Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 08May

    XATİRƏLƏRDƏ QALAN GÖRÜŞLƏR

    Yaşanılan tarix dahi insanları, nadir şəxsiyyətləri ilə dəyərləndirilir. Hər bir xalqın tarixdə öz imzasını qoymasında belə övladlarının rolu misilsiz olduğu qədər, həm də yaddaqalandır. Onların ideya və əməlləri illər keçsə də unudulmur, xoş xatirələrə çevrilib yaddaşlara köçür. Bu xatirələrə əbədiyaşarlıq vermək, onları kağız üzərinə, videolentlərə köçürmək isə jurnalistlərin, yazarların üzərinə düşən ən şərəfli vəzifə olaraq qalır.
    * * *
    Nəinki ölkəmizdə, hətta bütün dünyada tanınan və sevilən nadir şəxsiyyətlərdən biri də Azərbaycan xalqının böyük oğlu, Ulu Öndərimiz Heydər Əliyevdir. Həmişə xalqına arxalanan bu qüdrətli insan bu gün də Azərbaycan xalqının yaddaşında öz böyüklüyünü qoruyub saxlayan, hər kəsə doğma olan bir şəxsiyyət kimi yaşayır.
    Bugünkü müsahibimiz Ulu Öndərlə dəfələrlə görüşən və bu görüşləri ömrünün ən şirin, yaddaqalan anları kimi həvəslə xatırlayan Yadigar Əhmədovdur. O, 1930-cu ildə Tərtər rayonunun Balakəngərli kəndində anadan olub. Uşaqlıq çağları ağır müharibə illərinə təsadüf etdiyindən, əmək fəaliyyətinə kiçik yaşlarından başlayıb. Ömrü boyu yalnız öz əllərinin zəhmətilə halal çörək qazanan Yadigar kişi həyatının maraqlı, unudulmaz anlarını belə xatırlayır:
    – Mənim ilk iş həyatım Mingəçevir Su Elektrik Stansiyasının tikintisində fəhlə işləməklə başlayıb. Sonra hərbi xidmətdə olmuşam. Cavanlıqdan idmana həvəs göstərmişəm. Hərbi xidmətdə dəfələrlə qaçış üzrə idman yarışlarında iştirak edib, həmişə 1-ci və 2-ci yerləri tutmuşam. Əsgəri xidmətdən sonra birillik sürücü-mexaniklik kursunu bitirib, müxtəlif idarə və təşkilatlarda traktorçu kimi fəaliyyət göstərmişəm. Ot biçini və pambıq yığımı vaxtı kolxozlara köməyə göndərilirdim. Heç vaxt işdən, çətinlikdən qorxmamışam. Öz işimdən zövq almışam. Həmişə də adım qabaqcıllar sırasında çəkilib, əməyim dövlət tərəfindən qiymətləndirilib. 1976, 1978, 1979-cu illərdə “Sosializm yarışının qalibi” döş nişanı ilə, 1989-cu ildə isə “Əmək veteranı” medalı ilə təltif olunmuşam.
    Yadigar Əhmədov Ümummilli Liderimiz Heydər Əliyevlə görüşlərini ömrünün ən şirin anları kimi unutmur, xatirələrini bizimlə bölüşməkdən zövq alır:
    – Mən özümü xoşbəxt sanıram ki, Ulu Öndərimizlə bir neçə dəfə görüşmək qismətim olub. Cənab Heydər Əliyevi ilk dəfə öz doğma kolxozumuzda – “Özbəkistan” kolxozunda, ikinci dəfə Gəncə pambıq zavodunda, üçüncü dəfə isə Ulu Öndərimiz Sərsəng Su Anbarının açılışına gələrkən görmüşəm.
    Sərsəngə gedərkən yolu Tərtərdən keçən Ümummilli Liderimiz “Ana abidəsi”ndə maşından düşüb, onu qarşılamaq üçün yolboyu düzülmüş zəhmətkeşlərlə görüşdü. Həmin vaxt mən əlimdə gül ona yaxınlaşdım. Əl verib görüşdük, gülləri təqdim etdim və dedim ki, “Mənim atamın da adı Heydərdir”. Bu sözüm bir qədər də gülüş yaratdı. Ondan sonra nə zaman, harda dahi rəhbərimizlə görüşmək qismətim olubsa, həmişə çəkinmədən yaxınlaşıb əl vermişəm. Çünki o, çox sadə, səmimi bir insan idi. Sadə əmək adamlarının qayğısına qalır və onlara qiymət verirdi.
    Yadigar kişinin hal-hazırda 5 övladı, 9 nəvəsi olsa da, bu gün tək yaşayır. Buna baxmayaraq yenə çalışır, öz təsərrüfatını özü idarə edir. Maşallah, hələ gümrahdır. O, dövlətə və dövlətçiliyə sadiq bir insandır. Bu günlərdə möhtərəm Prezidenti-mizin Fərmanı ilə minimum əmək haqlarının və pensiyaların artırılması onun da hədsiz sevincinə səbəb olub. Söhbətimiz zamanı təqaüdçülərin qayğısına qalan cənab Prezidentimizə minnətdarlığını bildirməyi də unutmadı.
    Bu da Ümummilli Liderimizi yaxından görmüş yaşlı insanlardan birinin xatirələri idi. Sizlərə təqdim etdik ki, bizdən sonra gələn nəsillərə ərməğan olsun, hələ çox-çox illər unudulmasın deyə.

    Solmaz KAZIMOVA
    “Yeni Tərtər” qəzeti,
    5 oktyabr 2010-cu il

    Müəllif: Redaktor, 08:59

İsmarıclar bağlıdır.