Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20İyl

    ÖLÜMÜN BİR ADDIMLIĞINDA…

    Kamil Şirinov rayonumuzun Sarov kənd tam orta məktəbinin fiziki tərbiyə müəllimidir. Gənc müəllim Vətən müharibəsi iştirakçısıdır. Cəbhədə 44 günlük çətin və şərəfli yol keçib. 30 yaşını müharibə başlayan gün – sentyabrın 27-də əlində silah qeyd edib.
    Kamil Şirinov 1990-cı il sentyabrın 27-də Goranboy rayonunun Safıkürd kəndində anadan olub. Orta təhsilini Naftalan şəhərindəki 2 saylı tam orta məktəbdə alıb. Məktəbi 2009-cu ildə bitirib və elə həmin il Gəncə Dövlət Pedaqoji Universitetinə daxil olub, 2013-cü ildə Universiteti bədən tərbiyəsi və idman ixtisası üzrə bitirib.
    2013-cü ildə hərbi xidmətə çağırılıb və müddətli həqiqi hərbi xidmətini Naxçıvan Muxtar Respublikasında “N” saylı hərbi hissədə keçib. Manqa komandiri vəzifəsində çalışıb.
    2017-ci ildə müəllimlərin işə qəbulu üzrə imtahandan müvəffəqiyyətlə keçərək, Sarov kəndində əmək fəaliyyətinə başlayıb. Kamil müəllim həm də Naftalan şəhərində uşaq-gənclər məktəbində məşqci müəllim işləyir.
    Kamil müəllimin dediklərindən:
    – 2020-ci ilin Tovuz döyüşlərindən iki gün sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinə könüllü müraciət edib orduya getmək istədiyimi bildirdim. Qeydiyyata alındım və sentyabrın 21-də çağırıldım.
    – Həmin gün, sentyabrın 27-də Ordumuzda o qədər ruh yüksəkliyi vardı ki, ancaq irəli getmək istəyirdik, – deyə müəllim söhbətə başlayır. –Artilleriyanın, digər silah növlərinin səsi bir-birinə qarışmışdı. İlk dəfəydi ki, silah səslərinin insanlarda sevinc hissi yaratdığını görürdüm. Əlbəttə ki, müharibə yalnız ruh yüksəkliyindən ibarət deyildi. Biz şəhid verirdik, yaralılarımızı xilas etmək üçün özümüzü ölümə atırdıq.
    Kamil müəllim deyir ki, 44 gü-nün hər biri, hər saatı ömürlük onun yaddaşında yaşayacaq.
    Veterandan onu da öyrəndim ki, haqq uğrunda müharibə bütün insani hissləri daha da güclü edir. Yəni burada dostluğun, yoldaşlığın, Vətən sevgisinin ən uca məqamına çatırsan. Vətən, torpaq, xalqın firavanlığı yolunda canından keçməyə hazır olursan.
    Kamil müəllim ailənin yeganə övladıdır. Cəbhədə o, dəfələrlə ölümün bir addımlığında olub, sağ qaldığına özü də inana bilməyib.
    O, Talış yüksəkliyi, Suqovuşan uğrunda gedən döyüşlərin iştirakçısıdır.
    – 20 gün Qaranlıq meşədə olmuşuq, – deyir Kamil müəllim. – Sonra mövqelərimizi dəyişdik. Düşmən yerimizi öyrənib 4 gün dayanmadan bizi atəşə tutdu. minomyot mərmisinin biri başımızın üstündən keçib qarşımızdakı ağaca dəydi, mərminin qəlpəsindən yanımda dayanan yoldaşım İlham Hüseynov şəhid oldu. İndi də gözümü yumanda həmin səhnələr gözlərim qarşısından gəlib keçir. Müharibənin heç bir anı yaddan çıxmır.
    Gənc veteran danışır ki, bir yerdə Naxçıvanda qulluq etdiyi dostu, qusarlı mayor Sənan Zama-novun il mərasiminə getmişdi. Orada öyrənib ki, Sənan Zamanovla bir istiqamətdə vuruşublar, aralarında lap az məsafə olub, lakin bir-birlərindən xəbər tutmayıblar. Ümumiyyətlə dost, yoldaş itkisi çox ağır olur, 44 gün ərzində bunları onlar yaşayıblar. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun, xalqın birliyi, hərbçilərimizin qəhrəmanlığı sayəsində torpaqlarımızın işğalına son qoyuldu, Zəfər qazanıldı.
    Bu Böyük Qələbədə hər bir müharibə iştirakçısının, o cümlədən döyüşən müəllimlərimizin öz payı var.

    Müəllif: Redaktor, 10:21

İsmarıclar bağlıdır.