Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 31Yan

    Bu gün hər bir Qərbi azərbaycanlının ürəyi sevinc hissi ilə çırpınır. Buna səbəb Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı xarici və daxili siyasətdir. Onlar əmindirlər ki, ən böyük dərdimiz olan Qarabağ məsələsini həll edən dövlətimizin başçısı Qərbi azərbaycanlıların da hüquqlarının dünya miqyasında tanınmasına nail olacaq. Gün gələcək, vaxtilə öz qədim yurdlarından didərgin düşən, zorla çıxarılan insanlar, onların övladları, nəvələri həmin yerlərə qayıdacaqlar. Redaksiyamızın qonağı –rayon Ağsaqqallar Şurasının sədri Faiq Məmmədovun ailəsi də vaxtilə Qərbi Azərbaycanda yaşayıb. İndi onlar Tərtərin İrəvanlı kəndində məskunlaşıblar. Faiq müəllimlə söhbətimiz də elə bu barədədir. O, nənələrindən, babalarından eşitdikləri xatirələri bizimlə bölüşüb.

    QÜDRƏT NƏNƏNİN FACİƏSİ

    Faiq müəllimin dediklərindən: “Qüdrət Şirinova mənim ana nənəm olub. Onun ailəsi Dərələyəz mahalının Ağkənd kəndində yaşayırdı. Ailədə ata-ana və 7 uşaq olublar. 1918-ci il qırğınında kənddən qaçıblar. Uşaqlıqdan daim ailəmizdə bu barədə söhbət düşəndə, qadınların ağladığını görürdüm. Qüdrət nənəmin adı çəkiləndə məni də qəhər böğur”.
    …Həmin gün bu insanların gözləri ətrafdakı gözəlliyi görmürdü. Evlərindən də heç nəyi götürə bilməmişdilər. Yalnız uşaqların əllərindən tutaraq var güclərilə qaçırdılar. Hələ qırxı çıxmamış körpəni ana 12 yaşlı qızı Qüdrətin belinə bağlamışdı. Namərdlərin gülləsi isə heç kimə aman vermirdi. Qaçanların sırası getdikcə seyrəlirdi. Güllənin biri Qüdrətin anasına dəydi. Qadının bədəni boşaldı, əllərindən tutduqları uşaqlar qorxudan qaçdılar, o isə var gücünü toplayaraq üzünü qızının kürəyində ağlayan körpəsinə doğru çevirdi. Qüdrət onun bu son istəyini anladı, uşağı kürəyindən açıb, anasının soyuyan sinəsi üzərinə qoydu. Uşaq elə oradaca səsini kəsdi. Ölümün hələ nə olduğunu anlamayan bu yeniyetmə qız isə insan axınına qoşularaq yoluna davam etdi. O, qaçdı, ancaq ömrünün sonuna qədər bu səhnədən qaça bilmədi – qanına boyanmış ana və onun sinəsində sakitcə uyuyan balaca bir uşaq…
    Faiq müəllim deyir ki, Qüdrət nənəmgil evdən 9 nəfər çıxmışdılar, mənzil başına, yəni Azərbaycana onlardan yalnız üçü gəlib çıxa bilib. Bir qardaş, iki bacı. Bu qardaş sonralar 12 ailə ilə birlikdə İrəvanlı kəndinin təməlini qoyan, yumşaqlığına, alicənablığına görə camaatın “İpək Abbas” deyə çağırdığı Abbas Soltanov olub. Digər bacının adı isə Zeynəb imiş. Ata-analarını, bütün əzizlərini itirmiş bu uşaqlar bir müddət Ağdamın Novruzlu kəndində yaşayıblar.
    Faiq müəllimin ana babası Mikayıl Şirinovun ailəsi isə 7 nəfərdən ibarət olub – 5 uşaq və ata-ana. Onlar Dərələyəz mahalının Terp kəndindəndirlər. Ailə 1918-ci il hadisələrində Qərbi Azərbaycandan qaçarkən erməni vəhşiliyinin qurbanı olub və onlardan yalnız ikisi – 1 bacı, 1 qardaş sağ qalıb– Mikayıl və Zibeydə. Valideynlərini itirmiş bu iki ailənin övladları Novruzlu kəndində tapışıb, həyatın sərt sınaqlarına birgə sinə gərib, sonralar isə həyat yollarını ömürlük birləşdiriblər. Mikayılla Qüdrət, Soltanla Zibeydə evlənərək, iki gözəl ailənin başçısı, çoxlu sayda övlad, nəvə-nəticə sahibi olublar.
