Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Mar

    Arif Oruc oğlu Əhmədov əslən Qərbi Azərbaycandan idi. Dərələyəz mahalından olan valideynləri deportasiya nəticəsində doğma yurdu tərk edib, Tərtər rayonunun İrəvanlı kəndində məskunlaşmışdılar. Arif müəllim 1948-ci ilin may ayının 23-də bu kənddə doğulub.
    O, 1955-ci ildə Söylən kənd orta məktəbinin birinci sinfinə qəbul olub. Sonralar Gəncə şəhər 20 saylı orta məktəbdə təhsilini davam etdirib. Lakin ailə vəziyyəti ilə əlaqədar yenidən rayonumuza qayıdıb və 1965-ci ildə Tərtər şəhər 1 saylı orta məktəbi əla qiymətlərlə bitirib. Arif müəllimin qızı Samirə xanım deyir: “Atamda elmlərə, xüsusən dəqiq elmlərə böyük həvəs vardı. Bu, həm fitri qabiliyyətindən, həm də hədsiz dərəcədə çalışqan olmasından irəli gəlirdi. O, bizə daim tövsiyə edirdi ki, təbiətin verdiyi qabiliyyəti inkişaf etdirək, öz üzərimizdə çalışaq”.
    Arif Əhmədov 1965-ci ildə Azərbaycan Politexnik İnstitutunun (indiki Texniki Universitet) Avtomobilin İstismarı fakültəsinə qəbul olub. Universitet illərində həmişə qabaqcıl tələbə kimi tanınıb. Birinci kursu yenicə bitirdiyi vaxt atasını itirib və ailə yükünün artıq onun çiyinlərində olduğunu dərk edib. Həm təhsil alıb, həm də işləyərək universiteti əla qiymətlərlə başa vurub və Tərtərə qayıdıb.
    Arif Əhmədov ilk əmək fəaliyyətinə 1969-cu ildə Bərdə rayon Tikinti Trestində mexanik kimi başlayıb. Həm savadı, həm işgüzarlığı ilə seçilən gənc mütəxəssis rəhbərliyin dərin rəğbətini qazanıb. O, vəzifəsində irəli çəkilib, həmin idarədə qaraj müdiri, müdir müavini və, nəhayət, trestin müdiri kimi fəaliyyətini davam etdirib.
    1979-cu ildə Tərtər rayon partiya komitəsinin birinci katibi təyin olunan Cavanşir Məmmədov rayon iqtisadiyyatının əsasını təşkil edən pambıqçılığın inkişafı üçün ilk növbədə bacarıqlı rəhbər kadrları ətrafına toplamağa başlayır. Həmin illərdə Ulu Öndər Heydər Əliyevin tapşırığı ilə kənd təsərrüfatının mexanikləşdirilməsi məsələsi ön plana çəkilir. Rayonda fəaliyyət göstərən Maddi-Texniki Təchizat və Mexanikləşdirilmə İstehsalat Birliyinin (xalq arasında RTS deyilir) işi qənaətbəxş olmadığı üçün, Cavanşir Məmmədov məhz buradan başlamağı qərara alır. O, bərdəli həmkarı Rüstəm Səfərəliyevə müraciət edərək, bu sahədə ona köməklik göstərilməsini xahiş edir. Rüstəm Səfərəliyev qabaqcıl mütəxəssis Arif Əhmədovu məsləhət görür. Beləliklə də 1980-cı ildə Arif müəllim birliyin rəhbəri təyin olunur və fasilələrlə düz 26 il həmin vəzifədə çalışır.
    Həmin illəri mən də yaxşı xatırlayıram.Tərtərdə pambıqçılıqda əl yığımı ilə yanaşı maşınla pambıq yığımı geniş vüsət almışdı. Bir-birinin ardınca uğurlu əmək nailiyyətləri qazanılırdı. Hətta elə kolxozlar vardı ki, illik pambıq tədarükü planını maşınla yığım hesabına ödəyir, qalan məhsulu isə əllə toplayırdılar.
