Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 07İyl

    Abbaslı Elnur Yaşar oğlu 1992-ci il iyulun 17-də Köçərli kəndində dünyaya göz açmışdı. 2009-cu ildə bu kənddə orta məktəbi bitirmiş, 2010-2012-ci illərdə Sərhəd Qoşunlarında həqiqi hərbi xidmətdə olmuşdu.
    2019-cu il avqust ayının 12-dən Elnur Abbaslı yenidən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında kiçik çavuş kimi xidmətə başlamışdı.
    Elnur iki övlad atasıydı. Ağahüseyn və Xanım atalı xoşbəxt günləri çox az yaşasalar da, bu gün nə onlar özləri, nə də ailədə heç kim uşaqları atasız bil-mir. Elnur elə bir zirvədədir ki, onun varlığı hər an hiss olunur.
    Atası Yaşar müəllim deyir ki, Elnur ailəsini çox sevirdi. Müharibə başlamazdan əvvəl məzuniyyətə çıxmışdı. Evlərindən bir az aralıda məhlə yeri götürüb, ev tikdirirdi. Məzuniyyət müddətində özü də ustalara kömək etmək istəyirdi.
    Dəfələrlə ata ona sual vermişdi ki, oğul, niyə bu qədər tələsirsən? Axı, ev-eşiyimiz də rahatdır, şükür, mehribançılığımıza da hamı həsəd aparır. Kaş bütün gəlinlər bizim Gülnar kimi ola.
    Tələsməyinin səbəbini Elnur özü yaxşı bilirdi, amma atasına bu barədə heç nə demirdi. O istəyirdi ki, özünün olduğu kimi, övladlarının da ata evi olsun, hara getsələr, bu evə ürəkli qayıtsınlar.
    Müharibənin başlaması ilə onun məzuniyyəti yarımçıq qaldı. Vətənini ailəsindən də çox sevən Elnur Abbaslı evinin tikintisini yarımçıq qoyub, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda mübarizəyə qoşuldu.
    Sonuncu görüşləri haqqında atası belə danışır:
    – İsti paltarlarını götürməyə gəlmişdi, anası da yoldaşlarına kənd sovqatlarından pay hazırlamışdı. Hər ikimizlə görü-şüb darvazadan çıxdı. Bir an dayanıb, geri döndü. Məni yenidən qucaqladı. Sonradan ba-şa düşdüm ki, halallaşmaq is-təyirmiş.
    Elnur Suqovuşanın azad edilməsi uğrunda döyüşlərdə iştirak etmiş, bu döyüşlərdə fərq-lənmişdir. Oktyabrın 3-də qalib bir əsgər kimi böyük fəxrlə evlərinə zəng vurub bildirmişdi ki, Suqovuşanı götürmüşük. Deyirdi, buralar çox gözəldir. Müharibə qurtarsın, hamınızı yığıb gətirəcəyəm, torpaqları-mızın gözəlliyini görəsiniz.
    Həmin gün axşam bacısı ilə də danışıb, uşaqları tapşırmışdı.
    Oktyabrın 4-ə keçən gecə cəbhədə qızğın döyüş gedirdi. Döyüşün səsi onların kəndində də eşidilirdi. Ata deyir ki, səhərə qədər yatmadıq. Atışmanın səsinə qulaq asıb, Allaha dua edirdik ki, salamatçılıq olsun.
    Səhər açılan kimi, o, Elnura zəng vurub, ancaq zəng çatmayıb. Bir neçə gün Elnurdan xəbər olmayıb. Sonra xəbər gəldi ki, yaralanıb, Bərdədədir.
    Yaşar müəllim deyir ki, biz Bərdəyə çatanda, artıq bütün kənd burada, xəstəxanadaydı. Ancaq oğlum yaralı deyildi, o, şəhid olmuşdu.
    Ermənilər onun idarə etdiyi maşını vurmuşdular, maşında tək imiş. O, oktyabrın 4-də şəhid olub, oktyabrın 8-də isə torpağa tapşırılıb. Köçərli kənd qəbiristanlığında dəfn edilib.
    Həyat yoldaşı Gülnar Abbaslı deyir ki, övladlarını onun arzuladığı kimi böyüdəcək. Onlar şəhid atalarının adına layiq olacaqlar.
    Hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Elnur Abbaslı ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

    Svetlana Bağırova

     

    Müəllif: Redaktor, 14:48

İsmarıclar bağlıdır.