Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Yan

    Fəsil dəyişkənlikləri hər zaman özüylə bərabər müxtəlif yeniliklər gətirir. Bu yeniliklər bəzən gözəl hisslərdən ibarət olur, bəzən isə orqanizmimiz üçün gözlənilməz olur. Xoş yeniliklərə hər zaman açığıq, lakin xəstəliklər üçün öncədən immun sistemimizi gücləndirmək vacibdir. İmmun sistemi orqanizmin xəstəliklərə qarşı əsas müdafiə qalxanıdır. Aşağıdakı tövsiyələrə riayət edərək daha güclü immunitetə sahib olmaq heç də çətin deyil.

    Qəbul et, vitamin önəmlidir!

    Bəzən gündəlik qida qəbulumuza və həyat tərzimizə çox da önəm vermirik. Bu isə öz-özlüyündə yaşam standartlarımıza mənfi təsir göstərir. Bunun üçün mütəmadi olaraq vitamin qəbul etmək, vitamin qəbul edəcəyimiz qidalara üstünlük vermək və həyat tərzimizi buna uyğunlaşdırmaq vacibdir. Son günlərin araşdırmaları onu göstərir ki, D vitamini qəbulu ən güclü xəstəliklərə qarşı belə bu dəqiqəyə olan ən yaxşı müdafiə vasitəsidir. Təbii ki, C vitamini də orqanizm üçün vacibdir. Sadəcə bu vitaminləri mümkün qədər təbii qidalardan, günəşdən və düzgün həyat tərzindən toplamağa çalış və sağlam qal!

    Yuxun şirin olsun

    Səhərə kimi seriala baxdıqdan sonra səhər yeməyini günorta saat 2-də edirsənsə, orqanizmindən sənə heç də xoş olmayan xəbərlər gətirmişik. Yuxu rejimi güclü immunitetin əsas şərtidir. Əmin ol ki, beyin və bütün digər orqanlar da dincəlmək istəyir və bunun üçün heç də təyyarə bileti alıb onları səyahətə göndərmək lazım deyil, yuxu kifayətdir. Bunu orqanizminə və özünə çox görmə. Nəzərə al ki, yuxu rejiminin pozulması özü ilə birlikdə sənə silsilə problemlər yaşadacaq.

    Yeməyinə fikir ver

    Yeyib-içmək bir çoxu kimi sənin də ən sevimli məşğuliyyətindirsə, bəxtin gətirib. Çünki güclü immunitetin qəlbinə gedən yol mədədən keçir. Xüsusilə xəbərin olsun ki, səhər yeməyi sənin bütün gününü formalaşdırır. Bu, günün ilk yeməyidir və orqanizm gün ərzində ehtiyac duyduğu enerjini məhz səhərlər qəbul etdiyi qidalardan alır. Səhər yeməyinin üstündən keçdiyin təqdirdə sonrakı saatlarda nə qədər güclü və sağlam qidalansan da, ac qaldığın həmin müddətdə immunitetin zəifləməyə başlayır. Sabahın xeyirli və dadlı olsun.

    Sağlam cütlük: meyvə-tərəvəz

    Təxmin edirik ki, sənin də meyvə-tərəvəzlə olan münasibətin davamlı və sağlam deyil. Amma nə qədər ki, bu münasibətin sağlam olmayacaq, öz sağlamlığın da təhlükə altında olacaq. Meyvə və tərəvəzlər tərkibində beta-karoten, C, E vitaminləri və dəmiri ehtiva edir ki, bunlar da güclü immun sistemi üçün mütləqdir. Odur ki, soyuducuda qalan və çox vaxt son seçim olaraq saxladığın meyvə-tərəvəzi ilk seçi-min halına gətirməlisən.

    Sağlam bədəndə sağlam ruh!

    Yuxarıda D vitamini haqda danışmışdıq. D vitaminini qəbul etməyin ən əyləncəli üsulu isə günəş altında gəzinti və idmandır. Günəşdən aldığın vitamin demək olar ki, ən təbii yolla alınan vitamindir. İdman isə avtomatik olaraq səni fiziki olaraq hazırlıqlı və sağlam vəziyyətə gətirəcək. Fiziki sağlamlıq üçün etdiyin hər şey isə birbaşa sənin immunitetinin də güclü olmasına gətirib çıxaracaq. Bu, bir növ sağlamlıq zənciridir və buna doğru etdiyin ən kiçik addım belə digər addımın atılmasında böyük rol oynayır.
    Bir sözlə hər zaman tempi qorumağa çalış! Səndən çox şey tələb olunmur, sadəcə həyat tərzinə daha diqqətlə yanaşsan immun sisteminə və özünə böyük yaxşılıq etmiş olarsan. Hələlik, özünə yaxşı bax!

    İlham Əkbərli

    Müəllif: Redaktor, 11:52

İsmarıclar bağlıdır.