Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Mar

    Qarabağ savaşında, ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda mübarizədə tərtərlilərin qəhrəmanlıq salnaməsi yazdığını, əsl vətənpərvərlik nümunəsi göstərdiyini sübut etməyə ehtiyac yoxdur. Qarabağ uğrunda döyüşlərdə, o cümlədən Birinci Qarabağ savaşında düşmənə bur qarış da torpaq verməyən, 44 günlük Zəfərdə sanballı payı olan, Ermənistan quldurları tərəfindən hər gün başına raket, artilleriya mərmiləri yağdırılan, amma qəddini bükməyən, düşmən qarşısından bir addım da geri çəkilməyən Tərtər əyilməz qüruru, yenilməz döyüş əzmi, düşmənə vurduğu sarsıdıcı zərbələri ilə yeni tariximizə şərəfli səhifələr yazdı.
    Ana vətənin hər qarışını göz bəbəyi kimi qoruyan tərtərlilər bu gün onun hər bucağını cənnətə döndərmək uğrunda fədakarlıq göstərirlər. Yazıçı Anarın ulu Dədə Qorqudun dili ilə söylədiyi “Torpağı qorumasan, əkib-becərməyə, əkib-becərməsən, qorumağa dəyməz” kəlamı tərtərlilərin həyatına biçilib. Müharibənin vurduğu yaraları sağaltmaq, şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına diqqət və qayğıkeşlik göstərmək, raketlərin, artilleriya mərmilərinin dağıtdığı çoxsaylı evləri bərpa etmək, yaxud yenidən tikmək üçün bu gün də rayonun bütün qüvvələri səfərbərdir. Başqa cür ola da bilməz. Çünki düşməndən alınan qisas, ermənilərin məğlubiyyəti ölkəmizin hər yerində olduğu kimi, Tərtərdə də böyük ruh yüksəkliyi yaratmışdır.
    Qarabağ uğrunda müqəddəs savaşda qazanılan Qələbə artıq bizim üçün qürurverici tarixə çevrilib. Dövlətin gördüyü tədbirlər sayəsində müharibənin Tərtərə vurduğu yaralardan əsər-əlamət qalmayıb. Dağılıb yerlə yeksan olan evlər, dağılan ərazilər yenidən qurulub. Rayon mərkəzi bahar libasındadır. Küçələr, meydanlar abad görkəmi, yaraşığı ilə göz oxşayır. Qarabağ işğalda olduğu illərdə suya həsrət qalan kəndlərə indi Tərtər çayının mayası bərəkət olan suyu gəlir. Taleyini torpağa, halal zəhmətə bağlayan Tərtər kəndlisinin qaməti düzəlib, qırışığı açılıb.
    Nəticəsi də göz qabağındadır: ötən il rayon üzrə ümumi məhsul buraxılışının həcmi əvvəlki ildəkinə nisbətən 16 faizdən çox artmış, o sıradan kənd təsərrüfatı məhsulları istehsalının dəyəri 100 milyon manata çatmışdır. Kənd təsərrüfatının şaxələndirilməsi, ixracyönümlü məhsulların istehsalı istiqamətində atılan addımlar, ənə-nəvi sahələrin, xüsusilə pambıqçılığın, baramaçılığın, üzümçülüyün dirçəlməsinə yönələn tədbirlərin həyata keçirilməsi müsbət nəticələr verir. Təkcə keçən il kənd təsərrüfatı məhsulları istehsalının 2021-ci illə müqayisədə 2,3 faiz artması da bunu təsdiqləyir. Taxıla gəldikdə, ötən təsərrüfat ilində rayon üzrə 8103 hektar sahədə taxıl yetişdirilmişdir. Orta məhsuldarlıq 41 sentner olmuşdur.
    Buğda zəmilərinin məhsuldarlığı isə 43,6 sentnerə yüksəlmişdir. 2022-ci ildə 3450,7 hektarda pambıq əkib-becərən tərtərli fermerlər 4254 ton məhsul istehsal edərək hər hektarın məhsuldarlığını 32,6 sentnerə yüksəltmişlər. Bu, pambıqçılıq rayonları arasında 3-cü göstəricidir. Ra-yonun təsərrüfatlarında şəkər çuğunduru, günəbaxan, meyvə-tərəvəz sahələrindən də nəzərdə tutulduğundan xeyli çox məhsul istehsal edilmişdir.
