Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 17Mar

    HEYDƏR ƏLİYEV– 2023

    XX əsr milli tariximizin ən qüdrətli siması

    Bütün dövrlərdə hər bir xalqın tarixində onun xilaskarı kimi dərin izlər qoyan və xalqın fəxrinə çevrilən dahi şəxsiyyətlər olmuşdur. Azərbay-can xalqının da tarixində xilaskar kimi böyük fəxrlə yad etdiyimiz dahi şəxsiyyət Ulu Öndərimiz Heydər Əlirza oğlu Əliyevdir. Hazırda Azərbaycan Respublikasının vətəndaşları, bütün dünya azərbaycanlıları və türkdilli xalqlar müstəqil Azərbaycan Respublikasının yaradıcısı və memarı, XX əsr milli tariximizin ən qüdrətli siması olan görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ilini böyük həyəcan və sevinclə qarşılamağa hazırlaşır. Ümummilli lider Heydər Əliyevin bizlərə ərmağan etdiyi zəngin dövlətçilik irsi və həyat fəlsəfəsi hələ uzun müddət diqqət mərkəzində olacaqdır. Çünki Ulu Öndərin həyat və yaradıcılıq fəlsəfəsi öz xalqına həmişə sədaqətlə xidmət etmək, Azərbaycan Respublikasını müstəqil bir dövlət kimi formalaşdırmaq və onu dina-mik inkişaf yoluna qoymaq ol-muşdur. Məhz Heydər Əliyevin həyat və yaradıcılıq yoluna nəzər saldıqda Ulu Öndərin fəaliyyətinin ilk dövründən başlayaraq ömrünün sonuna kimi gördüyü işlərin bu fəlsəfəni həyata keçirmək məqsədi daşıdığının şahidi oluruq. Heydər Əliyevi fərqləndirən başlıca xüsusiyyətlər işlədiyi vəzifənin kiçikliyi və ya böyüklüyündən asılı olmayaraq yüksək əzmkarlığı hesabına məşğul olduğu problemi dərindən mənimsəməsi, özünə və ətrafındakılara qarşı tələbkarlığı, reallığı əks etdirən prinsipial mövqe tutması, üzərinə düşən vəzifəni maksimum səviyyədə uğurlu nəticə ilə yerinə yetirməsi olmuşdur.
    Ötən əsrin 90-cı illərinin əvvəlində müstəqilliyini bərpa edən Azərbaycanın ərazisinin bir hissəsinin Ermənistanın təcavüzünə məruz qaldığı, xarici təzyiqlərin və daxili çəkişmələrin tüğyan etdiyi bir dövrdə xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gələn Heydər Əliyev ölkəmizi dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini itirmək təhlükəsindən xilas edərək dövlətin dayanıqlı siyasi və iqtisadi inkişaf yolunu müəyyən etmişdir. Türkiyə ilə Azərbaycan “bir millət–iki dövlətdir” deməklə dahi siyasətçi Heydər Əliyev türkdilli dövlətlərin hazırkı sıx birliyinin təməlini qoymuşdur. Məhz dövlət və xalq qarşısındakı bu əzəmətli və əhatəli xidmətlərinə görə Heydər Əliyev irsini daim öyrənmək, qorumaq, təbliğ və tətbiq etmək, bugünkü və gələcək nəsillərə çatdırmaq dövlətimiz və xalqımızın qarşısında duran ən vacib və aktuallığını heç vaxt itirməyən qlobal məsələdir. Bu mənada Prezident İlham Əliyevin 2023-cü ilin “Heydər Əliyev ili” elan etməsi barədə imzaladığı Sərəncam Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları və türkdilli xalqlar tərəfindən böyük rəğbət və ruh yüksəkliyi ilə qarşılanır. He-sab edirəm ki, 2023-cü ilin “Heydər Əliyev ili” kimi qeyd edilməsi Ümummilli liderimizin əziz xatirəsini böyük coşğu ilə yad etmək və əbədiləşdirmək istiqamətində həyata keçirilən ən mühüm tədbirlərdən biridir.
