Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30Sen

    “Gərək nəbzin Vətənin nəbzi ilə vursun,” – demişdi Ulu Öndər Heydər Əliyev. Vətən müharibəsi dövründə biz bunun canlı şahidi olduq. Poladlı kəndinin sakini, iki şəhid atası Asif Abbasov deyir ki, biz bu müharibədə Ali Baş Komandan, möhtərəm Prezidentimiz İlham Əliyevin, Ordumuzun və xalqın sarsılmaz birliyini gördük. Həqiqətən də, hər kəsin nəbzi Vətənin nəbzi ilə vururdu.
    Ata danışır ki, hərbi maşınlar gəlib keçəndə, kənddə hər kəs əsgərlərimizə sovqat verməyə çalışırdı. Ən əsası isə insanlarda o qədər böyük ruh yüksəkliyi vardı ki, qocadan cavana qədər hamı bu igidlərə qoşulub ermənilərə qarşı vuruşmaq istəyirdi.
    Yenə də Ulu Öndərin sözləri ilə desək: “Vətənpərvərlik insanın daxili duyğularıdır”. Müharibə bu duyğuları daha da alovlandırmışdı.
    Asif kişinin iki övladı – yüksək mənəviyyatları ilə seçilən Xaliq və Elşən müharibənin ilk günündən ordumuza əllərindən gələn köməyi göstərirdilər. Onları nə göydən dayanmadan yağan mərmilər, nə də valideynlərinin “özünüzü qoruyun!” sözləri saxlaya bilirdi.
    Elə müharibənin ilk günündə – sentyabrın 27-də onlar şəhidlərimizin qarşılanıb, dini adətlərimizə uyğun ailələrinə yola salınmasında yaxından iştirak ediblər.
    Sabahsı gün, sentyabrın 28-də Orduya ərzaq yardımı aparmaq məqsədi ilə Suqovuşandakı hərbi hissələrin birində olublar. Qayıdarkən Şıxarx qəsəbəsində düşmənin güclü artilleriya hücumu başlayıb. Qardaşlar bu bəladan uzaqlaşa bilərdilər. Lakin yaxınlıqda bir polis nəfərinin yaralandığını görüb, onun köməyinə tələsiblər.
    Bu, Xaliq və Elşənin qısa həyatlarındakı son xeyirxahlığı olub.
    Anası deyir ki, Xaliq Kərbəlaya gedib gəlmişdi, olduqca vətənpərvər, ürəkli, qorxmaz oğlanıydı.
    Elşən musiqini çox sevirdi, musiqi məktəbini bitirmişdi. Gözəl qarmon çalır, meyxana söyləyirdi.
    Hər ikisi ruzili uşaqlardı. Qazanclarını paylaşmağı, ehtiyacı olana kömək etməyi xoşlayırdılar.
    Ailəliydilər. Xaliqin iki qızı, Elşənin isə iki oğlu yadigar qalıb.
    Xaliq Abbasov 1981-ci il iyulun 24-də, qardaşı Elşən isə 5 oktyabr 1987-ci ildə rayonumuzun Poladlı kəndində ana-dan olublar. Hər ikisi Poladlı kənd qəbiristanlığında dəfn edilib.
    Oxuduqları məktəbdə onların adını daşıyan siniflər var. Dostlarının, həmkəndlilərinin yaddaşında məna dolu sözləri söhbətləri, xeyirxah əməlləri yaşayır. Övladları böyüdükcə, arzuları göyərir, pöhrələyir. Vətən torpağı laləzara döndükcə, cənnətdən boylanan ruhları rahatlıq tapır.

     

    Müəllif: Redaktor, 10:47

İsmarıclar bağlıdır.