    Qızı Samirə xanım deyir: ”Pambıq mövsümündə ata-mızı çox az görürdük. Elə taxıl biçinində də. Kolxozlarda olur, texnikanın vəziyyətinə özü nəzarət edirdi. Yorğunluğuna baxmayaraq, vaxt tapan kimi dərslərimizlə maraqlanır, qayğımıza qalırdı”.
    Rayonun ictimai-siyasi həyatında həmişə öndə olan Arif müəllim müxtəlif illərdə yüksək vəzifələrdə çalışıb. Tərtər rayon İcra Hakimiyyəti başçısının müavini, rayon Soveti icraiyyə komitəsi sədrinin müavini, aqrar-sənaye birliyinin sədri, rayon Sovetinin deputatı olub.
    Tərtər Dövlət Qulluqçuları Həmkarlar İttifaqı Komitəsinin sədri Fəxrəddin Binnətov deyir: “Müxtəlif illərdə Arif müəllimlə bir kollektivdə iş-ləmişəm. Yaxşı təşkilatçılığı vardı, həm rəhbər, həm də insan kimi ətrafdakıların hörmətini qazanırdı.
    Tərtər rayon Statistika İdarəsinin müdiri Ədalət Məmmədov da Arif müəllimi rayonumuzun həyatında izi qalan bir insan kimi xatırlayır: “O, ilk növbədə vəzifəsinə məsuliyyətli münasibəti ilə seçilirdi. Bunu rəhbərlik etdiyi insanlardan da tələb edirdi. Eyni zamanda çox sadə və təvazökar idi. Vəzifəcə və yaşca özündən aşağı olan insanlara böyük hörmətlə yanaşırdı. Bir ağsaqqal kimi də gənclərə nümunəydi”.
    2006-cı ildən ömrünün sonuna qədər – 2013-cü ilə qədər Arif Əhmədov rayon Ağsaqqalar Şurasının sədri kimi fəaliyyət göstərib. Onunla birlikdə çalışan Sofya Həsənova deyir: “Arif müəllim sözü keçən insan idı. Həddindən artıq qayğıkeşliyi vardı. Yaşlı adamların hər birinə öz doğması kimi yanaşır, onların problemlərinin həllinə çalışırdı”.
    Qızı Samirənin dediklərindən: “Düşünürəm ki, hər insanın həyatda bir böyük şansı olur. Mənim şansım məhz bu ailədə doğulmağım və valideynlərim olub. Təbii ki, hər bir övlad üçün valdeyn əvəzolunmazdır. Atam o qədər gözəl valideyn olub ki, mən onu hər günümdə yaşadıram. Əl tutmağı, kömək olmağı ilə o, öz cənnətini bu dünyada qazanıb. O, yaxşı övlad, yaxşı qardaş, gözəl ailə başçısı, ata və baba idi”.
    Qızı Səidə xanımın dediklərindən: “Mən həmişə Əhmədova Səidə Arif qızı olmağımla fəxr edirəm. Pasiyentlərim tərtərli olduğumu biləndə, kimin qızı olduğumu soruşurlar. O zaman atam haqqında eşitdiklərimlə qürur duyuram. Həyatda qazandığım uğurlarımın səbəbi genetik olaraq atamdan mənə keçən zəhmətkeşlikdir. Ömrü vəfa etməsə də, hər yerdə qoyduğu izlərlə fəxr etmişəm”.
    Arif Əhmədovun qızlarının ikisi də həkim, oğlu Samir isə hüquqşünasdır. Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi Bölməsinin əməkdaşıdır.
    Nəvələri Cavadxan və Afaq 9-cu sinif şagirdləridir. Onlar da babaları ilə fəxr edirlər.
    Beləcə Tərtərin tarixində izi olan bir həmyerlimizin ömür yolu haqqında da oxucularımıza məlumat verdik.
    Əziz oxucular! Daha kimləri yada salmağımızı istərdiniz? Bu barədə təkliflərinizi gözləyirik.

    Svetlana BİLALQIZI

    Müəllif: Redaktor, 11:00

İsmarıclar bağlıdır.