Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 28Apr

    Birinci Qarabağ müharibəsi şəhidi Xəlil Əzimovun
    anım günü münasibəti ilə

    20 il öncə Qaynaq kəndindən bir şəhid anası ilə tanış olmuşdum.İndi Tanrı dərgahında haqq dünyasına qovuşub.
    “Bir vaxt körpə idi, qucağımda gəzdirirdim, indi də şəklini qoynumda gəzdirirəm,”- deyib, oğlunun şəklini çıxarıb göstərmişdi, kövrələ-kövrələ:”Mənim 7 oğlum, 1 qızım var. Oğlanlarımı elə tərbiyə etmişəm ki, düşmənin qarşısına ürəklə çıxıblar.
    Xəlil mənim böyük oğlum idi. Erməni “dığa”ları “Qarabağ bizimdir,”- deyəndə könüllü cəbhəyə getdi, kişi kimi döyüşdü, Şıxarx kəndi uğrunda gedən döyüşlərdə kişi kimi də həlak oldu. ”- demişdi.
    O vaxt bir yazı yazmışdım, onun şəhid oğlundan…
    …Xəlil Əzimov 1958-ci ildə Qaynaq kəndində dünyaya göz açmışdı. Doğulduğu kənddə 8-ci sinfi bitirdikdən sonra Sumqayıtda 35 saylı orta texniki peşə məktəbini bitirmiş, sonra hərbi xidmətə yola düşmüşdür.
    Xəlil hərbi xidmətdən qayıtdıqdan sonra kolxozda işləyir, ailəsinə kömək edirdi…
    …Torpaq uğrunda canından keçdi, şəhidlik zirvəsinə ucaldı, elə doğulduğu kənddə də torpağa tapşırıldı.
    Ondan sonra əkiz qardaşları İlham və İlqar cəbhəyə getdilər, vuruşdular, düşməndən qardaşlarının qisasını aldılar. Müharibədən hər ikisinin bədənində güllə, qəlpə yarası yadigar qaldı.
    Mayın 11-i Xəlil Əzimovun şəhid olduğu gündür. Dünyasını dəyişənə kimi Pakizə xala ürəyində bu dərdi daşıdı, təskinliyi tək onda tapırdı ki, oğlu vətən yolunda şəhid olub. Vaxtilə Xəlilin oxuduğu Qaynaq kənd ümumi orta məktəbi indi onun adını daşıyır.
    Pakizə xalanın 20 nəvəsi, 12 nəticəsi olsa da ürəyi Xəlil sarıdan çox nisgilli idi: “Kaş ki, onun da özündən sonra bir yadigarı qalaydı,”- deyirdi.
    Allah sənə rəhmət eləsin, şəhid anası! Xəlildən vətənə sədaqət, mərdlik qaldı. Şəhid kimi ən yüksək zirvəyə ucaldı. Doğma Tərtərimizə Xəlil kimi oğullarımız sayəsində düşmən ayağı dəymədi. Belə oğul böyütdüyünüz üçün sizə borcluyuq.
    P.S.May ayının 11-i Birinci Qarabağ müharibəsi şəhidi Xəlil Əzimovun anım günü olduğu üçün onun və bu dünyadan oğul nisgili ilə köçən anası Pakizə xalanın xatirəsini kiçik bir yazı ilə də olsa anmağı özümə borc bildim. Allah rəhmət eləsin!
    Xəlilin həlak olmasının 31-ci ildönümü münasibəti ilə bir daha onun doğmalarına başsağlığı verir, Ulu Tanrıdan bütün şəhidlərimizə rəhmət diləyir, “Vətən sağ olsun, Vətən üçün oğul böyüdən analar sağ olsun!”,- deyirəm. Və belə analardan biri olan Pakizə xalaya da Ulu Tanrıdan rəhmət diləyirəm.

    Svetlana ƏZİZOVA

     

    Müəllif: Redaktor, 11:33

İsmarıclar bağlıdır.