Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 19Yan

    Azərbaycan mətbuatının əsa-sını qoyan “Əkinçi” qəzetinin ilk nüsxəsi çapdan çıxdığı gündən onun üzərində daim senzura olub. Xalqın maariflənməsindən ehtiyat edən çar Rusiyası bu həqiqət carçısının fəaliyyətindən çəkinərək, hər vasitə ilə onun bağlanmasına təsir göstərirdi. Beləliklə də, “Əkinçi”nin çapı az bir müddətdən sonra dayandırılsa da, onun yaydığı mütərəqqi ideyaların qığılcımları sönmədi, Azərbaycanda nəşr olunan digər qəzet və jurnalların fəaliyyəti ilə davam etdirildi.
    Sovetlər dönəmində də mətbuat, azad söz bir sıra çətinliklərlə üz-üzə dayanıb. Müasir Azərbaycan mətbuatının inkişafı, onun üzərində senzuranın ləğv edilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.
    Həm 1969-cu ildə birinci dəfə hakimiyyətə gəldiyi illərdə, həm də sonralar xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra o, Azərbaycan mətbuatının qayğıkeşi kimi bu sahənin inkişaf etdirilməsinə misilsiz töhfələr verib.
    Belə ki, 70-80-ci illərdə Azərbaycanda “Kommunist”, ”Bakı”, “Azərbaycan gəncləri”, “Bakinski raboçi” və digər qəzetlər nəşr olunurdu. Heydər Əliyev şəxsən qəzetlərin fəaliyyətini izləyir və burada dərc olunan tənqidi materialların əksəriyyətinə birbaşa Mərkəzi Komitə səviyyəsində dərhal reaksiya verilirdi.
    Televiziya ekranlarında Ümummilli Liderin jurnalistlərə nə qədər səmimi münasibət göstərdiyinin dəfələrlə şahidi olmuşuq. Təbiətən çox zəhmli və ciddi olan bu dahi insan mətbuat işçilərinin hər bur sualını dolğun cavablandırır, onlara qayğı və diqqət göstərirdi. Onun bu münasibəti hər bir məmur üçün nümunəyə çevrilmişdi. Məhz belə bir qayğının nəticəsidir ki, o illərdə Azərbaycanda yüzlərlə jurnalist yüksək fəxri adlara layiq görüldü, çoxsaylı insanlar növbədənkənar mənzil və maşın aldı. Ən başlıcası isə, Azərbaycan jurnalistikasının böyük bir nəsli Heydər Əliyev ideyalarının işığında püxtələşərək, yüksək peşəkarlıq səviyyəsinə ucaldı.
    Sovet dönəmində olduğu kimi, müstəqillik illərində də Ulu Öndər Azərbaycan mətbuatının inkişafı üçün çox böyük işlər görüb. Belə ki, 6 avqust 1998-ci ildə ölkəmizdə mətbuat üzərində senzura ləğv edildi. Mətbuatla bağlı mükəmməl qanunvericilik bazası yaradıldı, həm yazılı, həm də elektron medianın maddi-texniki bazası möhkəmləndirildi. Qəzetlərin maddi çətinliyi yarandığı dövrdə mətbuatın nəşriyyata olan borcları dövlət büdcəsinin vəsaitləri hesabına ödənildi. Mətbuata göstərdiyi diqqət və qayğıya görə Ulu Öndər “Jurnalistlərin dostu” elan edildi.
    Bu gün Heydər Əliyevin həyatı və xalqın xoşbəxtliyi yolunda yorulmaz fəaliyyəti Azərbaycan jurnalistikası üçün böyük bir sərvət, tükənməz mövzudur.
