Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 31Okt

    Bütün həyatı boyu narahat ömür yaşasa da, gəncliyinin ən gozəl çağlarını sürgünlərdə, əsir düşərgələrində keçirsə də, bu didərgin şairin də doğulub boya–başa çatdığı eli–obası, daima onu öz qucağına səsləyən yurd-yuvası olub. O yurd qocaman Tərtər çayının zümzüməsini hər an eşidən, onun büllur kimi saf və təmiz suyundan cənnətə dönən Tərtər rayonunun Borsunlu kəndidir. Məzahir hələ kiçik yaşlarından el sənətkarlarının sözlərini, ustad sənətkarların qoşduqları nəğmələri məharətlə ifa edir və kəndin savadlı, xalq yaradıcılığını gözəl bilən insanların diqqətini cəlb edərdi. Bütün bunlar onun yazmaq, yaratmaq eşqini həvəsini artı-rardı. Hətta onun istedadı xal-qımızın əvəzolunmaz şairi Səməd Vurğunun da diqqətindən kənarda qalmamış və ömrünün sonuna qədər şair ona oz köməyini əsirgəməmişdi. Hətta S.Vurğun dostu A.Fadeyevlə birgə Daşqının dalınca Sibirə dedib çıxmışdır. Bu da şairin Daşqına verdiyi ən böyük qiymət və onun istedadına inamından irəli gəlirdi.
    Ömrü boyu dinclik, rahatlıq, azadlıq və həqiqət axtaran şair çox kəşməkeşli və haqsızlıqlarla dolu bir ömür yaşamışdır. Bütün bunlara baxmayaraq şair gələcək nəsillərə xalq yaradıcılığından qaynaqlanan bir əbədi irs qoyub getmişdi. Şairin hələ də xalq içərisində ağızdan-ağıza yayılan və yazıya alınmayan düzüb qoşduqları toplanmasa da, əlimizdə kifayət qədər yaradıcılıq nümunələri var. Bu da şairin yaradıcılığı haqqında ətraflı danışmağa imkan verir. Onun aşıq şeirinin qoşma, gəraylı, təcnis, divani və s. janrlarında yazdığı əsərləri diqqəti daha çox cəlb edir. Şairin dili çox sadə, anlaşıqlıdır. Odur ki, əsərləri tez yadda qalır, çünki əsl xalqın başa düşəcəyi bir dildə yazılıb. Mövzu baxımından da Daşqın yaradıcılığında rəngarənglik çox güclüdür. Bu da şairin zəngin istedada və geniş dünyagörüşə malik olmasından irəli gəlir. Onun hansı mövzuda, hansı janrda yazmasından asılı olmayaraq bütün əsərlərində şairin ürək çırpıntılarını hiss edirik. Onun Vətəni, eyni zamanda vətənimizin gözəlliklərini tərənnüm edən əsərləri diqqəti daha çox cəlb edir. Azərbaycanımızın dağı-aranı, kəndi-şəhəri, çayı-gölü öz bədii ifadəsini Daşqın yaradıcılığında çox gözəl tapmışdır. Bu da diyarşünaslıq baxımından daha geniş məlumatlar əldə etməyə imkan verir. Yəni diyarşünaslıq hər hansı bir müəyyən ərazinin hərtərəfli öyrənilməsidir və hər bir elmi əsasda öyrənmənin obyekti olur. Kəndin, şəhərin, dağın, meşənin və s. təbiəti, yaxud tarixi, ədəbi-mədəni sərvətləri oyrənmə obyekti ola bilər. Məsələn, Daşqının yazmış olduğu ”Göygöl” və ”Göygölə gəl, Göygölə” şeirlərində Göygölün yaranma tarixi öyrənmə obyektidir.
    Uzaq keçmişlərdən qalmış asarsan.
    Dəhşətli tufandan bir yadigarsan.
    Söylə ,kimə vurğun, de kimə yarsan?
    Ağsu pərisinin anası Göygöl (1,54).

