Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 15Fev

    Prezident İlham Əliyev cari ilin 13 fevral tarixində Bakıda “Gülüstan” sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində iştirak edib.

    O bildirib ki, bundan sonra ölkəmizin enerji potensialı böyük dərəcədə güclənəcək və Mingəçevirin Azərbaycanın elektroenergetika mərkəzi kimi önəmi daha da artacaq. 2025-ci ildə Mingəçevir şəhərində yeni 1280 meqavat gücündə elektrik stansiyasının açılışı olacaq.

    Mingəçevir hazırda elektroenergetika sahəsində bizim əsas şəhərimizdir. Mingəçevirdə fəaliyyət göstərən elektrik stansiyası bu gün ölkəmizin elektrik enerjisinə ehtiyacının böyük hissəsini ödəyir.

    Prezident deyib ki, Mingəçeviri Qafqazın enerji mərkəzinə çevirən Ulu Öndər Heydər Əliyev olmuşdur. Onun rəhbərliyi və təşəbbüsü ilə 1976-cı ildə Mingəçevirdə böyük elektrik stansiyasının təməli qoyulmuşdur. Böyük stansiyanın birinci blokunun 1981-ci ildə Heydər Əliyevin şəxsən iştirakı ilə açılışı olmuşdur.

    Müstəqilliyin ilk illərində məhz Mingəçevir Elektrik Stansiyası ölkəni elektrik enerjisi ilə təmin edirdi. Ümumi generasiya gücü 2400 meqavat olan stansiya ölkəmizin nəinki enerji potensialını, ümumiyyətlə, sənaye potensialının böyük hissəsini ödəyərək imkan verdi ki, hətta müstəqilliyimizin ən ağır illərində, ilk illərdə Azərbaycanda elektrik enerjisi ilə təchizat təmin edilsin.

    2018-ci ildə Mingəçevir Elektrik Stansiyasının yenidən qurulması prosesi başlamışdır. Qısa müddət ərzində – artıq iki ildə 8 blok tamamilə yenidən qurulmuş və istifadəyə verilmişdir. 2020-ci ildə stansiya öz əzəli gücü ilə yenidən işləməyə başlamış və 2400 meqavat generasiya gücünə malik olmuşdur. Bərpa-yenidənqurma işləri nəticəsində təqribən 600 meqavatdan çox itirilmiş güclər bərpa edildi.

    Bildirilib ki, Mingəçevir Elektrik Stansiyasının önəmi İkinci Qarabağ müharibəsi zamanında bir daha bəlli oldu. O vaxt döyüş meydanında məğlub olan Ermənistan Azərbaycanın mülki obyektlərini də atəşə tuturdu, yüzlərlə yaşayış evi tamamilə dağıdılmışdır, yüzə yaxın dinc insan həlak olmuşdur, o cümlədən Mingəçevir Elektrik Stansiyası da uzaqmənzilli raketlərlə atəşə tutulmuşdur. Bu raketlərin bir çoxu Azərbaycanın hava hücumuna qarşı müdafiə sistemləri tərəfindən məhv edildi, bəziləri isə hədəfə dəymədi.

    Mingəçevir şəhərinin Azərbaycanın və nəinki Azərbaycanın, bütün Qafqazın elektroenergetika mərkəzi kimi yeni dövrü başlayır, təxminən 1300 meqavat gücündə olan stansiya bizim potensialımızı böyük dərəcədə gücləndirəcək. Bu, Azərbaycanın enerji təhlükəsizliyinə verilən növbəti töhfə olacaq, yüzlərlə yeni iş yerləri yaranacaq və beləliklə, Azərbaycan öz imkanlarından tam istifadə edərək həm daxili tələbatı ödəyəcək, eyni zamanda, həm elektroenergetika, həm də təbii qaz sahəsində daha böyük addımlar atacaq.

    Yeni tikiləcək stansiyada şərti yanacağın sərfiyyatı kifayət qədər aşağıdır və bu, imkan verəcək ki, ildə təqribən 800 milyon kubmetr və ya 1 milyard kubmetr qaza qənaət edilsin. Bu gün Avropa məkanında Azərbaycan qazına böyük tələbat olduğu üçün bu, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinə növbəti töhfə olacaqdır.

    Yeni tikiləcək stansiyanın müasir standartlara cavab verməsi nəticəsində karbon qazının miqdarı çox böyük dərəcədə – 2 milyon ton azalacaq və beləliklə, ətraf mühitə də bunun çox böyük faydası olacaqdır.

    Stansiya Azərbaycanın daxili resursları çərçivəsində inşa ediləcək. Stansiyanın ümumi dəyəri təqribən 400 milyon dollara qədər olacaq. Stansiyaya sərf ediləcək vəsait bir qayda olaraq, bu böyüklükdə stansiyaların tikintisinə sərf olunan vəsaitdən 3-4 dəfə aşağıdır. Bunun da səbəbi səmərəlilikdir. Eyni zamanda, bunun səbəbi odur ki, Mingəçevirdə artıq güclü elektroenergetika infrastrukturu yaradılmışdır və bu stansiyanın məhz Mingəçevirdə inşa edilməsi də ilk növbədə bu məqsədi güdür.

