Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 08May

    Deyilənə görə, ötən əsrin əvvəllərində Şuşada Dürüş adlı xanım-xatın, gözəl-göyçək bir qadın yaşayırmış. Onun xasiyyəti də elə xarici görkəmi ilə üst-üstə düşürdü. Buna görə də əhali arasında böyük hörməti vardı. Xüsusilə qadınlar Dürüş xanımı məsləhət yeri bilirdilər. Elə ki o kəlağayısını başına salıb qapıdan çıxdı, hamı yaxşı bilirdi ki, arxasınca getdiyi işi həll etməyincə, geri qayıtmayacaq.
    Dürüş xanımın həyat yoldaşı da özünə yaraşan idi. Ticarətdə əli gətirirdi. Odur ki, yaxşı dolanışıqları vardı. Ev işlərini qulluqçular görürdülər.
    Bunlara baxmayaraq, Dürüş xanımın özünün ürəyinə yatan bir iş vardı ki, o, bunu qulluqçula-ra tapşırmır, yalnız özü görərdi.
    Bu evə gəlin köcəndən böyük mülkün ən işıqlı, geniş otağını seçib burada gəbə toxumaq üçün hana qurdurmuşdu. O biri otaqlardan fərqli olaraq bu otağın pəncərələrinə pərdə vurmamışdı. İlin bütün fəsillərində buradan Şuşanın gözəl mənzərəsini seyr etmək mümkün idi. Bu mənzərədə hansı rənglər, hansı çalarlar yox idi və bunların birləşməsindən hansı ilahi gözəlliklər yaranmırdı?! Hananın qarşısında oturan Dürüş xanımın əlləri saplar üzərində gəzir və təbiətin gözəlliyi onun ürəyindən keçərək zərif ilmələrə çevrilirdi.
    İllər uzunu toxuduğu gəbələr bu qadın üçün adi əşya deyil, həyatının bir parçası, özü də çox mənalı parçası idi.
    Övlad sarıdan Dürüş xanımın dünyada vur-tut bir oğlu vardı, onu da qonşudakı yetim qızla evləndirmişdi. Oğlundan da, gəlinindən də narazı deyildi. Sözəbaxan, böyüyün-kiçiyin yerini bilən uşaqlarıydı. Amma bir məsələ daim Dürüş xanımı narahat edirdi: cavanlarda özlərinin zirəkliyini, yanımcıllığını, həyat eşqini görmürdü. Qorxurdu ki, onlar yaxşını pisdən, düzü əyridən seçə bilməsinlər. Axı, insanın maraq dairəsi, arzuları nə qədər böyük olsa, ayaq üstə bir o qədər möhkəm dayanır. Yalnız özlərinə qapanıb yaşayan insanlar isə daim çətinlik çəkirlər.
    Böyük Yaradan hər kəsə bir ömür payı verir. Dürüş xanım da dünyadan köçəndə bu ömür yolunda nə qədər xeyirxah işlər gördüyünü xəyalına gətirib, arxayın gözlərini yumdu. Artıq onun həyat yoldaşı da bu dünyada yox idi. Yurdda oğlu və gəlini qalmışdı.
    Hələ ki, valideynlərinin qalmış var-dövləti onlara yaxşı yaşamağa imkan verirdi. Amma evə gələn qonaq-qaranın sayı getdikcə azalırdı…
    Bir gün həyət qapısı möhkəm döyüldü. Təklikdən qəribsəmiş cavanlar qonağın gəlişinə sevinib, qapıya tərəf getdilər. Gələn Şuşada hamının yaxşı tanıdığı arabaçı Telli Fərhad idi.
    Telli Fərhad söhbətə lap uzaqlardan başlayıb, yavaş-yavaş mətləbə yaxınlaşdı. Dedi ki, bəs bu yaxınlarda İrandan gələn olub, deyirlər ki, bu ölkədə xəlilər var, iki göz bəs eləmir tamaşasına dursun. İranlılar bu xəliləri Şuşa qadınlarının toxuduqları gəbələrə dəyişirlər. Bildiyimə görə…
    Telli Fərhadın sözü ağzında yarımçıq qaldı. Oğul ilə gəlini tez ayağa qalxıb, Dürüş xanımın çoxdan bəri qapıları açılmayan otağına keçdilər. Hər biri sənət əsəri olan gəbələri daşıyıb arabaya yığdılar. Bir araba yükü düzəldi.
    Yerə-göyə sığmayan sevincini ev yiyələri duymasınlar deyə, arabaçı iri papağını gözlərinin üstünə basdı, tələsik öz yerinə qalxıb, ata bir-iki qamçı çəkdi…
    Deyirlər ki, Dürüş xanımın oğlu və gəlini ölənəcən Telli Fərhadın yolunu gözlədilər. Ancaq onu bir daha nə Şuşada, nə də ətraf rayonlarda görən olmadı…

    Svetlana BAĞIROVA,
    20 noyabr 2010

    Müəllif: Redaktor, 08:44

İsmarıclar bağlıdır.