Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 09Sen

    Dövlət Qaçqınkomun Tərtər rayonu üzrə baş məsləhətçisi Möhlət Nəzərovun verdiyi məlumata görə, hal-hazırda rayonumuzda Laçından olan 416 ailə, 1570 nəfər məskunlaşıb. Bunlardan 5 ailə, 20 nəfər Zabuxdan, 24 ailə, 78 nəfər Laçın şəhərinin özündəndir.

    Növbəti ad gününü Zabuxda qeyd edəcəklər

    Zabuxdan olan Əlövsət Əliyevin ailəsindəyik. Laçından didərgin düşəndən sonra onlar çox ünvan dəyişiblər. Əvvəl Cəbrayılda, sonra Bakıda, rayonumuzun Çaylı kəndində məskunlaşıblar. Nəhayət, yaşamaq üçün Evoğlu kəndini seçiblər. Bu kənddə xoş münasibət görüblər, dolanışıqları da pis olmayıb. Ancaq uzun illər ərzində heç vaxt buranı daimi yaşayış yeri hesab etməyiblər. Fikirləri, arzuları daim qoyub gəldikləri yerlərdə olub.
    Bu barədə bizə ailənin ağsaqqalı Əlövsət kişi danışdı.
    Dağ kimi vüqarlı, həyatın bütün çətinliklərinə səbrlə dözən, böyük bir ailənin qayğısını çəkən Əlövsət kişi Zabuxdan danışanda, göz yaşlarını saxlaya bilmədi. Ayağa qalxıb, bir az aralaşdı. Sonra yenidən qayıdıb, söhbətini davam etdirdi:
    – Zabuxdan çıxanda 35 yaşım vardı. Üç övlad atasıydım. Özümüzə təzə ev tikdirmişdik. Gələndə, ata-anamla gəlmişdik.Yaşlı adamlara yurd həsrətinə dözmək daha çətindir. Onlar da dözə bilmədilər. Vətəni görməyib dünyalarını dəyişdilər. Bərdə rayonunda dəfn eləmişik.
    Əlövsət kişi deyir ki, o özü doğma yerlərinə qayıdacağına inanıb. Çünki bizim İlham Əliyev kimi Ali Baş Komandanımız, güclü, xalqını düşünən Prezidentimiz var.
    Söhbətimizə Büşarət ana da qoşuldu. O dedi:
    – 44 günlük Vətən müharibəsindən sonra Vətənimizə qayıdacağımıza ümidlərimiz daha da artdı. Allah torpaq, Vətən uğrunda canlarından keçən bütün şəhidlərimizə rəhmət eləsin! Şəhid analarının qarşısında baş əyir, qazilərimizə cansağlığı arzulayırıq.
    Nəvələrdən 10 yaşlı Mədinə isə dedi:
    – Hər dəfə mənim ad günüm olanda babam söz verirdi ki, növbəti ad günümü doğma Zabux kəndində qarşılayacağıq. Artıq onun bu vədi gerçək olacaq. Hamımız çox sevinirik.
    Əlövsət kişinin övladları Namiq, İntiqam, Səbinə o yerlərdən çıxanda, məktəbliydilər. İndi hər birinin öz ailəsi var. Deyirlər ki, qayıdıb o yerlərin abadlaşdırılmasında böyük həvəslə iştirak edəcəklər.
    Bu ailədən ayrılarkən söz verdilər ki, bizim üçün belə bir çay süfrəsini, inşaallah, Zabuxda açacaqlar. “Amin” deyib növbəti laçınlı ailəsi ilə görüşə getdik.

    Müəllif: Redaktor, 09:43

İsmarıclar bağlıdır.