Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30Sen

    O insanların ömrü uzun olmadı, amma onlar əbədiyyətə qovuşdu və onlar öz adlarını Azərbaycan xalqının şanlı tarixinə əbədi yazdırdı.
                                                                                             İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti

    QƏLƏBƏYƏ 2-3 SAAT QALMIŞ ŞƏHİD OLDU

    Cahangir Surxayzadə 1996-cı il iyulun 9-da rayonumuzun Qaynaq kəndində doğulmuşdu. Ailədə iki qardaş idilər. Böyüyü Babək, kiçiyi isə Cahangir idi.
    2016-ci ildə əsgəri borcunu layiqincə yerinə yetirən Cahangir elə o vaxtdan müddətdən artıq hərbi qulluqçu kimi yenidən orduya qayıtmışdı. DİN-in Daxili Qoşunlarında xidmət edirdi. 4 il müddətində fiziki hazırlığını, biliyini artıraraq, peşəkar hərbçi kimi püxtələşmişdi.
    Cahangir müharibənin ilk günündən döyüşlərə qatılıb. Müzəffər Ordumuzun tərkibində sürətlə irəliləyərək, torpaqlarımızın işğaldan azad olunmasında yaxından iştirak edib. Onun sorağı Füzulidən, Cəbrayıldan, Qubadlıdan, Daşaltıdan gəlirdi. Hər telefon zəngi ilə sanki ailəsinə dünyanı bağışlayırdı: o qədər sevinclə, fəxrlə danışırdı ki!
    O, kiçik dəstələrlə düşmənin arxasına keçib lazımi məlumatları gətirir, mühasirədə qalan yoldaşlarının xilas edilməsində, yaralı və şəhidlərin döyüş meydanından çıxarılmasında şücaət göstərirdi. Dağlıq ərazilərin relyefinə tez uyğunlaşırdı. Sanki elə bu yerlərdə doğulmuşdu. Bununla bağlı ona sual veriləndə deyirdi: “Bura Vətəndir! Nə olsun ki, indiyə kimi bu yerləri görməmişik. Doğma torpağımızın hər daşı, hər ağacı döyüş tapşırığının yerinə yetirilməsində bizə kömək edir”.
    Gələcəklə bağlı çoxlu arzuları vardı Cahangirin…
    Son tapşırığını Daşaltıdan keçəndən sonra, Şuşanın girəcəyində almışdı. Getməmişdən əvvəl anasına zəng vurub tələsik demişdi: “Lap az qalıb, ana! Tezliklə görüşəcəyik!” Bundan artıq heç nə deyə bilməzdi. Ailədə hamı qələbə ümidi ilə yaşayırdı. Qələbə isə lap yaxındaydı. Onu yaxınlaşdıranlardan biri də cəsur döyüşçü Cahangir Surxayzadə oldu.
    Özü isə bu qələbəni görə bilmədi. 2-3 saat əvvəl düşmənlə əlbəyaxa döyüşdə şəhidlik zirvəsinə ucaldı.
    Hadisə noyabrın 9-da olmuşdu, noyabrın 10-da isə doğmaları, kənd camaatı, rayon ictimaiyyəti, döyüş yoldaşları böyük izdihamla onu son mənzilə yola saldılar.
    Bu gün Hətəm kişinin ailəsində oğlu Babəkin iki övladı böyüyür. Cahangirin anası İltifat xanım deyir ki, Fatimənin adını Cahangir özü qoyub. Uşaq doğulanda ermənilər Bərdəni güclü raket atəşinə tuturdular. Onlar isə burada doğum evindəydilər. Elə bu vaxt Cahangir zəng elədi, dedi narahat olmayın, ermənilər bu hərəkətlərinə görə cavablarını alacaqlar. Bir də dedi ki, valideynləri istəsələr, qızın adını Fatimə qoysunlar. Bu ada layiq qız böyüsün.
    Babəkin oğluna isə Cahangirin adını qoyublar. Balaca Cahangir əmisinin həyata keçməyən arzularını yerinə yetirəcək.
    Cahangir Surxayzadə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

     

    Müəllif: Redaktor, 11:07

İsmarıclar bağlıdır.