    Bu bəndin birinci sətrində “Uzaq keçmişlərdən qalmış asarsan” deyən şair Göygölün keçmişdən bizə gəlib çıxan bir abidə olduğuna işarə edir. İkinci sətrində isə gölün hansı təbiət hadisəsindən yarandığına toxunur. Ağsu çayı haqqında yaranmış əfsanə və rəvayətləri vurğulayır. Bu da şairin toxunduğu mövzuya (yəni Göygölə) aid bilikləri genişləndirir. Gölün təkcə bizim diyara aid olduğunu təsdiqləyir.
    Göygölə çoxlu şeirlər həsr olunub. Amma Daşqın Göygölün heç kimin görüb duya bilmədikləri incəliklərini belə təsvir edə bilmişdir. Məsələn “Göygölə gəl, Göygölə” gəraylısında olduğu kimi, burada əsas obyekt təbiət gözəllikləridir.

    Təbiətin qüdrəti,
    Yaradıbdır cənnəti.
    Görməyə bu hikməti
    Hacıkənddən aş belə,
    Göygölə gəl, Göygölə.

    Kəpəz dinməyir, baxır,
    Hərdən şimşək, nur çaxır.
    Büllur bulaqlar axır,
    Hey qarışır sel-selə,
    Göygölə gəl,Göygölə (1, 24).
    Şairin gözlərimiz qarşısında canlandırdığı bu lövhə diyarşünaslıqla zəngin olan yurdumuzun bir parçasıdır.
    Ölkəmizin ərazisindən axan İncə, Ağsu, Kür, Araz və Kürəkçay çayları Daşqının əsərlərində geniş tərənnüm olunmuşdur. Məsələn, Daşqının Aşıq Hüseyn Cavanla deyişməsində İncə çayı haqqında deyılir:

    İncə çayın şəlaləsi,
    Sanki bir ana laylası.
    Durur Kürdüstan qalası
    Bu dağlarda, bu dağlarda (1, 21).

    Ömrünün çoxu sürgünlərdə, əsir düşərgələrində keçən Daşqın el-obasının bir çınqıl daşını da unutmur. “Ölkəmin” şeirində vətənimizin şah damarı sayılan Kür, Araz çayları ilə yanaşı müəllif təbiət gözəllikləni də tərənnüm etmiş, diyarımıza olan arzu və sevgisini belə düzüb qoşmuşdur. Dağlarında maral gəzər, meşələrdə cüyürü,
    Qara gözlü ceyranları düzlərdə sürü-sürü.
    Şair könül unudarmı daşqın Arazı, Kürü?
    Səhralara zinət verir çaylaqları ölkəmin(1, 136).
    Çünki şairin söz qoşduğu bu yerlər həm də el-obamızın ayrılmaz bir hissəsidir.
    Azərbaycanımızın əzəmətli dağları yurd-yuvasını sevən şair üçün əsil ilham mənbəyidir. 1944-cü ildə vətənindən çox-çox uzaqlarda İtaliyada olan şair “Qayıt gəl”adlı şeirini qoşur.
    Tutu quşu, uç get ana vətənə,
    Dolan o yerlərdə, bir də, qayıt gəl – deyən şair özünün gedə bilmədiyi və hər zaman gözləri qarşısında canlanan vətənindən Tutu quşu vasitəsi ilə soraq almaq istəyir.
    Keçginən Murovdan Qoşqar başına,
    Laləzar yaylaqlar çıxar qarşına.
    Nakam şəhidlərin məzar daşına
    Taxmağa bir çələng hör də qayıt gəl (1-102).

    Vətənimizin hər qarış torpağı özünəməxsusluğu ilə seçilir. Məsələn, Qarabağ öz təkrarolunmaz gözəllikləri və təbiəti ilə, bənzərsiz muğamları və təbii sərvətləri ilə, milli-mənəvi dəyərlərə söykənən el sənətkarları və folkloru ilə zəngindir. Bütün bunlar Daş-qının nəzərindən qaçmamış, yaradıcılığında müəyyən izlər qoymuşdur.
    Natəvanın yurdu, Vaqif oylağı,
    Cənnətdir aranı, behiştdir dağı,
    İsgəndər meşəsi, Ərəm yaylağı
    Çox olar Qazaxda, bir Qarabağda.

    Dindirin aşıqlar, sazların telin,
    Başlayın dastanın bəxtəvər elin.
    Nəbi kimi oğul, Həcər tək gəlin
    Çox olar Qazaxda, bir Qarabağda.

    Şair Qazağı da Qarabağdan ayırmamış, onun da çox zəngin diyar olduğunu bir daha vurğulamışdır.

    Gəncə mahalıdır hər iki diyar,
    Hər birinin zəngin bir tarixi var.
    Qoç oğul, köhlən at, vəfalı dildar
    Çox olar Qazaxda, bir Qarabağda(1-48).

