Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30Noy

    Heydər Əliyev şəxsiyyətini, Heydər Əliyev fenomenini öz dəyərincə bütün incəliklərinə qədər qiymətləndirmək mümkün deyil. Çünki Ulu Öndərimiz kimi dahilər min ildə bir doğulur və xalqının taleyində, tarixində silinməz izlər qoyur, məmləkətin, ölkənin ən çətin, ağır dövründə xilaskar rolunu oynayır.
    Bu dahi insanın fəaliyyətinə, keçdiyi ömür yoluna nəzər salanda aydın görürük ki, Heydər Əliyev bir çox siyasi xadimin edə bilmədiyini gerçəkləşdirmiş, müasir dünyanın ən aktual çağırışlarına cavab vermək bacarığı ilə XX və XXI əsrlərin tanınmış siyasi xadimləri arasında həmişəlik öz layiqli yerini tutmuşdur. Xalqımızın yetirdiyi nadir dövlət xadimlərindən olan Heydər Əli-yev yaşadığı bütün həyatı boyu hər zaman xalqını, vətənini düşünmüşdür. Onun ürəyi Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, doğma xalqının xoşbəxtliyi üçün çırpınmışdır. Ulu Öndər bir dövlət başçısı kimi Azərbaycanın ən çətin, üzücü an-larında onu xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmiş, ölkəsini bəlalardan qurtarmağı bacarmışdır.
    Azərbaycanı inkişaf etdirmək, şöhrətləndirmək, xalqın tükənməz potensialını üzə çıxarmaq Heydər Əliyevin ən böyük amalı idi. Bu dahi insan düşüncələri zəngin olduğu qədər də tükənməz enerjiyə malik idi. Heydər Əliyevi minlərdən, milyonlardan fərqləndirən üstün cəhət bu idi ki, o, məmləkətin inkişafı üçün zəruri olan məqamları görə bilirdi, qarşıya konkret məqsədlər qoyurdu və insanları bu məqsədlər naminə səfərbər edirdi, qüvvələri səmərəli şəkildə istiqamətləndirirdi.
    Ulu Öndər Heydər Əliyev bütün fəaliyyəti dövründə elm və təhsilin inkişafına xüsusi qayğı ilə yanaşırdı. Bu da təsadüfi deyildi. Çünki bu dahi şəxsiyyət yaxşı bilirdi ki, Azərbaycanın tərəqqisinin yeganə yolu məhz xalqın yüksək təhsil almasında, maariflənməsindədir, fundamental və humanitar elmlərə mühüm əhəmiyyət verilməsindədir. Heydər Əliyev elm və təhsilin ən böyük himayədarı idi.
    Heydər Əliyevin 1969-cu ildə Azərbaycan KP MK-nın birinci katibi seçilməsi ilə sovet hakimiyyəti dönəmində dövlət idarəetmə sisteminin milliləşməsi və milli kadr potensialının hazırlanması prosesi başladı. Həmin dövrdə Azərbaycan Respublikasının dövlət və partiya strukturlarında rus, erməni və digər millətlərin nümayəndələri üstünlük təşkil edirdilər. Lakin Heydər Əliyev dövlət qulluğunun milliləşməsi prosesini cox məharətlə həyata keçirməyə başladı. Ulu Öndər dövlət qulluğu vəzifələrində azərbaycanlıları irəli çəkməklə yanaşı, milli kadr potensialının sistemli şəkildə hazırlanması prosesini həyata keçirməyə başladı.
    Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərdən başlayaraq Azərbaycanın böyük milli kadr potensialı yaradıldı və 1991-ci ildə ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra onlar ölkənin idarə edilməsinə öz dəyərli töhfələrini verməyə başladılar.
    1972-1988-ci illərdə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə ölkəyə lazım olan mütəxəssis kadrlar yetişdirmək məqsədilə Azərbaycanın ali məktəblərində yeni-yeni ixtisaslar üzrə fakültələr açılır, hər il 900-dən artıq gənc Sovet İttifaqının qabaqcıl ali məktəblərində təhsil almağa göndərilirdi. Mən də həmin gənclərdən biri olmuşam. 1982-ci ildə orta məktəbi bitirdikdən sonra eksperiment yolu ilə Xarkov Aviasiya İnstitutuna daxil olmuşam. O vaxt Ümummilli Liderimizlə bizim Lenin adına sarayda (indiki Heydər Əliyev adına saray) görüşümüz olub. Görüşdə valideynlərimiz də iştirak edirdi. Əvvəlcə sarayın foye-sində böyük ziyafət təşkil olunmuşdur. Sonra isə təntənəli mərasim oldu. Ulu Öndər bizi təbrik etdi, hamımıza qiymətli hədiyyələr verdi, avqust ayı üçün hər birimizə tələbə təqaüdü verdi və hər birimizin təyyarə ilə pulsuz təhsil alacağımız şəhərlərə çatdırılmasını təmin etdi. Getdiyimiz şəhərdə təyyarə limanında bizi qarşıladılar və təhsul alacağımız ali məktəblərə apardılar. Bizi müvəqqəti qeydiyyata alıb institutun tələbə yataqxanasında yerləşdirdilər.
