Laçın şəhərinin ermənilərdən təmizlənməsi təkcə laçınlıları deyil, bütün Azərbaycan xalqını ürəkdən sevindirdi. Möhtərəm Prezidentimiz İlham Əliyevin bu münasibətlə xalqımızı təbrik etməsi hər bir ailədə toy-bayram kimi qarşılandı.
Belə ailələrdən biri də Laçın şəhərinin sakini Ayaz Həsənovun ailəsidir. Onlar Laçından çıxanda iki körpə uşaqları vardı. Biri 8 aylığında, biri iki yaşında. Ev tikdirib payızda köçmüşdülər. Evin xanımı yeni ocaqlarını minbir həvəslə, zövqlə bəzəmişdi. Ayaz müəllim özü Şuşada Kənd Təsərrüfatı texnikumunu bitirmişdi, yaxşı iş-gücü vardı. Həyat yoldaşı Gülgəz xanım isə xalçaçılıq sexində işləyirdi, toxuduğu xalçalar təkcə laçınlıları deyil, Bakıdan gələn qonaqları da heyran edirdi.
Payızda evlərinə köçmüşdülər, yazda illərlə halal zəhmətlərilə qurub-yaratdıqları hər şeyi qoyub, hərəsi uşağın birini qucağına alıb, qapıdan çıxdılar.
Düz 30 il gözləri yolda, qulaqları səsdə qaldı. Nəhayət, bu il avqust ayının 26-da yuxuları çin oldu, Vətənə qayıdacaqları barədə xəbəri eşitdilər.
Gülgəz ana deyir:
– Prezidentimiz bizə dünyanın ən böyük sevincini bəxş etdi. Ona cansağlığı, uzun ömür arzulayırıq. Bilirik ki, mənfur ermənilər doğma şəhərimizi, ev-eşiklərimizi viran qoyublar. Ancaq dövlətimizin köməyilə şəhərimiz əvvəlkindən də yaxşı olacaq. Biz də bu işlərdə yaxından iştirak edəcəyik.
Böyüklü-kiçikli Laçın şəhərinin sakinləri bir zamanlar göz yaşları içində gəldikləri o yolu gülə-gülə, sevinə-sevinə gedəcəkləri günü gözləyirlər.
Svetlana Bağırova