    Azərbaycan Respublikasının Prezidenti kimi fəaliyyətə başladığı ilk günlərdən Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində separatçı ermənilər tərəfindən başlanmış Ermənistan-Azərbaycan müharibəsində 1994-cü il mayın 12-də atəşkəsə nail olundu. Bundan sonra ölkədə siyasi və iqtisadi sabitlik bərqərar oldu, siyasi sistemin təkmilləşməsi istiqamətində möhkəm addımlar atıldı və 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının yeni Konstitusiyası qəbul olundu. Onun rəhbərliyi ilə həyata keçirilən düşünülmüş tədbirlər nəticəsində əvvəlki iqtidarların dövründən başlayan sosial-iqtisadi tənəzzülün qarşısı alındı və 1996-cı ildən inkişaf başladı. Təbii ki, bütün bunlar elə də asan başa gəlmədi. Azərbaycanın inkişafını, Heydər Əliyevin hakimiyyətdə olmasını istəməyən bəzi daxili və xarici antiazərbaycan qüvvələr 1994 və 1995-ci illərdə dövlət çevrilişinə cəhdlər etmiş, terror aktları törətmək istəmişlər. Lakin Azərbaycan dövlətinin və xalqının, onun liderinin əleyhinə yönəlmiş bu qanunazidd hərəkətlərin və separatizm əməllərinin qarşısı Heydər Əliyevin düşünülmüş və uzaqgörən siyasəti sayəsində vaxtında və yüksək peşəkarlıqla alındı.
    Heydər Əliyev müstəqil və suveren Azərbaycanın daxili məsələlərini ustalıqla həll etməklə yanaşı xarici siyasətini də formalaşdırmağa başladı. Əvvəlki hakimiyyətlərin dövründə populist açıqlamalar, qeyri-real yanaşmalar nəticəsində qonşu ölkələrlə pozulmuş münasibətlər qaydasına salındı. Ümummilli liderin çoxsaylı xarici səfərləri ilə Azərbaycanın dünyanın öndə gedən dövlətlərlə xoşniyyətli əlaqələri yaradılaraq möhkəmləndi və respublikamıza uğur gətirən və bu gün də davam etdirilən xarici siyasət xəttinin tətbiqinə başlandı. Azərbaycan həm Rusiya və həm də ABŞ və Avropa ölkələri ilə yaxın qonşuluq, dostluq və strateji tərəfdaşlıq münasibətləri yaratmağa nail oldu. Türkiyə ilə “bir millət–iki dövlət” prinsipi əsasında əlaqələr daha da möhkəmləndi.
    Siyasi sabitlik əldə edildikdən və tərəfdaş ölkələrlə əlverişli əlaqələr qurulduqdan sonra ölkə iqtisadiyyatının inkişafı ilə bağlı çox ciddi islahatlara start verildi. Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın gələcəyini müəyyənləşdirən neft strategiyası işlənib hazırlandı və həyata keçirilməyə başlandı. Ciddi təzyiqlərə, bəzi böyük dövlətlərin etirazlarına baxmayaraq Xəzərin Azərbaycan sektorundakı neft yataqlarının işlənməsi ilə bağlı “Əsrin müqaviləsi” imzalandı. Azərbaycanın enerji resurslarını dünya bazarlarına çıxarmaq üçün Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin tikintisinə başlandı. Bütün bunlar Ümummilli Liderin özünün dediyi kimi Azərbaycanın müstəqilliyinin dönməz və əbədi olmasını təmin edən mühüm addımlar idi.