    Təhsil aldığımız illərdə də biz Ulu Öndərin diqqətindən kənarda qalmadıq. Xalqımızın xilaskarı Moskva şəhərində yaşayanda və SSRİ kimi nəhəng bir dövlətin rəhbərlərindən biri olanda da bizə – azərbaycanlı tələbələrə diqqət və qayğısını əsirgəmirdi. Azərbaycanla bağlı bayramlarda Ulu Öndər azərbaycanlı tələbələrə bayram təbrikləri göndərirdi. Təhsil aldığımız ali məktəbin rəhbərləri azərbaycanlı tələbələri institutun iclas zalına yığır, bu teleqramları oxuyurdular və Heydər Əliyevin təbrikini bizə çatdırırdılar. Biz tələbələr onunla fəxr edirdik.
    Bir azərbaycanlı tələbə yoldaşım vardı, maddi cəhətdən vəziyyəti yaxşı deyildi, təqaüd ala bilmirdi. O, Heydər Əliyevə ərizə yazaraq, kömək istəmişdi. Həmin ərizəsini təhsil nazirliyinə göndərmişdilər. Azərbaycandan ona aylıq təqaüd təyin olunmuşdu, həmin təqaüdlə də o, öz təhsilini başa vurdu.
    Ümummilli Liderimizlə ikinci görüşüm 1998-ci ildə Bakı şəhərində oldu. Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti olarkən 70-80-cı illərdə keçmiş SSRİ-nin müxtəlif şəhərlərində təhsil almış tələbələri Respublika sarayına yenidən yiğdı. Orada geniş toplantı keçirdi. Heydər Əliyev həmin toplantıda giriş nitqi söylədi. Dedi ki, mən sizi Azərbaycanın bu günü üçün yetişdirmişəm. Azərbaycan müstəqil dövlətdir. Siz də Azərbaycanın yüksək ixtisaslı kadrlarısınız. Sizinlə birlikdə işləyəcək, ölkəmizi inkişaf etmiş dövlətlər sırasına çıxaracağıq və bütün dünyaya tanıdacağıq. Sizlərdən hansınız hazırda işləmirsə, onları işlə təmin edəcəyik. Həmin görüşdə biz ölkə rəhbərinin diqqət və qayğısını bir daha yaxından hiss etdik.
    Bu kadrlar-peşəkar mütəxəssislər sonra respublikamızın dövlət strukturlarında müxtəlif vəzifələrdə işləməyə cəlb olundu. On-lar sənaye, maliyyə-iqtisadi, ictimai-siyasi, elmi-tədqiqat bölmələrində qabaqcıl kadr kimi çalışmağa başladılar.
    Onu da qeyd etmək istərdik ki, həmin kadr potensialının bir his-səsi keçmiş ittifaqın iri sənaye, elmi-tədqiqat müəssisələrində fəaliyyətə başladı və bu, Azərbaycanın ziyalı təbəqəsinin, peşəkar kadrlarının respublikamızdan kənarda tanınmasında, şöhrət tapmasında mühüm rol oynadı. Nəzərə almaq lazımdır ki, ölkəmizin hüdudlarından kənarda diaspora hərəkatının yaranmasında həmin kadrların da xüsusi rolu olmuşdur.
    Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev Ümummilli liderin əsasını qoyduğu bu strategiyanı davam etdirməklə təhsil siyasəti ilə bağlı missiyanın uzunömürlülüyünü təmin etməkdədir. Heydər Əliyevin başladığı siyasətin məntiqi davamı olan bu strategiya hazırda yeni mərhələyə qədəm qoyub. Bu gün azərbaycanlı tələbələr dünyanın ən məşhur təhsil ocaqlarında ən peşəkar kadr kimi yetişdirilir. ABŞ, Fransa, Böyük Britaniya, Almaniya, İsveçrə, Türkiyə və digər dövlətlərdə təhsil alan tələbələrin xərclərini dövlət öz üzərinə götürüb. Həmin kadrlar bu gün qloballaşan və inkişaf edən dünyanın yeni idarəetmə texnologiyalarını mənimsəyərək müasir idarəçilik institutunda mühüm rol oynayır.


    Ədalət Məmmədov,
    Tərtər Rayon Statistika İdarəsinin rəisi
    Azərtac

    Müəllif: Redaktor, 15:20

İsmarıclar bağlıdır.