Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30İyn

    Xalqa, Vətənə xidmət etmək üçün mütləq əlinə silah götürmək lazım deyil. Hər kəs öz sahəsində xalqına xidmət edir. Müharibə zamanı bu, daha aydın şəkildə özünü göstərirdi.
    44 günlük Vətən müharibəsində öz vətəndaşlıq borcunu şərəflə, vicdanla, böyük ruh yüksəkliyilə, Qələbəyə inamla yerinə yetirən tərtərlilərdən biri də Rüstəmov Vasif Bahadur oğludur.
    Vasif Rüstəmov 1960-cı il martın 7-də İsmayılbəyli kəndində anadan olub. Sevimli oğul, 3 bacının 1 qardaşı, 3 övlad atası, 4 nəvənin babası idi.
    Həyat yoldaşı, dil-ədəbiyyat müəllimi Sona Vəliyeva deyir ki, bəzən eşidirik ki, həyatda ideal insan olmur. Vasif isə hər cəhətdən idealıydı. Gözəl övlad, qayğıkeş ata, baba, qardaş, mehriban həyat yoldaşı idi. O, bir ailədən yox, eldən getdi. Çünki yalnız özümüz üçün yaşamırdı, tanıdığı və tanımadığı insanların köməyinə hamıdan birinci çatırdı. Xeyirxah, vicdanlı, eyni zamanda təvazökarıydı. Elədiklərini heç vaxt dilinə gətirməzdi.
    Vasif Rüstəmov Gəncədə inşaat texnikumunu bitirmişdi, amma ixtisası üzrə işləmirdi. Heydər Əliyev prospektində ərzaq mağazası vardı. Vətən müharibəsi günlərində gecə-gündüz atəşə tutulan şəhərimizin sakinləri, eləcə də hərbçilər üçün bu mağaza ümid yeriydi. Həmin günlərdə Vasif böyük təhlükə altında qazanc üçün deyil, insanlara kömək etməkdən ötrü işləyirdi. Pulu oldu, olmadı, hər kəs buradan istədiyi ərzağı ala bilirdi. Döyüşə gedən gənc əsgərləri ata kimi bağrına basıb, xeyir-dua ilə yola salırdı. Qələbə üçün yaman darıxırdı Vasif. Hər dəfə ailəsi ilə telefonla danışanda “lap az qalıb” deyirdi. Müharibə günlərində sığınacaqlarda qalan tərtərlilərə təmənnasız olaraq içməli su, ərzaq aparır, insanlarda ruh yüksəkliyi yaradırdı.
    Bacısı Ziyafət Rüstəmovanın dediklərindən:
    – Müharibə başlayanda, biz uşaqları aparıb qoyduq Qəbələyə, özümüz isə qayıtdıq rayonun Kəngərli kəndinə. Qardaşım ilk üç gün evindən heç yerə çıxmadı, şəhərdə qaldı. Sonra zəng elədik, yalvardıq ki, axşamlar gəlsin kəndə. Burada hamı onun xətrini çox istəyirdi. O, məni incitməsin deyə, axşamlar işdən çıxandan sonra gəlirdi, səhər tezdən saat 5-6-da isə çıxıb gedirdi. Mənə deyirdi ki, arxamca elə baxma, bilsən məni orada necə oğullar gözləyir, sən də mən keçirdiyim hissləri keçirərsən. Söyləyirdi ki, cavan, cüsəlli əsgərlər, zabitlər mağazaya gəlib, görüşür, döyüşə gedirlər. Deyirlər, əmi, indi eşidəcəksən cəbhədən necə yaxşı xəbərlər gələcək! Həqiqətən, qələbə xəbərləri gəlirdi, amma o cavanların əksəriyyəti geri dönmürdü, şəhid olurdular…
    Qardaşım deyirdi ki, mən onlara lazımam. Cəbhədə olmasam da, öz sahəmdə əlimdən gələn köməkliyi edirəm.
    O, bizə bacı yox, qardaş deyirdi. Həmişə söyləyirdi ki, mən tək deyiləm, üç qardaşım var. Biz də ona arxa, dayaq olmağa çalışırdıq. Ancaq həmin gün – oktyabrın 15-də bunu bacarmadıq. Təsəllimiz budur ki, əgər əvvəllər Vasif yalnız bizim qardaşımız idisə, indi bütöv bir xalqın övladı, qardaşıdır.
    Oktyabrın 15-də qızı Fidanın ad günüydü. Bu, Vasifin həyatındakı ən xoşbəxt tarixlərdən biriydi. Həmin gün Vasif Rüstəmovun şəhidliyə ucaldığı tarix oldu.
    Bacısı Ziyafət müəllim deyir ki, elə bil ürəyimə dammışdı. Həmin səhər onun şəhərə getməsini heç istəmirdim. Xahiş etdim, dedim ki, gəl Bakıya gedib, ad günündə Fidanı yoxlayaq. O isə cavabında bildirdi ki, sən özünü qoru, mənim alnıma nə yazılıbsa, onu da görəcəyik.
    O, yenə də öz alicənablığına sadiq qalaraq, göydən od töküldüyü bir vaxtda rəhmətə getmiş yaşlı qadının dəfn mərasimində işirak etmək üçün qəbiristanlığa gəlmişdi. Dəfn mərasimi başa çatmaq üzrəydi, ermənilərin atdığı bir mərmi lap yaxınlığa, Tərtər çayının yatağına düşdü. Dərhal uzaqlaşmaq olardı.
    Lakin heç kim tərpənmədi. Bir nəfəri dəfn edərkən dörd nəfər şəhid oldu, qalanları isə yaralandı.
    Oğlu Nicat deyir ki, mən atamla fəxr edirəm. O, yaxşılıq etdiyi insanların sözündə-söhbətində, qədirbilən xalqımızın yaddaşında əbədi yaşayacaq.
    Vasif Rüstəmov Tərtər şəhər qəbiristanlığında dəfn olunub.

    Müəllif: Redaktor, 10:21

İsmarıclar bağlıdır.