilə fəxr edəcəklər.
    Aysənan Abbasov 1992-ci il iyunun 29-da anadan olmuşdu, 2020-ci il dekabrın 12-də Seydimli kənd qəbiristanlığında dəfn olunub.
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

    Svetlana Bağırova

    Müəllif: Redaktor, 10:22

İsmarıclar bağlıdır.