Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 31Avq

    Müharibə bitdi, amma erməni xisləti bitmək bilmir

    Hikmət Abdullayev tay-tuşları, dost-tanışları arasında sayılıb-seçilən oğlanlardandır. Doğma Tərtərimizin mərd, vətənpərvər gənclərindəndir. Taleyin yazısında onun da qismətində qazi olmaq varmış. 44 günlük Vətən müharibəsində ölümdən dönənlərdəndir. Müharibədə lazımınca döyüşüb, Qələbəni sağ-salamat qarşılamışdı. Lakin…
    Hikmət 2 saylı məktəb-liseyin 9-cu sinfini bitirdikdən sonra Mingəçevir şəhərindəki Turizm kollecinin “mehmanxana, turizm, kurort komplekslərində iaşə və servis” fakültəsinə qəbul olmuşdu. Əsgərlik müddəti çatdığı üçün təhsilini yarımçıq qoyub həqiqi hərbi xidmətə yollanmalı olub. 2019-cu ildən 2020-ci ilin iyun ayınadək Astara rayonunda hərbi xidmətini çəkib. Sərhəd qoşunlarında xidməti borcunu yerinə yetirib. Müddətli xidməti borcunu yerinə yetirdikdən sonra müddətdən artıq xidmətə yazılıb. Hərbi sirrin incəliklərini öyrənmək üçün həm respublikamızda, həm də qardaş Türkiyədə kəşfiyyatçı kursları keçib. Bu kurslar onun hərbiyə olan marağını xeyli artırmışdı. Ağdam, Mingəçevir və Goranboy rayonlarında xidmətini davam etdirirdi.
    27 sentyabr 2020-ci ildə o, Ağdam rayonu istiqamətindən döyüşə qatılmışdı. Bir həftədən sonra xidmət yerini dəyişdiyi üçün Ağdərə, Suqovuşan və Füzuli istiqamətlərində kəşfiyyatçı kimi mübarizə aparıb. 44 günlük Vətən müharibəsinin od-alovundan salamat çıxanlardan olub. Xidmətini davam etdirib.
    2021-ci il noyabr ayının 16-da döyüşçülərimiz Laçın istiqamətində erməni təxribatı ilə qarşılaşdılar. Postda dayanan 2 qrup və əlavə 7 nəfər minomyot atəşinə tuş olublar. Burada bir neçə nəfər şəhid olub, qalanları isə ağır yaralanıb. Yaralananlar arasında gənc həmyerlimiz Hikmət də olub. O, sağ əlindən və sol ayağından dizdən aşağı ağır yara alır. Bu yara ilə 7 aydan çox müalicə götürməli olub. Onunla söhbətimizdə heyfslənərək danışırdı: “ Kaş ki, belə yaralanmayaydım, çünki iş fəaliyyətim məhdudlaşıb. Ayağımın şah damarı, vətəri, hüceyrəsi, diz qapağı yoxdur. Hərbçi olmaq arzum idi. Lakin bu zədələr mənə mane olur. Ürəyimdən işləmək keçir, amma alınmır. Kaş ki, belə olmayaydı”.
    Hikmətlə söhbətimizi yekunlaşdırıb, düşünürəm: Vətən yolunda ölüm də var, yaralanmaq da. Hər ikisi şərəfdir. Minlərlə oğullarımız bu şərəfli adın daşıyıcısıdırlar. Qarabağ müharibəsi veteranı və qazi adı daşıyırlar. Allah yardımçınız olsun, qazi oğullar.

    Elfuzə Vəliyeva

     

    Müəllif: Redaktor, 08:36

İsmarıclar bağlıdır.