Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29Dek

    Qaşın kim ola bilər?
    Gözün kim ola bilər?
    Oğul itirən anaya
    Oğul kim ola bilər?
    Bu yazını bayatı ilə başlamaqda məqsədim yüzlərlə, minlərlə ananın oğul itkisini, ürəynin yanğısını onlarla birgə yaşamağımdır. Doğmaların – xüsusilə də övlad itkisi dərdlərin ən acısıdır, desəm yanılmaram. Mənfur qonşularımızın Birinci Qarabağ Müharibəsində və 44 günlük Vətən Müharibəsində xalqımıza qarşı etdiyi amansızlıqlar ana-bacıları oğul-qardaş həsrətli, körpələri valideynsiz qoymuş, dağ vüqarlı ataların belini əymişdir. Ailədə, cəmiyyət arasında öz xeyirxahlığı, qoçaqlığı, vətənpərvərliyi ilə seçilən oğullarımız torpaqlarımızın bütövlüyü uğrunda şəhid olmuşlar. Bədən üzvlərini itirərək hələ də əzabla yaşayan oğullarımız vardır. Bunlar analarımızın sağalmaz yarasıdır, heç zaman yandıra bilməyəcəyi sönmüş çırağıdır. İgid, qəhrəman oğullar anaların “əsərləri” hesab edilir. Həm anaların, həm də bütün xalqımızın qürur, fəxr yeridir, lakin hər bir itirilmiş oğul ananın sönmüş ümidi, yarım qalmış arzusudur. Bu analardan biri də şəhid Emil Əmirovun anası Xanımnaz İmanovadır.
    Emil Xanımnaz ananın tək övladı olub. Soyuq bir qış günündə – 9 dekabr 2000-ci ildə doğulanda ana oğlunu arxa-dayaq bilmiş, onu nəvazişlə böyütmüşdür. Mingəçevir şəhərində doğulsa da, uşaqlığı Moskva şəhərində keçmişdir Emilin. Hətta orta məktəbə ilk qədəmlərini də orada atmışdır. Qısa bir vaxtdan sonra anası ilə birgə doğulduğu Mingəçevirə qayıdaraq, ibtidai təhsilini burada davam etdirir. Balaca Emilin rəftarı onu müəllim və sinif yoldaşlarının sevimlisi edir. Günlər bir-birini əvəz etdikcə Xanımnaz ana maddi ba-xımdan çətinliklərlə qarşılaşırdı. Oğlunu ürəyi istədiyi kimi böyüdə bilmirdi. Yenidən Moskvaya qayıdıb, doğmalarının yanında işləyərək maddi durumlarını artırmaq qərarına gəlir. Emil də orada təhsilini davam etdirir. Çox çəkmir ki, Emil dərslərində müvəffəqiyyət qazanmaqla bərabər idmanın “Cüdo” növü ilə məşğul olur. Çalışırdı ki, harada yaşamasından asılı olmayaraq, azərbaycanlı adı ilə tanınmış idmançı olsun. Bunun üçün Moskva şəhərinin möhtəşəm idman zallarından birində məşqlər keçir, cüdonun bütün incəliklərinə yiyələnirdi.
    Artıq yetkinlik yaşına çatmış Emil vətəndaşlıq almalı idi. Odur ki, Xanımnaz ana 16 yaşlı oğlunu götürüb Azərbaycana dönür. Emil Mingəçevir şəhərindəki 14 saylı məktəbdə təhsilini davam etdirdi, həm də anasının ən yaxın köməkçisinə, qayğıkeşinə çevrildi. Azərbaycan vətəndaşı olaraq borcunu yerinə yetirmək üçün 2018-ci ilin yanvarından hərbi xidmətə çağırıldı. Xidmət müddətində də fərqlənən oğul ana-ya qürur verirdi. Həmişə təşəkkürlər eşidən ana oğlunun layiqli hərbçi olmasından sevinirdi. Həm də Emil anasına gələcəkdə də hərbçi olacağını söyləyərək torpaqlarımızın azad edilməsində onun da iştirakı olacağını deyirdi. 