    Görkəmli dövlət xadimi olan Heydər Əliyev respublikamıza ikinci rəhbərliyi dövründə ölkəmizdə baş qaldırmış qardaş qırğınının tezliklə qarşısını aldı, Azərbaycan dövlətini və xalqını zamanın ən çətin sınaqlarından məharətlə çıxararaq müasir Azərbaycan dövlətinin qurucusu olduğunu sübut etdi. Heydər Əliyev ikinci dəfə müstəqillik əldə edən Azərbaycanı nəinki qoruyub saxladı, həm də ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni-mənəvi tərəqqisinə nail olmaqla onun dünyanın qabaqcıl ölkələri sırasına çıxmağını təmin etdi. Azərbaycan xalqı və Azərbaycan dövləti qarşısında misilsiz xidmətləri olan Heydər Əliyev sözün əsl mənasında dahi şəxsiyyət olduğunu sübut etdi. Qədirbilən xalqımız isə Ulu Öndəri özü-nün Ümummilli Lideri elan edərək onunla daim fəxr etdiyini bildirir.

    Heydər Əliyev Azərbaycan dövləti və xalqı qarşısındakı xidmətlərini izah edərkən demişdir: “İstər bir azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, istərsə də onun rəhbəri, Prezidenti kimi mənim həyat amalım yalnız sizə – bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizin, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib. Mən öz mənalı həyatımın düz 60 ilini xalqımın bu günü və sabahı ilə yaşamışam. Bunun son on ili müstəqil Azərbaycan dövlətinə xidmətdə keçib”.
    Ümummilli Liderimiz Heydər Əliyevin bu müdrik kəlamları onun müstəqil Azərbaycan dövləti, xalqımızın xoşbəxt gələcəyi naminə fəaliyyətinin manifestidir. XX əsr dünya tarixinin parlaq simalarından olan, xalqımızın müstəqillik arzusunu konkret dövlət modelində gerçəkliyə çevirərək milyonların qəlbində əbədi abidə ucaldan Ulu Öndərimiz Heydər Əliyev həm də müstəqil Azərbaycanın inkişaf strategiyasının müəllifi kimi böyük ehtiramla anılır. Gəncliyində memar olmaq istəyən dahi şəxsiyyət möhtəşəm bir abidənin qurucusu olmuş, özünün şah əsəri olan müstəqil Azərbaycan dövlətini yaratmışdır.
    Heydər Əliyev şəxsiyyətinin miqyası, böyüklüyü və əzəməti tarixin onun öhdəsinə buraxdığı taleyüklü məsələnin həllini təmin etmək qüdrətini nümayiş etdirdi. Bununla Azərbaycanın tarixində xilaskar lider adını daşımaq şərəfi məhz ömrünü, bütün qüvvə və bacarığını Azərbaycan xalqının azadlığı, müstəqilliyi uğrunda mübarizəyə həsr etmiş XX əsrin böyük siyasətçisi Heydər Əlirza oğlu Əliyevə qismət oldu. Ulu Öndərimiz bu şərəfli missiyanı həm Azərbaycan Respublikasına birinci və həm də ikinci dəfə hakimiyyətə qayıdışı dövründə əyani surətdə sübut etdi.
    Müasir Azərbaycanın memarı və qurucusu dahi Heydər Əliyevin adı isə Azərbaycanın özü qədər əbədi olacaqdır. Heydər Əliyevin Azərbaycan xalqına və dövlətçiliyinə bütün ömrü boyu şərəflə xidmət etməsi həm də onunla təsdiq olunur ki, bu dahi şəxsiyyət 2003-cü ildə Azərbaycanda Prezident seçkiləri ilə əlaqədar xalqa müraciətində özünün uzun illər formalaşdırdığı möhtəşəm siyasi kursu uğurla davam etdirə biləcək ünvanı dəqiq göstərməsidir. Həmin müraciətdə deyilir: “Üzümü sizə – həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
    Ulu Öndərin bu tarixi müraciətindən keçən iyirmi il onun dediklərinin yüksək dərəcədə həqiqət olduğunu bir daha göstərdi. Keçən dövr ərzində dörd dəfə Azərbaycan xalqının əksəriyyətinin böyük dəstəyini qazanaraq Prezident seçilən İlham Əliyev Ümummilli liderin layiqli varisi olduğunu və Azərbaycan Respub-likasını gündən-günə daha yaxşı gələcəyə apardığını sübut etdi.