    Ancaq nə doğma yurdlarını, nə də ordan qaçarkən yaşadıqları faciələri bir an unutmayıblar. Bu sevgi və nifrəti övladlarına da ötürüblər.
                                                                                                      “QIZILLI HÜMBƏT”
    Faiq müəllimin ata babası Məmmədov Hümbət Məhəmməd oğlu Vedi rayonunun Kolanı kəndindən olub. Qoçaq, ruzili adam imiş, çoxlu sayda mal-heyvan saxlayırmış, buna görə də el arasında ona “Qızıllı Hümbət” deyirlərmiş. Amma bir gün elin sözü ovaxtkı hökumətin qulağına çatıb və insanları cəzalandırmağa fürsət axtaranlar Hümbət kişinin var-dövlətini yığışdırıb aparıblar. Özü isə repressiya qurbanı olub. Bu hadisə 1936-cı ildə baş vermişdi. O zaman Faiq müəllimin atası Mərdanın 11 yaşı vardı.
    4 qız, 1 oğulla dul qalan, malını-mülkünü itirən Əryəz nənə özünü itirməyib, var gücünü toplayıb balalarını böyüdüb, oğlu Mərdana təhsil verib. Mərdan 7-ci sinfi bitirəndən sonra İrəvanda 2,5 illik müəllimlər məktəbində oxuyub. Ətraf kəndlərdə müəllimlik etməyə başlayıb. Lakin Əryəz nənənin üzü yenicə gülməyə başlamışdı ki, tale yenə də onlara sərt üzünü göstərib. Ailə 1948-ci ilin deportasiyasına məruz qalıb. Fa-iq müəllim deyir: ”Atamgili, digər ailələri mal-heyvanları ilə birlikdə yük vaqonlarına yığıb, gətiriblər Azərbaycanın Salyan rayonunun Şorsulu kəndinə. Uzun müddət yol gələn, susuzluqdan əziyyət çəkən mallar vaqondan düşürülən kimi qaçıb buradakı göllə-rin şor suyundan içib və məhv olub. Dağ yerindən gəlmiş insanlar da aranın isti havasına dözə bilməyiblər”.
    Sonralar Ağa Abbasov, Əli Məmmədov və onlarla birlikdə gələn bir neçə nəfər Hacıqərvənd kəndində məskunlaşıb, Mərdan Məmmədov isə müəllim olduğu üçün əvvəlcə Söylən məktəbinə müəllim təyin edilib, 1950-ci ildən 1981-ci ilə qədər direktor vəzifəsində çalışıb. Qiyabi yolla ali təhsil alıb.
    Faiq müəllim deyir ki, Kolanını görməsəm də, özümü həmişə o kəndin sakini hiss etmişəm. Atamın söhbətlərindən bilirəm ki, bu kənd dağların qoynunda, digər yaşayış məntəqələrindən hündürdə yerləşir. Əhalinin məşğuliyyəti əsasən heyvandarlıq olub.
    Ömrünü yurd həsrəti ilə başa vuran Mərdan müəllim bir insan, bir valideyn kimi gözəl yaşayıb, övladlarının hamısına ali təhsil verib, bir çox arzularına çatıb, təkcə Vətənə qovuşmaq istəyindən başqa. Son illərdə sağalmaz xəstəliklə mübarizə aparan Mərdan Məmmədov deyirmiş ki, kəndimizə gedib o bulaqların suyundan içə bilsəm, şəfa taparam. Qismət olmadı. Ancaq vaxt gələcək, onun bu arzusunu övladları yerinə yetirəcəklər. O zaman yurd həsrətilə dünyasını dəyişənlərin ruhu şad olacaq.

    Svetlana Bağırova

    Müəllif: Redaktor, 12:14

İsmarıclar bağlıdır.