Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30Yan

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi sürətdə bölgələrdə icra başçılarının səyyar qəbul görüşləri keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təsdiq olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüşü rayonun Borsunlu kəndində keçirilib.

    Qəbulda hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.

    Rayon rəhbəri möhtərəm Prezidentin  diqqət və qayğısı altında respublikamızda, eləcə də bölgələrdə aparılan tikinti-quruculuq-abadlıq işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən, müharibə dövründə rayonun infrastrukturuna dəymiş ziyandan,  şəhid və qazi ailələrinə dövlət tərəfindən göstərilən dəstəkdən danışıb, cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bütün sahələrdə dinamik inkişaf etdiyini və əldə olunan  nailiyyətlərin diqqət mərkəzində olduğunu bildirib. O, dövlət başçısı cənab İlham Əliyevin İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunun 53-cü iclasında uğurla iştirak etdiyini, Forum çərçivəsində bir sıra səmərəli görüşlər keçirdiyini, Azərbaycanın malik olduğu iqtisadi və siyasi potensial barədə ətraflı məlumat verdiyini qeyd edib. Vurğulayıb ki, indi dünyanın aparıcı şirkətləri Azərbaycanın iqtisadi gücünü real dəyərləndirir və ölkəmizlə əməkdaşlığa üstünlük verirlər. Bütün bu nailiyyətlər Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə uzun illərdir ölkəmizdə bərqərar olan siyasi və iqtisadi sabitlik, aparılan ardıcıl mütərəqqi islahatlarla birbaşa bağlıdır.

    İcra başçısı  qeyd edib ki, Prezident İlham Əliyev Davos Forumunda həmçinin regiondakı vəziyyət, Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində Azərbaycanın səyləri, Laçın-Xankəndi yolunda baş verən hadisələrin mahiyyəti barədə ətraflı danışmış, ölkəmizə qarşı Ermənistan və bəzi ermənipərəst qüvvələr tərəfindən aparılan yalançı təbliğatları iflasa uğratmış, əsl həqiqətləri dünya ictimaiyyətinə çatdırmışdır.

    İsveçrənin Davos şəhərində  dünyanın 130 ölkəsindən 52 dövlət və hökumət başçısının iştirakı ilə keçirilən Forumda Azərbaycan yenə də diqqət mərkəzində oldu. Çünki Ukrayna-Rusiya müharibəsi fonunda Şərqlə Qərb arasında ən optimal marşrut hesab olunan Orta Dəhliz ölkəmizin ərazisindən keçir və bu, logistik baxımdan ölkəmizin cəlbediciliyini artırıb. Əsas məsələ ondan ibarətdir ki, həm enerji daşıyıcılarının, həm də quru yüklərin dünya bazarına çıxışının təmin olunması üçün Azərbaycanda lazımi infrastruktur yaradılıb. Xüsusilə son illərdə Prezident İlham Əliyevin uzaqgörənliklə həyata keçirdiyi regional və beynəlxalq enerji və nəqliyyat layihələrini qeyd edə bilərik. Əgər milyardlarla vəsait tələb edən qlobal miqyaslı layihələr zamanında icra olunmasaydı, bu gün Davos İqtisadi Forumunda bütün diqqətlər Azərbaycan üzərinə yönəlməzdi.

    Bu gün biz fəxrlə ölkəmizin beynəlxalq aləmin diqqət mərkəzində yer almasını, Ermənistanın isə növbəti dəfə qlobal iqtisadi proseslərdən təcrid olunmasını izləyirik.

    Rayon rəhbəri dünyanın əksər ölkələrinin və qlobal iqtisadiyyatın təmsil olunduğu transmilli şirkətlərin iştirak etdiyi  Davos İqtisadi Forumunun Azərbaycan üçün yeni perspektivlər vəd etdiyini bildirib. Həmçinin bu Forum dövlətlərarası iqtisadi münasibətlərin inkişafı baxımından olduqca əhəmiyyətli platformadır, onun siyasi əhəmiyyəti isə danılmazdır.

    Sonra kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verilib.

    Bildirilib ki, Borsunlu  kəndinin 3175 hektar ərazisi, 280 təsərrüfatı, 1214 nəfər əhalisi var. Ərazidə 1 məktəb, 1 mədəniyyət evi, 1 kitabxana, 5 ticarət, 3 iaşə,   3 məişət obyekti fəaliyyət göstərir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Kənd daimi işıq, qaz və içməli su  ilə təmin olunub.

    Sakinlər 791 baş iribuynuzlu, 4335 baş xırdabuynuzlu heyvan, 9062 baş quş  saxlayırlar.

    Borsunlu kəndində son üç ildə əkin sahələrinə gedən su arxları 1,5 km məsafədə lildən təmizlənib, kənd ərazisində 800 ədəd tut tingi, 201 ədəd müxtəlif növ ağaclar əkilib, 1 ədəd subartezian quyusu qazılıb, yol kənarları alaq otlarından təmizlənərək səliqə-səhmana salınıb.

    Rayon rəhbəri sakinlərə rəqəmsal icra hakimiyyəti portalına telefon vasitəsi ilə bu və digər məsələlərlə bağlı müraciət edə bilmələri haqqında da məlumat verib, erkən nikah və onun fəsadlarından da söhbət açıb, əlaqədar qurumları, hər kəsi erkən nikaha qarşı mübarizəyə çağırıb, bu sahədə güclü maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib.

    Rayon rəhbəri sonra sözü sakinlərə verib.

    Kənd sakinlərindən Ələmdar Qasımov və Malik Xəlilov kəndin pay torpaqlarının suvarılması üçün quraşdırılmış su nasoslarının elektrik xəttinə qoşulması, Salman Məmmədov işlə təmin olunma, Famil İsmayılov evinin təmir olunmasına köməklik göstərilməsi, Amalya Məmmədova pay torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi, İsmayıl İsmayılzadə fərdi yaşayış evinin tikintisi üçün icazənin verilməsi və digər məsələlər  ilə bağlı müraciət ediblər.

    Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə götürülüb, rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.

    Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına, şəhid ailələri  və qazilərə   göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

     

    Müəllif: Redaktor, 09:07

İsmarıclar bağlıdır.