Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 09Sen

    ƏZİLƏN VƏ SEVİLƏN ŞAİR

    Diqqət eylə, yaxşı tanı, gör necə bəşər mənəm,
    Ələsgərdən dərs almışam, sinəsi dəftər mənəm.

    Borsunlu Məzahir Daşqın yaradıcılığı ilə yaxından tanış olan hər bir kəs şairi bu iddiada haqlı sayır.
    Mükəmməl şeir sənətkarı olan şair rəvan təbiylə, inci tək düzdüyü misraların sığalıyla, hər mövzuya uyğun ifadə seçimiylə, hikmətli ustad tövsiyəli deyimləriylə xalqın qəlbində silinməz xatirəyə dönüb, ruhlara hopmuşdur.
    Şairin yaradıcılığı yalnız Vətən və məhəbbət şeirləriylə kifayətlənmir. Yaşadığı dövrdə baş verən hər bir hadisəni – müharibəni, kəskin repressiyaları, ədalətsiz qanunları tarixə çevirməyi özünə vətəndaşlıq borcu bilən Məzahir Daşqın şeirlərinin çoxunda gileyi, narazılığı xüsusi olaraq fələyin hökmü ilə bağlayır.
    Deyim tərzindən aydın görünür ki, taleyinə məşəqqətli illər yazılan şairin gəncliyi istedadların və vətənpərvərlərin “xalq düşməni” kimi ağır ittihamla ləkələnməsini, sonralar həyatı boyunca bu təqiblərin müxtəlif variantlarla davam etdirilməsindən yorularaq zalımların, qəddarların, repressiya cəlladlarının surətini “Fələk” obrazında göstərmişdir.
    Bütün bunlara baxmayaraq ümidini itirməyən, əzmini yumşaltmayan, ilhamın küsdü-rülməsinə yol verməyən şair Vətən həsrətli şeirlərini elə təsirli yazmışdır ki, bu şeirlər yalnız aşıqların, xanəndələrin deyil, xalqın da dilinin əzbərinə dönmüşdür.
    Bizlərə məlumdur ki, Məzahir Daşqın qürbətdə xeyli illər yaşamış, Böyük Vətən müharibəsinin əsgəri olmuş, əsirlik və məhbus əzabı görmüşdür. Şairi daxilən tanımaq üçün qürbətdən yazdığı bir neçə şeirdən misraları nümunə gətirmək kifayət edər.

    Baxmaqdan gözlərim Vətənə sarı
    Qarası əridi, ağları qaldı.
    Bir şeirində isə şair deyir:
    Axsa da gözümdən hicran yaşları,
    Qürbət dəsmalıyla silməyəcəm mən.

    Bu da ayrılıq sıxıntısı çəkən şairin nigaran qəlbinin üzüntüsünün sözlə ifadəsidir.
    Daha bir şeirində – Aşıq Hüseyn Cavanla qarşılıqlı deyişmədə, şair o məkanda qalması təklifinə cavabı bu bəndlə tamamlayıb, fikrini qəti olaraq bildirir:

    Sənin bu sözlərin əbəsdir məncə,
    Qəriblik insanı qısıldar küncə.
    Yolumu gözləyir Vətənim Gəncə,
    Daşqın gedərgidi, qalmaz
    bu yerdə.

    Dövrün təbii çətinlikləri, ağrı-acıları ilə yanaşı süni əngəllərin də tüğyan elədiyi vaxtda Daşqın həm də bir ziyalı olaraq biganəliyin, nadanlığın da dözülməz hal olmasından təəssüflənərək söyləyir:

    Mən bir narazı bazardayam ,
    Qiymətimi bilən yoxdu.

    Beləliklə də Daşqın bu təbəqədən olanlara haqqı-nahaqqı, yaxşıyla pisi, dostla düşməni ayıra bilməyi tövsiyə edir.
    Təbii ki, şairi duyanların da çoxu bilərəkdən ona yad baxırdı ki, bu da mövcud rejimin yaratdığı xofların, qorxuların nəticəsi idi. Dəyişməz mövqeyi, qırılmaz iradəsi, dönməz əqidəsi ilə həyatı boyunca çox sərt təzyiqləri, təsirləri aciz qoyan şairin aşağıdakı misralarla bitən şeiri uzun illər ötsə də dəyərini, qüdrətini saxlamaqdadır:

    Mən Daşqınam, nə qədər ki haqsızlıq var,
    Məhkumluq var, mən varam.

    Zülmə qarşı üsyankaram,
    Əzilsəm də susmaram.

    Bir neçə cəsarətli və haqsevər dostlarının sayəsində repressiya dəyirmanından xilas olan şair aşağıdakı misralarla öz könlünə təmkin və təsəlli verirdi:

    Könül, axtarırsan dosta can qıyan,
    Taparsan Qazaxda, bir Qarabağda.

    Yazdığı şeirlərin ölməzliyinə əmin olan şair söyləyirdi:

    Daşqın yaradandı, yaşayar, ölməz.

    Ölsə də şeriylə qalarsan, dünya.

    Onun bu misraları ilk baxışda təvazökarlıqdan kənar görünsə də əslində bir səmimi reallıqdır.
    Qüdrətinin çəkisini, ilhamının kəsərini İlahi nemət kimi qəbul edən şair deyirdi:

    Daşqın, oxu nəğmələri, qoy ellər assın qulaq,

    Təbiətin töhfəsidir sinəndən axan bulaq.

    Yaxşı otur, təmiz dolan, beş gün gəlmisən qonaq,

    El dilindən rəhmət almaq səadətdir dünyada.
    Mən inanıram ki, mükəmməl qoşmaları, gəraylıları, divaniləri, müxəmməsləri, eləcə də başqa janrda yaratdığı irs Məzahir Daşqının yaradıcı aşıq kimi klassiklər sırasına qatılmasına zəmanət ola biləcəkdir.

    Yaranmışın bir gün dünyadan köçəcəyi hər kəsə bəllidir:

    Bir gün eşidərsiz Məzahir Daşqın

    Bu fani dünyadan köçdü deyirlər,

    söyləmişdir şair.
    Bəli, Məzahir Daşqın bu dünyadan köçdü. Amma yoxluğa deyil, unudulanlar məkanına deyil, mənəviyyat səltənəti olan sözün əbədiyyət mənzilinə, onu yaşadacaqlarına ümid bəslədiyi ellərin qəlbinə, xatirə yaddaşlarına köçdü Məzahir Daşqın.

    Talıb Məmmədli,
    İrəvanlı kəndi

    Müəllif: Redaktor, 09:01

İsmarıclar bağlıdır.