    Bünövrəsi Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil Azərbaycan Res-publikası artıq iyirmi ildir ki, Prezident İlham Əliyev tərəfindən uğurla idarə olunur və ölkəmiz beynəlxalq aləm və dünyanın aparıcı ölkələri tərəfindən regionun lider ölkəsi kimi qəbul olunur. Bu isə təsadüfi deyildir. Belə ki, cənab İlham Əliyevin ölkəyə rəhbərliyə başladığı ilk vaxtlardan başlayaraq elmi-texnoloji inkişafa xüsusi diqqət verməsi bu sahədə uğurlu nəticələr əldə etməyə imkan vermişdir. Bunun sayəsində ölkəmizdə iqtisadiyyatın yeni sahələrinin müdafiə və kosmos sənayesinin formalaşması, innovasiyaların tətbiqinə əsaslanan sənaye və aqrar parkların yaradılması və onların ən yeni texnologiyalardan istifadə etməklə daxili bazarın tələbatını ödəyən və ixrac potensialını genişləndirən müxtəlif adda və çeşiddə məhsullar istehsalına başlaması Azərbaycanın uzun müddətli dayanıqlı və davamlı inkişafına zəmin yaradır. Bu isə o deməkdir ki, ölkə rəhbəri dünyada baş verən qlobal proseslərə uyğun müasir çağırışları təmin edən və gələcək inkişafa imkan verən sosial-iqtisadi siyasət formalaşdırır və onun həyata keçirilməsinə yönəlmiş tədbirlər görür.
    Prezident İlham Əliyev formalaşdırdığı və həyata keçirdiyi iqtisadi siyasətin əsasını isə iqtisadiyyatın şaxələndirilməsi, neft-qaz sektoru ilə yanaşı qeyri neft sektorunun da elmi-texnoloji əsaslarla inkişafı təşkil edir. Bu məqsədlə dövlət başçısı qeyri-neft sektorunun prioritet sahələri olan turizm və aqrar sahənin inkişafına daim xüsusi diqqət yetirir və bu sahələrdə uğurlu nəticələr əldə etmək üçün möhkəm maddi-texniki baza və infrastrukturun yaradılması istiqamətində təsirli tədbirlər görülür.
    Ölkəmizdə sosial və iqtisadi inkişafın qlobal çağırışlara uyğun aparılması sayəsində Azərbaycan Respublikasının iqtisadiyyatı son 18 il ərzində 3,3 dəfə artmış, valyuta ehtiyatlarımız 55 milyard dollardan artıq olmuşdur. Bu da respublikamızın gələcək inkişafının başqa ölkələrdən asılı ol-madan valyuta ehtiyatları ilə etibarlı təminatı deməkdir.
    Bu müddətdə sosial məsələlərə xüsusi diqqət yetirilmiş və bunun nəticəsində işsizlik və yoxsulluq səviyyəsi minimuma endirilmiş, orta aylıq əmək haqqı və pensiyalar dəfələrlə artmış, əhalinin içməli su və təbii qazla təminatı əsaslı surətdə yaxşılaşmışdır.
    Prezident İlham Əliyev Ulu Öndərin formalaşdırdığı strategiyaya uyğun həyata keçirdiyi tədbirlər nəticəsində Dünya Bankının “Doinq Business-2020” hesabatına əsasən dünya iqtisadiyyatında baş vermiş böhranlı 2020-ci ildə Azərbaycan mövqeyini 6 pillə yaxşılaşdıraraq 34-cü pillə-dən 28-ci pilləyə yüksəlmiş, növ-bəti dəfə dünyanın “Ən islahatçı 10 ölkəsi” sırasına daxil olmuşdur.
