Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Yan

    Qədim oğuz türklərinin yaşadığı Qarabağımızın hər qarış torpağı və onun hər daşı bir tarixdir. Güllələrin izi, şəhidlərimizin qanı ilə yazılan bu tarix, həm də oğuz türklərinin tarix salnaməsidir. Bu salnamədə Zəfər tarixi yaşayan və yaşadan əfsanəvi taborun son şə-hidini tanıtmaq istəyirəm.
    Qurbanov Yusif Arif oğlu 12 noyabr 1998-ci ildə Goranboy rayonunun Şəfəq kəndində anadan olmuşdur. O, bu kənddə orta məktəbi bitirdikdən sonra 2017-ci ilin yanvar ayında hərbi xidmətə çağırılır. Yusif xidmətinin on ikinci ayında könüllü olaraq xüsusi təyinatlı qüvvələrdə hərbi xidmətini davam etdirmiş və bu qoşun növündə kiçik gizir vəzifəsinə layiq görülmüşdü. Vətən müharibəsi başlananda o da torpaqlarımızı azad etmək üçün döyüşlərə qatıldı. İlk dəfə Cəbrayıl uğrunda gedən döyüşlərdə ayağından saysız qəlpə yaraları almasına baxmayaraq qısa müddətdə yenidən döyüşlərə atıldı. Cəbrayıldan Şuşaya kimi döyüş yolu keçən Yusif Qurbanov dörd dəfə yaralanır. Lakin o, sağalar-sağalmaz yenidən döyüş yoldaşlarının yanına qayıdır. Göstərdiyi şücaətlərə görə Prezident İlham Əliyevin Sərəncamları ilə 3 -cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə və “Şücaətə görə”, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.
    2022-ci ilin sentyabrında düşmənin genişmiqyaslı təxribatları nəticəsində Kəlbəcər uğrunda gedən döyüşlərdə yenidən iştirak edir. Çətin maneələri keçən bacarıqlı kəşfiyyatçı düşmənə ağır zərbələr vurur. Sentyabrın 12-də isə gecə saatlarında minaya düşərək yaralanır və sağ ayağını itirir. O, Kəlbəcər Hərbi Hospitalında ilkin yardım aldıqdan sonra Bakıya aparılır və Mərkəzi Hərbi Klinik Hospitala yerləşdirilir. Beş gün komada qalan Yusif Qurbanov həkimlərin səyinə baxmayaraq sentyabrın 17-də şəhadətə yüksəlir. 18.09.2022-ci ildə Goranboy rayonunun Şəfəq kəndində dəfn edilir. O, gəncliyinin çağlayan anlarını yaşaya bilmir. 24 yaşlı şəhidimiz nişanlı idi. Tərtərdən nişanlandığı Məlahət Ağayevayla ailə həyatı quracaqdı. Ancaq bu iki gəncin arzuları nakam qaldı.
    Döyüş yoldaşı Məhəmməd Haqverdiyevin dedikləri: “Ölməyi və öldürməyi bacaran igid oğul idi. 44 günlük müharibə zamanı dəfələrlə yaralanmışdı. Onun yenidən döyüşlərə qatılması möcüzə idi. Çünki Şuşanın azad olunmasına on gün qalmış, yaralarının sağalmadığı bir halda döyüş meydanına qayıtdı və döyüşü sona kimi yaralı vəziyyətdə davam etdirdi. Hətta müharibədən sonra da soyuqlu ayda, Kəlbəcərin düşməndən təmizlənməsini təmin etməliydik. Bu tapşırığı yerinə yetirərkən Yusif qəzaya uğradı və yaralandı. Lakin buna baxmayaraq, sona kimi yanımızda oldu. Bu hadisədən on gün keçməmişdi ki, Şuşa istiqamətində başqa bir tapşırıq aldıq. Düşmənin təxribatının qarşısını almalıydıq. Həmin döyüş tapşırığına 2 döyüş qrupu getdi. Bu döyüşlərdə Ramil Məmmədov şəhid oldu. Yusif Qurbanov isə yaralandı. Şuşada həkimlər ondan soruşdu ki, ağrın varmı? O dedi ki, heç nəyim yoxdu, döyüş yoldaşlarımın yanına getmək istəyirəm”. Şirvan rayon xəstəxanasında müayinədən sonra məlum olur ki, iki qabırğasının qırılmasına baxmayaraq, yenə də döyüşə getmək istəyir. O, sağaldıqdan sonra yenə Xüsusi Təyinatlıların tərkibində işini davam etdirməyə başladı. Axırıncı döyüş tapşırığından əvvəl bütün yoldaşlarına səs atıb halallıq istəmişdi. Deyirdi, hər şey ola bilər. Sonra da gülə-gülə deyir ki, mən çox xətalardan qurtarmışam, yəqin Allah məni qoruyur. İnşallah ki, bu döyüşdən də üzüağ, sağ-salamat çıxarıq. Nəsə də olsa, Allah mənə şəhid kimi ölməyi nəsib etsin.
    Yusif Qurbanov arzusuna çatdı. Sentyabrın 17-də ən uca məqama yüksəldi. Allah rəhmət eləsin. Anası deyir ki, mənim balam şəhid olana kimi ancaq torpaq, vətən, dostlarını deyirdi. Çünki biz şəhidlərimizin canı-qanı bahasına ərazi bütövlüyümü-zü təmin etdik və haqqımızı şərəflə geri alaraq türkün Zəfər dastanını yazdıq.

    Qızbəs Hüseynova,
    Umudlu kənd tam orta məktəbin tarix müəllimi

    Müəllif: Redaktor, 12:13

İsmarıclar bağlıdır.