Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30Sen

    HÖRMƏT QAZANMIŞ TİBB BACISI

    Ahıl yaşda olan bir ana tanıyıram, camaat arasında xətir-hörməti olan qay-ğıkeş bir anadır. Bu qadın çoxlarımızın sayğı göstərdiyimiz, 46 il uşaq xəstəxanasında tibb bacısı işləyən Raya Məmmədovadır. Onunla evində görüşdüm. Xeyli söhbətimiz oldu.
    Öyrəndim ki, Raya Məmmədova 1949-cu ildə rayonumuzun Bayandurlu kəndində doğulub. Ailədə hamının sevimlisi olub. Elə iş yerində də, camaat arasında da daim məhəbbətlə qarşılanıb. 1964-cü ildə Ağdaş rayonunda tibb texnikumuna daxil olub və 1968-ci ildə oranı bitirərək rayon uşaq xəstəxanasında fəaliyyətə başlayıb. Raya xanım ilk iş gününü xatırlayaraq dedi:
    –Mən ilk gündən hamının sevimlisi olan həkim Cavahir Musayeva, təcrübəli tibb bacısı Rima Xanbutayeva ilə işlədim, həmişə onların təcrübəsindən bəhrələndim. Az vaxtda onlardan tibb peşəsinin incəliklərinə yiyələndim. Sonralar özüm də onlarla tibb bacısının təcrübə toplamasına kömək etdim. 2014-cü ilin aprelində təqaüdə çıxdım. Bu illər ərzində uşaq xəstəxanasının baş həkimləri Zahid Kərimov, Ramiz Mehdiyev, Hicran Rəhimli ilə çiyin-çiyinə işlədim. İş qabiliyyətimə, yoldaşlığıma görə heç zaman narazılıq eşitmədim.Məni təqaüdə də təmtəraqla, hədiyyələrlə yola saldılar. Bütün bunlar mənə qoyulan hörmətin nəticəsi idi. Camaatın razılığı da təmənnasız xidmətimin bəhrəsidir. Peşə attestasiyasından isə həmişə uğurla çıxmışam. Hətta bir neçə çağırış yerli şəhər sovetinə deputat seçilmişəm. Şəhərin mərkəzində asılmış “Şərəf” lövhəsində 10 ildən artıq şəklim asılıb. Bütün bunlar sənətimə vurğunluğumdan irəli gəlirdi.
    Heç olubmu ki, həkim gələnə kimi xəstəyə yardım göstərmiş olasınız?– deyə soruşdum.
    –Əlbəttə, olub. Birinci Qarabağ müharbəsinin dəhşətli günlərindən biri idi. Həkim ərazidə xəstə üstə getmişdi. Rayon icra hakimiyyətinin o zamankı başçısı qaçqın düşmüş kəlbəcərli ailəni–7 nəfəri gətirib dedi ki, bunları yerləşdirib yardım göstərin. Şaxtadan soyuqlamış insanlar ağır vəziyyətdəydilər. İş təcrübəmə arxalanaraq, ilk yardım göstərdim, isti yemək gətirdib yedirtdim, həkim gəlib çatanda işimə görə razılıq edərək: –“Sən bizim arxayın olduğumuz köməkçimizsən”- dedi. Açığını deyim ki, mən xəstəyə yardım edəndə, sistem köçürəndə təmənna güdməmişəm, onu vəzifə borcum olaraq etmişəm. Çox şükür, etdiyimdən peşimançılığım olmayıb.
    Raya xanım ailəsi haqqında da danışdı:
    – 1971-ci ildə Elbrus Salmanovla ailə qurduq. Bu evlilikdən 4 övladımız – 2 oğlan, 2 qızımız oldu. Onları da tərbiyəli, zəhmətkeş böyütdük. Hazırda 8 nəvəm, 4 nəticəm var. Heç birindən narazı deyiləm.
    Raya ana bu gün qayğı ilə əhatə olunmuş ahıllarımızdandır. Oğul, gəlin, nəvə ilə birlikdə yaşayır. Son günlərdə də çox sevinir. 1 saylı tam orta məktəbin rus bölməsində oxuyan nəvəsi Gülnar Salmanova Pedaqoji Universitetin kimya-biologiya fakültəsinə qəbul olub.
    Söhbətimizin sonunda onu da bildirdi ki, işlədiyi müddətdə rayon qəzetində dəfələrlə valideynlərin, hətta həkimlərin onunla bağlı minnətdarlıq məktubları dərc olunub. Buna görə də bütün mətbuat iş-çilərinə öz minnətdarlığını bildirir. Bu gün biz də bu xeyirxah anaya, səmimi və mehriban insana daim var olmasını arzulayırıq.

    Elfuzə Vəliyeva

    Müəllif: Redaktor, 08:52

İsmarıclar bağlıdır.