Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Apr

    YUXULAR CİN OLUB

    Qəzetimizin 12 aprel 2017-ci il tarixli sayında mərhum əməkdaşımız Əvəz Nəsirovun “Kaş yuxularım çin ola!” sərlövhəli məqaləsi dərc olunub. Burada Sarıdaş kəndindən olan Xublar nənənin Kəlbəcərlə bağlı kövrələ-kövrələ danışdığı xatirələrindən bəhs edilir: “Sarıdaşın tarixi çox qədimdir, bu kənddə yaşayan insanların hamısı uzunömürlüdürlər. Xublar nənə deyir ki, bir də eşitdik ki, ermənilər Kəlbəcərə giriblər. 9 nəfər ailə üzvlərimizlə hər şeyimizi qoyub Murov dağına piyada gəldik. Murov yolunda maşın, insan əlindən yerimək olmurdu…”
    Məqalə bu sonluqda bitir:
    “Oğul, yaşımın çox olmasına baxma, hər şeyi yaxşı dərk edirəm. Ordumuzun günü-gündən gücləndiyini gördükcə, bir daha əmin oluruq ki, igid əsgərlərimiz qısa müddət ərzində torpaqlarımızı mütləq geri qaytaracaqlar. Onda təkcə biz yox, bütün qaçqın və köçkünlərimizin hamısı öz yurd-yuvalarına qayıdacaqlar.”
    Bu gün Xublar nənənin yuxuları da, arzuları da çin olub. Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük savaşda əldə etdiyi Qələbə nəticəsində torpaqlarımız işğaldan azad edildi. Kəlbəcər də Müzəffər Ali Baş Komandanın Qarabağ müharibəsində yürütdüyü hərbi-siyasi yolun davamı olaraq bir güllə atılmadan azad olundu və düşmən rayondan çıxmağa məcbur edildi. Bu, Azərbaycanın döyüş meydanında olduğu kimi diplomatik danışıqlarda da qalib olmasının göstəricisidir.
    Bu günlərdə yenidən Hüseynovlar ailəsində olub, onların həm güzəranı, həm də əhval-ruhiyyələri ilə maraqlandıq. Xublar nənənin oğlu Əsgər Hüseynovla həmsöhbət olduq. O dedi:
    –Sarıdaş kəndindən çıxanda ailəmiz 11 nəfərdən ibarət idi. Atam, anam və 9 bacı-qardaş. Əynimizdəki paltardan başqa heç nəyimiz yox idi. Valideynlərimin illər uzunu əziyyətlə başa gətirdikləri ev-eşiyimiz, mal-qaramız yağı düşmənə qalmışdı. Sağolsun hökumətimiz və Tərtər camaatı. Bizə dayaq oldular. Əvvəl şəhər 3 saylı orta məktəbin yardımçı otaqlarında məskunlaşmışdıq. Sonralar uşaqlardan kimisi Goranboy, kimisi Bərdə rayonunda özünə şərait yaratdı. Atam, anam, 3 bacım və bir qardaşım məcburi köçkün həyatının çətinliklərinə dözməyərək Kəlbəcəri görmədən dünyalarını dəyişdilər.
    “Kəlbəcərin azad olunması xəbərini necə qarşıladınız?” – sualına Əsgər Hüseynov sevinc göz yaşları ilə cavab verdi. Bildirdi ki, ermənilərin Kəlbəcəri tərk etmələri barədə xəbəri eşidəndə ilk növbədə anam yadıma düşdü, onun böyük inamla dediyi sözləri xatırladım. Keçmiş məcburi köçkün onu da dedi ki, hal-hazırda onun ailəsinə Şıxarxdakı yeni qəsəbədə rahat üçotaqlı mənzil veriblər. Dolanışıqları yaxşıdır. Ancaq kəlbəcərlilərin doğma yurda qayıdışı başlayan kimi, onun ailəsi birincilər sırasında gedəcək.
    Hər il aprel ayında biz ürək ağrısı ilə Kəlbəcərin işğal gününü qeyd edirdik. Möhtərəm Prezidentimiz İlham Əliyev və Azərbaycan Ordusu yeni tarix yazdılar. Bununla belə, 1 milyondan artıq soydaşımızın faciəsinə səbəb olan işğal tarixi unudulmamalıdır. Bu qanlı faciələri törədənlər isə gec-tez beynəlxalq qanunlara uyğun öz cəzalarını alacaqlar.

    Svetlana BAĞIROVA

     

    Müəllif: Redaktor, 10:29

İsmarıclar bağlıdır.