    Mən özümü xoşbəxt insan hesab edirəm ki, məhz o zaman, 1969-cu ildə jurnalistikada ilk addımlarımı ataraq, əbədiyaşar liderimizin Azərbaycan cəmiyyətində yaratdığı gözəl bir mühitdə yaşayıb işləmişəm. İlk olaraq qeyd etməliyəm ki, həmin ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsinə qəbul olmağımın özü də ölkədə yaranan şəffaf abu-havanın nəticəsi idi. Bu dövrdə rüşvətxorluğa, korrupsiyaya qarşı çox ciddi mübarizə aparılırdı və həm ali məktəbə qəbul zamanı, həm də təhsil aldığım illərdə mən bunun bəhrələrini gördüm. O zaman “Qızıl bayraq” adlanan qəzetimizdə işləyə-işləyə qiyabi yolla oxudum. Maaşımı alıb sessiyalara gedirdim və Bakıda qaldığım müddətdə bu pul mənə kifayət edirdi. Universitetdə bizə jurnalistikamızın korifey simaları – rəhmətlik Şirməmməd Hüseynov, Seyfulla Əliyev, Famil Mehdi və digərləri dərs deyirdilər. Lakin jurnalistika fakültəsində rus bölməsi yeni açıldığı üçün, bu dildə tədris aparan ixtisaslı müəllimlər çatışmırdı. Odur ki, qəzetlərdə çalışan peşəkar jurnalistlər fakültəyə dəvət olunurdular. Bunlar “Bakinski raboçi”, “Vışka” qəzetlərinin əməkdaşları idi. Rayon qəzetində çalışdığımı bilib, onlar mənə rayonumuzdan birbaşa reportajlar hazırlamağı tapşırırdılar. O illərdə “Bakinski raboçi”, “Azərbaycan gəncləri” qəzetlərində imzamı görəndə, sevincimin həddi-hüdudu olmurdu.
    Qeyd edim ki, Ümummilli Liderimizin mətbuata olan münasibəti yerlərdə də öz təsirini göstərirdi. Rayon qəzetində çalışdığım illər ərzində daim həm rəhbərlik, həm də əhali, sakinlər tərəfindən qəzetçilərə böyük hörmətin şahidi olmuşam. Xüsusilə tənqidi yazılara dərhal reaksiya verilir, onlar rayon partiya komitəsinin bürosuna çıxarılır, nəticəsi barədə redaksiyamıza cavab göndərilirdi.
    O dövrdə rayonumuzun iqtisadiyyatını əsasən pambıqçılıq təşkil etdiyi üçün, bu sahənin işıqlandırılması “Qızıl bayrağ”ın diqqət mərkəzində saxlanılırdı. Qəzetdən əlavə xüsusi bülletenlər buraxılırdı. Ulu Öndərin kənd təsərrüfatı sahəsində həyata keçirdiyi islahatlar nəticəsində Tərtərdə (o zamankı Mirbəşir rayonunda) pambıqçılıq sürətlə inkişaf edir, yüzlərlə əmək qəhrəmanı yetişirdi. Heydər Əliyevin şəxsi münasibəti, rayonda olarkən onlarla birbaşa pambıq tarlasında görüşməsi, hətta sürücü-mexanik qızlara cehizlik hədiyyələr göndərilməsini tapşırması, əmək qələbələrinin sayını daha da artırırdı. Bu gün də hansı kəndə yolumuz düşürsə, insanlar Heydər Əliyev haqqında ən əziz bir insan kimi danışaraq, onun hakimiyyətdə olduğu dövrdə növbədənkənar maşın aldıqlarını, ev tikdirdiklərini, uşaq oxutduqlarını minnətdarlıq hissi ilə xatırlayırlar. Bax, bütün bunlar o zamankı “Qızıl bayrağ”ın səhifələrində öz əksini tapırdı. Biz gənc jurnalistlər bu əmək coşğunluğunu böyük həvəslə işıqlandırır, işimizdən zövq alırdıq.
    Bu gün rayonumuzda pambıqçılıq sahəsinin uğurlu inkişafı hər bir sahədə olduğu kimi, burada da Heydər Əliyev ənənələrinə sadiqliyin nümunəsidir.
    Heydər Əliyev mövzusu heç zaman tükənən deyil. İnsan yazdıqca yazmaq istəyir. Nə gözəl ki, möhtərəm Prezidentimiz İlham Əliyev bu ili “Heydər Əliyev ili” elan etdi. Biz isə qəzet əməkdaşları olaraq rayonumuzun sakinlərinin ürəyində olan saysız-hesabsız xatirələrin qələmə alınmasını özümüzə borc bilirik.

    Svetlana Bağırova

    Müəllif: Redaktor, 11:50

İsmarıclar bağlıdır.