Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 16Dek

    Qələbəni biz şəhidlərimizin qanı hesabına qazanmışıq. Şəhidlər bizim qəlbimizdə əbədi yaşayır, yaşayacaq. Allah sizə səbir versin. Siz analar, atalar xalqımız üçün, dövlətimiz üçün gözəl insanlar yetişdirmisiniz. O insanların ömrü uzun olmadı, amma onlar əbədiyyətə qovuşdu və onlar öz adlarını Azərbaycan xalqının şanlı tarixinə əbədi yazdırdı.
                                                                                              İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti

             Hərbçi olmaq uşaqlıq arzusu idi

    Rzayev Ülfət Novruz oğlu əslən Kəlbəcər rayonundandır. Digər həmvətənləri kimi, onun ailəsi də erməni terrorizmi nəticəsində 1993-cü ildə dədə-baba torpaqlarını tərk ediblər. Ailə Tərtər rayonunun Cəmilli kəndində məskunlaşıb, sonradan isə onlara qaçqınlar üçün tikilmiş Yeni Qəsəbədə ev veriblər.
    Ülfət 2001-ci il fevralın 11-də Cəmilli kəndində anadan olub. 4 qardaşın ən kiçiyi, həm də ən cəsuru olub. Kəlbəcər 68 saylı tam orta məktəbini bitirib.
    Hərbçi olmaq onun uşaqlıq arzusu idi. Ona görə də 2019-cu ilin aprel ayında müddətli həqiqi hərbi xidmətə çağırılanda, çox sevinirdi.
    O, əsgəri borcunu Xüsusi Təyinatlı Qoşunlarda – “Yaşmada”da keçib. Nümunəvi əsgər kimi komandirlərin və yoldaşlarının hörmətini qazanıb. Bundan sonra isə öz arzusu ilə xüsusi təyinatlılarda xidmətini davam etdirib və oradan da birbaşa cəbhəyə yollanıb. Döyüş yolu Kəlbəcər istiqamətindən başlayıb və Şuşada başa çatıb. Komandirləri, yoldaşları gənc əsgərin şücaətləri barədə ürəkdolusu danışırlar. Deyirlər ki, o, yaralandıqdan sonra da döyüşü dayandırmayıb. Qolunu sarıyaraq, yenidən hücuma keçib.
    Anası Bəsti xanım deyir ki, sanki Ülfət özü şəhidliyə can atırdı. Hər söhbətində bizi buna hazırlayırdı.
    Qardaşı Ruslan deyir:
    – Ülfətin ən çox sevdiyi mahnı “Vətən oğlu”ydu. Həmişə bu mahnını dinləyər və deyərdi ki, görürsən, bu sözlərin hamısı mənə aiddir.
    Bəli, Ülfət Vətəninə, elinə-obasına layiqli bir övlad oldu. Çətin cəbhə yollarından şərəflə keçərək, neçə-neçə kəndimizin, şəhərimizin erməni tapdağından azad olunmasına imza atdı. Son döyüşü isə noyabrın 5-də Şuşada oldu. Düşmənlə əlbəyaxa döyüşdə şəhidlik zirvəsinə ucaldı. Noyabrın 13-də isə Cəmilli kəndində torpağa tapşırılıb.
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə Ülfət Rzayev ölümündən sonra III dərəcəli “Rəşadət” ordeni, “Kəlbəcərin azad olunmasına görə”, “İgidliyə görə”, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

    Müəllif: Redaktor, 12:23

İsmarıclar bağlıdır.