2020-ci ilin iyun ayında Emil həqiqi hərbi xidmətini kiçik cavuş rütbəsi ilə başa vurub doğma ocağına –Mingəçevirə, anasının yanına qayıtdı. Onun hərbi xidmət dövrü Tərtər rayonundakı “N” saylı hərbi hissədə keçmişdir. Hərbçi olmaq arzusu onu yenidən hərbi hissəyə qayıtmağa sövq edirdi. Onun bu arzusu ananı çox narahat etdi. Xanımnaz ana da, Emil də, yaxşı bilirdilər ki, torpaqlarımız işğaldan azad olunmayınca xalqımızın rahatlığı yoxdur. Nəhayət, Emilin arzusu və inadı onu xidmət etdiyi Tərtər rayonundakı hərbi hissəyə gətirdi. 2020-ci il avqust ayının 17-də hərbi hissələrdən birində baş kəşfiyyatçı kimi müddətdən artıq xidmətə başladı və hərbi təlimlərdə yüksək peşəkarlıq göstərməyə çalışdı. Nəhayət, 2020-ci il sentyabrın 27-də erməni təxribatının qarşısını almaq əmrinin verilməsi hamı kimi Emilin də ürəyindən oldu. O, döyüşə qorxu bilmədən qatılır və Füzuli rayonu istiqamətində vuruşur. Müharibənin ilk günlərində – oktyabrın 3-də qanlı döyüşlərin getdiyi Füzuli istiqamətində yaralanır. Onu Zərdab rayon xəstəxanasına müalicə olunmaq üçün qoyurlar. Bir neçə gündən sonra tam sağalmamış, yenidən cəbhəyə qayıdır və yolüstü anasına dəyir. Yaralandığını, cəbhənin qaynar yerində olduğunu bildirmir. Xanımnaz ana o günü xatırlayaraq bildirir: “Oktyabrın 11-də evə gəldi. Evdə heç yarım saat dayanmadı.” Emil anasına söyləyib ki, belə vəziyyətdə yoldaşlarımdan ayrı qala bilmirəm. Həm də söz vermişəm ki, dayımın qisasını alacağam, sənin yanına qəhrəman kimi qayıdacağam. “Sən mənimlə fəxr edəcəksən, ana”, – deyib və Tərtərə gedib.
    O gündən Xanımnaz ana övladından xəbər tuta bilmədi. Gecəsi-gündüzü olmadı. Ana ürəyini bir qorxu aldı. Qara fikirlər onu bürüsə də dilinə gətirmək istəmədi. Emil anasının yanından getdiyi 3 gün olmuşdu. Amma heç bir xəbər çıxmırdı. Nəhayət, anaya oğlundan xəbər gəldi. “Oğlun Vətən uğrunda şəhid olub, başın sağ olsun, ana”.
    Xanımnaz ananın gözlərində sanki şimşək çaxdı, eşitdiyi bu acı sözlərə inanmaq istəmədi, oğlunun sözlərini xatırladı: “Sənin yanına qəhrəman kimi qayıdacağam, sən mənimlə fəxr edəcəksən, ana”. 14 oktyabr 2020-ci ildə Talış və Suqovuşan uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Emil anasının yanına qəhrəman olaraq qayıtdı. Onunla yeganə övlad anası olan Xanımnaz deyil, bütün Vətənimiz qürur duyur. Emilin döyüş yoldaşlarından sağ qalanlar onun şücaətlərindən, keçdiyi döyüş yolundan danışdıqca ana böyütdüyü vətənpərvər oğlu ilə fəxr edir. Ali Baş Komandan İlham Əliyev tərəfindən təqdim olunmuş ”Vətən uğrunda”, “İgidliyə görə”, “Suqovuşanın azad olunmasına görə”, ”Kəlbəcərin azad olunmasına görə” medallarını Emilin ən əziz nişanələri kimi qoruyub saxlayır.
    Analar yanar, ağlar
    Dərdini sanar, ağlar.
    Dönər göy göyərçinə
    Yollara qonar, ağlar.
    Elə bir gün olmur ki, Xanımnaz ana gözünü yollara dikib yeganə ümid yeri, heç zaman yandıra bilməyəcəyi sönmüş çırağı, yarımçıq arzulu, lakin hamının fəxr yeri, qürur mənbəyi olan şəhid oğlu Emildən söz açıb, onu xatırlamasın. Bütün şəhidlərimiz kimi, o da Vətənin, xalqın anım yeri, ziyarət yeridir. Bütün şəhidlərimizə Allah rəhmət eləsin, analara səbr versin! Yeriniz Cənnət olsun, nur üzlü oğullar!
    Elfuzə Vəliyeva

    Müəllif: Redaktor, 10:31

İsmarıclar bağlıdır.