    Şairin “Gədəbəydədir” şeirinə diyarşünaslıq baxımından yanaşsaq bir neçə bəndlik şeirdə adı çəkilən ərazinin keçmişi və indisi, onun yeraltı və yerüstü təbii sərvətləri, tarixi abidələri, coğrafiyası haqqında daha çox məlumatlar əldə etmiş olarıq. Məsələn, şair aşağıdakı bəndlərdə əsasən Gədəbəyin təbiət gözəlliklərindən, bulağından, meşəsindən, yaylağından söhbət açır.
    İndi inandınmı, a şair könül,
    Gözəllik dünyası Gədəbəydədir?!
    Canlara can verir hər çiçək, hər gül,
    Bülbülun nəğməsi Gədəbəydir.

    Şınıx yaylaqları, Göycə baxarı,
    Büllur bulaqların sərin axarı.
    Qala məskənindən bir az aralı,
    Sərvlər meşəsi Gədəbəydədir.
    Aşağıdakı bənddə isə şair Gədəbəyin igidlər oylağı, Koroğlular məskəni olduğuna işarə vurur.

    Inan yaraşıqdır bugünkü hala,
    Cüyürlər oylağı hər yaşıl tala.
    İgid Koroğludan qalmış bir qala,
    Mərdlik nişanəsi Gədəbəydədir (1, 49-50)

    Daşqın həm də Gədəbəyin zəngin təbii sərvətlərə malik olduğunu bir daha xatırladır.

    Zamanlar bilmədi Adəmdən bəri
    Dağları qaldırar elin hünəri.
    Yerin ürəyinin ləli, gövhəri,
    Zəngin xəzinəsi Gədəbəydədir (1-49)
    “Hacıkənd” şeirində də şair elimizin dilbər guşəsinin göz oxşayan gözəlliklərini, bir rəssam qələmi ilə çəkilmiş lövhə kimi canlandıra bilmişdir. Məsələn:

    Burda hər bulağın öz toyu vardır,
    Yaşıl çadırların sanki mağardır.
    Güneyli döşlərin bir laləzardır,
    Kim duyar möhnəti, məlalı səndə.

    Meşələr qoynunda ucalan təpə
    İstəyir göylərin ülkərin öpə.
    Elə ki, çən gəlir şeh səpə-səpə,
    Canlanır insanın kamalı səndə.

    Dastanlı dağlardan gün aşan kimi,
    Quşlar min dil açır söz qoşan kimi,
    Sayrışır çıraqlar kəhkəşan kimi,
    Mən nəyə bənzədim bu halı səndə? (1, 52-53)

    Yəni Hacıkəndi görməyənlərdə də bu parçanı eşidəndən sonra elimizin bu guşəsi haqqında müəyyən təsəvvür yaranacaq.
    Daşqın bir çox əsərlərində Borsunlu kəndinin adın çəkir. Borsunlu şairin anadan olduğu yurd yeridir.

    Adım Məzahirdir, Borsunlu- kəndim ,
    Zamanın selinə tab etməz bəndim.
    Yorğun düşüb bəlkə öldü səməndim,
    Piyada yollarda qaldım , gəlmədim (1, 67).

    Borsunlu kəndi qədim tarixə malikdir.Tərtərin şimal-qərbində səfalı İncə çayı üzərində yerləşir. Arxeoloji qazıntı zamanı eramızdan əvvəl III minilliyə aid “çar kurqanı” aşkar edilmişdir. Bu kurqan ilk tunc dövrünə aiddir. Tapılan əşyalar, aparılan tədqiqatlar gösrərir ki, Tərtər qədim vaxtlardan yaşayış məskəni olmuşdur (2, 25).
    Əlbəttə, belə nümunələr Daşqının yaradıcılığında kifayət qədərdir. Çünki Daşqın bir şair, bir vətəndaş kimi əsl xalqın yetişdirdiyi sənətkardır. O, dilimizin bütün incəliklərini eyni zamanda tariximizi, etnoqrafiyamızı, coğrafiya və folklorumuzu dərindən bilən şairdir. Bu gün Daşqın yaradıcılığının geniş tədqiqata ehtiyacı var.
    Şeyda Quliyeva,
    Folklorşünaslıq elmi-tədqiqat
    laboratoriyasının elmi işçisi

     

     

     

     

    Müəllif: Redaktor, 10:48

İsmarıclar bağlıdır.