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasət və dərin islahatlar nəticəsində əldə edilən çoxsaylı uğurlar sırasında ən uca zirvədə isə 2020-ci ilin 27 sentyabr-10 noyabr tarixinə kimi davam edən 44 günlük Vətən müharibəsində Müzəffər Azərbaycan ordusunun Ermənistan üzərində qazandığı parlaq qələbə dayanır. Azərbaycan Respublikası-nın Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan bu qələbə Azərbaycan dövlətçilik və müharibə tarixinə qızıl hərflərlə yazıldı. Çünki, bu qələbə ölkəmizin ərazi bütövlüyünü təmin etdi, Ermənistanın uzun sürən işğalçılıq siyasətinə son qoydu və Azərbaycan Respublikası vətəndaşlarının və dünya azərbaycanlılarının əyilməz qürurunu özünə qaytardı.
    Hazırda işğaldan azad olunmuş əzəli Azərbaycan ərazilərinə Böyük Qayıdışla əlaqədar ölkəmiz tamamilə yeni bir dövrə qədəm qoyur. Bu mərhələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müəyyən etdiyi strateji vəzifə həmin ərazilərin ölkə iqtisadiyyatına sürətli reinteqrasiyasını təmin etməkdən ibarətdir. Bu məqsədlə Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq işğaldan azad olunan ərazilərin minalardan təmizlənərək bərpa və yenidənqurma işlərinə başlamaq, o cümlədən sosial-iqtisadi, enerji, kommunal, nəqliyyat infrastrukturunun yaradılması, rasional məskunlaşma siyasətinin həyata keçirilməsi və bununla da doğma yurduna qayıdan vətəndaşlarımıza layiqli yaşayış və işgüzar fəaliyyət üçün hərtərəfli şəraitin yaradılması nəzərdə tutulur. Artıq bu istiqamətdə Prezident İlham Əliyevin nəzarəti altında konkret işlər görülür və xeyli sayda həyati vacib obyektlər istifadəyə verilib. Artıq Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə Zəngilan rayonunun Ağalı kəndində təməli qoyulan ilk “ağıllı kənd” layihəsinin icrası başa çatmış və ilk sakinlərini qəbul etmişdir. Şübhəsiz ki, bu ərazilərdə aparılan bərpa və yenidənqurma işləri ölkəmizdə iqtisadiyyatın, xüsusilə aqrar sektorun, yeraltı sərvətlərin istifadəsi, turizmin və digər sahələrin inkişafına güclü təkan verəcək, respublikamızın daha qüdrətli bir diyara çevrilməsinə öz töhfəsini verəcəkdir.
    Prezident İlham Əliyevin apardığı quruculuq işləri və həyata keçirdiyi uzaqgörən siyasət sayəsində əldə olunan nailiyyətlər bir daha təsdiq edir ki, Ulu Öndərimiz Heydər Əliyevin Azərbaycan Respublikasına başçılıq etdiyi illər ərzində ölkəmizin müstəqilliyi istiqamətində həyata keçirdiyi genişmiqyaslı işlər Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində öz bəhrəsini verir, Ulu Öndərin Azərbaycan xalqı və dövlətinin gələcək inkişafı naminə irəli sürdüyü ideyaları bu gün yaşayır və zəfər çalır. Biz hamımız inanırıq ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası Heydər Əliyev ideyalarına uyğun olaraq gündən-günə inkişaf edən, böyük iqtisadi potensiala malik və demokratik bir ölkə kimi öz suverenliyini və liderliyini daim saxlayacaqdır.

    Züleyxa Mustafayeva,
    Tərtər rayon Qeydiyyat şöbəsinin rəisi
    vəzifəsini icra edən

     

    Müəllif: Redaktor, 14:53

İsmarıclar bağlıdır.