    Heyvandarlığın inkişafında da müsbət nəticələr var. Hazırda rayonun təsərrüfatlarında qaramalın sayı 31500, davarın sayı 43500, müxtəlif növ quşların sayı 219 min başa, arı ailəsinin sayı isə 6390 başa çatır. Keçən il rayon üzrə 3435,5 ton ət, 23 min ton süd, 13,5 milyon ədəd yumurta istehsal edilmişdir. Əvvəlki illə müqayisədə ət və süd istehsalı artmışdır.
    Tərtərdə sahibkarlığın inkişafına böyük önəm verilir, münbit şərait yaradılır. Rayon icra hakimiyyətində sahibkarlarla vaxtaşırı işgüzar görüşlərin keçirilməsi ənənəyə çevrilmişdir. Belə görüşlər zamanı sahibkarları narahat edən problemlər öyrənilir, onların aradan qaldırılması üçün tədbirlər görülür. Nəticədə yalnız ötən il 31 nəfər hüquqi, 921 nəfər fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün vergi orqanlarında qeydiyyatdan keçmişdir. Sahibkarlığın İnkişafı Fondu tərəfindən 2022-ci ildə rayonun sahibkarlıq subyektlərinə 1 milyon 729 min manat güzəştli kreditlər verilmişdir. Bu layihələrin icrası hesabına 46 nəfər üçün yeni iş yeri açılmışdır.
    Rayon ərazisində abadlıq-quruculuq işləri də səngimir. Tərtər şəhərinin asfalt yolları, zövqlə inşa edilmiş istinad divarları, yeni salınan yaşıllıqlar, ümumi səliqə-səhmanı hər kəsdə razılıq doğurur. 432 şagirdlik Xoruzlu kənd tam orta məktəbi bu yaxınlarda istifadəyə verilmişdir. Kovdadıq kəndində 20 şagirdlik ibtidai və Zolgərən kəndində 56 şagirdlik ümumi orta modul tipli məktəb kənd sakinlərinin istəyi ilə inşa edilmişdir. Tərtər şəhər 5 saylı tam orta məktəb üçün yeni binanın tikintisi isə davam edir. 320 şagirdlik Azad Qaraqoyunlu kənd tam orta məktəbinin tikintisinə yeni başlanıb, Bəyimsarov və Qazyan kəndlərində 50 yerlik körpələr evi-uşaq bağçalarının tikintisi sürətlə aparılır. Rayonda ekoloji tarazlığın qorunması məqsədilə Bərdə, Ağdam və Gəncə istiqamətlərində yol kənarlarına, yaşayış məntəqələrində, meşə zolaqlarında müxtəlif növ ağac, gül və həmişəyaşıl kollar əkilmişdir.
    Tərtərdə vətəndaş müraciətlərinə də diqqət və həssaslıqla yanaşılır. Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov deyir ki, Prezident İlham Əliyevin yüksək tribunadan özünü xalqın xidmətçisi olduğunu bəyan etməsi və uğurlu sosial siyasəti ilə bunu təsdiqləməsi ölkənin məmurları üçün örnəkdir, xəbərdarlıq mesajıdır və bu məsuliyyəti dərk etmədən dövlət başçısının etimadını doğrultmaq, rayon sakinlərinin rəğbətini qazanmaq mümkün deyil. M.Məmmədovun sözlərinə görə, RİH-də hər bir müraciət diqqətlə və operativ araşdırılır. Rayon icra hakimiyyətinin imkanları daxilində olan məsələlər operativ həll olunur. Digər problemlərin həllinə nail olmaq üçün isə əlaqədar mərkəzi qurumlar qarşısında məsələ qaldırılır.
    Lazım QULİYEV,
    “Azərbaycan”

    Müəllif: Redaktor, 11:53

İsmarıclar bağlıdır.