    Prezident İlham Əliyev deyib ki,  ödəniləcək vəsaitin 60 faizi “Azərenerji”nin öz vəsaiti hesabına təmin ediləcək. Qalan 40 faiz isə kreditlər vasitəsilə təmin ediləcək. Bir neçə il ərzində bu stansiyanın fəaliyyəti nəticəsində həm qoyulan vəsait qayıdacaq, eyni zamanda, kredit borcu da bağlanacaq.

    Stansiya xarici tərəfdaşlarla birlikdə inşa ediləcək. Stansiyanın tikintisində İtaliyanın və Çinin şirkətləri iştirak edəcək.

    İtaliya şirkətinin bu stansiyanın inşasında iştirakı təsadüfi deyil. İtaliya Azərbaycanın strateji tərəfdaşıdır. İtaliya ilə Azərbaycan arasında strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır, yüksək səviyyəli qarşılıqlı səfərlər təşkil edilmişdir.

    Energetika sahəsində İtaliya ilə əməkdaşlıq ənənəvi xarakter daşıyır. Azərbaycan neftinin böyük hissəsi İtaliya bazarına çatdırılır və iki ildən artıqdır ki, Azərbaycan qazı İtaliya bazarına çatdırılır. TAP layihəsi birgə uğurumuzdur. Cənub Qaz Dəhlizinin başlanğıcı Azərbaycanın Xəzər dənizindəki sektorudursa, bunun son məntəqəsi İtaliyadır və yol boyunca bir neçə ölkə Azərbaycan qazından faydalanır.

    Qeyd olunub ki, bütün istiqamətlər üzrə hədəflərə çatacağıq və necə ki, neft və qaz layihələri, eyni qaydada Azərbaycanın elektrik enerjisi də Avropa məkanına çatdırılacaq. Bu məqsədlə keçən ilin dekabr ayında müvafiq anlaşma imzalanmışdır və Azərbaycanın potensialı, o cümlədən yaşıl enerji potensialı Avropa üçün yeni imkanlar açacaqdır.

    İtaliya-Azərbaycan əlaqələri təkcə iki ölkənin maraqlarını təmin etmir, böyük coğrafiyanın maraqlarını təmin edir. Əməkdaşlıq təkcə energetika sahəsi ilə məhdudlaşmır. İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Hazırda Bakıda Azərbaycan-İtaliya Universitetinin yeni binası inşa edilir. Azad edilmiş torpaqlarda bərpa-yenidənqurma işlərində İtaliya şirkətləri çox fəal iştirak edirlər.

    Azərbaycanda elektroenergetika sahəsi son illər ərzində çox sürətlə və uğurla inkişaf etmişdir. Son 20 il ərzində Azərbaycanda 34 elektrik stansiyası inşa edilmişdir və bu stansiyaların generasiya gücü təqribən 3400 meqavata bərabərdir. Hazırda bizim ümumi generasiya gücümüz 7200 meqavatdır, onun 3400 meqavatı son 20 ildə yaradılmışdır.

    Azad edilmiş torpaqlarda bərpa-yenidənqurma işlərini, ilk növbədə, elektroenergetika sahəsindən başlamışdıq və artıq 10-dan çox yarımstansiya, 10-dan çox su elektrik stansiyası inşa edilmişdir.  İki il ərzində Şərqi Zəngəzur bölgəsində 50 meqavatdan çox generasiya gücü yaratdıq və bu rəqəm bu ilin sonuna qədər 200 meqavata çatacaq. Ancaq azad edilmiş torpaqlarda cəmi 3 il ərzində 200 meqavatlıq enerji gücü yaratmış olacağıq. Şərqi Zəngəzurun və Qarabağın böyük hidroenergetika potensialı imkan verəcək ki, biz o bölgələrdə 500 meqavata qədər generasiya gücləri yaradaq.

    Dövlət başçısı deyib ki, bərpaolunan enerji növlərinin inkişafı üçün Azərbaycanda çox böyük potensial var. Təkcə Xəzər dənizinin külək enerjisi potensialı 157 qiqavata bərabərdir. Hazırda iki stansiya inşa edilir – 470 meqavatlıq günəş və külək. Üçüncü stansiyanın inşası yaxın vaxtlarda başlayacaq, o da bizə təqribən 240 meqavat əlavə güc verəcək. Hazırda xarici investorlarla imzalanmış sənədlər əsasında 25 qiqavata qədər günəş və külək elektrik enerjisi stansiyalarının inşası nəzərdə tutulur – böyük hissəsi Xəzər dənizində, bir neçəsi isə quru sahələrdə.

    Azərbaycanın  enerji təhlükəsizliyinə verilən bu yeni töhfə vətəndaşlarımızın, xüsusən də işğaldan azad edilmiş ərazilərdə məskunlaşan həmvətənlərimizin həyat şəraitini daha  da  yaxşılaşdıracaq.

     

     

     

    Müəllif: Redaktor, 15:45

İsmarıclar bağlıdır.