Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 05Noy

    Prezident İlham Əliyev 31 oktyabr tarixində Soçiyə səfər edib. Burada dövlətimizin başçısı ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında  ikitərəfli görüş keçirilib.

    Dövlət başçılarının intensiv görüşləri ikitərəfli münasibətləri kifayət qədər ətraflı müzakirə etmək və bu münasibətlərdə müsbət dinamikanı artırmaq imkanı yaradır.

    İki il bundan əvvəl imzalanmış üçtərəfli Bəyannamə çoxillik münaqişəyə son qoydu. İndi Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində danışmaq və hərəkət etmək vaxtı yetişib.

    Görüş zamanı diqqətə çatdırılıb ki, ölkəmiz tərəfindən Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasının əsası olmalı 5 əsas prinsip irəli sürülüb. Bunlar beynəlxalq hüququn fundamental prinsipləridir və bu əsasda normallaşmaya nail olmaq mümkündür.

    Həmçinin qeyd olunub ki, Qarabağ münaqişəsi artıq tarixdə qalıb. Münaqişə iki il bundan əvvəl həll edilib. Bu baxımdan burada praktiki olaraq müzakirə edilməli məsələ yoxdur. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması isə çox ciddi addımlar tələb edən formatdır.

    Birgə Bəyanat

    Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidenti 31 oktyabr 2022-ci il tarixdə Bəyanat qəbul ediblər.

    Bəyənatda Azərbaycan-Ermənistan münasibətlərinin kompleks şəkildə normallaşdırılması, sülhün, sabitliyin, təhlükəsizliyin və Cənubi Qafqazın davamlı iqtisadi inkişafının təmin edilməsi naminə göstərilən bütün razılaşmalara dönmədən riayət edilməsinə tərəflərin sadiqliyinin təsdiq olunduğu qeyd edilib.

    Humanitar məsələlər blokunun təxirə salınmadan həllinə yönəlmiş əlavə səylər göstərmək barədə razılaşma əldə olunub.

    Bildirilib ki, Rusiya sülhməramlı kontingenti yerləşdiyi zonada təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayır.

    Münaqişə çərçivəsində olan bütün problemli məsələlər güc tətbiq etmədən BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında müzakirə etməklə həll olunmalıdır.

    Regionda davamlı və uzunmüddətli sülhə nail olmaq məqsədilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülh müqaviləsinin bağlanmasına hazırlıq işləri fəal aparılmalıdır. Mövcud işlənilən təkliflər əsasında məqbul həll yollarının axtarışı davam olunmalıdır və Rusiya Federasiyası buna hər vasitə ilə kömək göstərəcək.

    Rusiyanın köməyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında ictimaiyyətin və ekspert birliklərinin nümayəndələrinin və eləcə də dini liderlərin arasında dialoqu davam etdirmək, həmçinin iki ölkənin xalqları arasında etimadı möhkəmlətmək məqsədilə üçtərəfli parlamentlərarası əlaqələrin başlanması üçün müsbət ab-havanın formalaşdırılmasının vacibliyi diqqətə çatdırılıb.

     

    Müəllif: Redaktor, 12:18

İsmarıclar bağlıdır.