Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 08May

    Dahi şəxsiyyətin uzaqgörən siyasətindən bəhrələnən minlərlə insandan biriyəm

    2023-cü il hamımız üçün əlamətdar ildir. Ümummilli Lider Heydər Əliyevin anadan olması-nın 100 illiyi ölkəmizdə böyük təntənə ilə qeyd olunur. Heydər Əliyev kimi dahi şəxsiyyətlə görüşmək, xatirələrini danışmaq özü bir xöşbəxtlikdir.
    Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Heydər Əliyev kimi dahilər min ildə bir doğulur və xalqının taleyində, tarixində silinməz izlər qoyur, ölkəsinin ən çətin, ağır dövründə xilaskar rolunu oynayır.
    Bu dahi insanın fəaliyyətinə, keçdiyi ömür yoluna nəzər salanda aydın görürük ki, Heydər Əliyev bir çox siyasi xadimin edə bilmədiyini gerçəkləşdirmiş, müasir dünyanın ən aktual çağırışlarına cavab vermək bacarığı ilə XX və XXI əsrlərin tanınmış siyasi xadimləri arasında həmişəlik öz layiqli yerini tutmuşdur. Xalqımızın yetirdiyi nadir dövlət xadimlərindən olan Heydər Əliyev yaşadığı bütün həyatı boyu hər zaman xalqını, vətənini düşünmüşdür. Onun ürəyi Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, doğma xalqının xoşbəxtliyi üçün çırpınmışdır. Ulu Öndər bir dövlət başçısı kimi Azərbaycanın ən çətin, üzücü anlarında onu xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmiş, ölkəsini bəlalardan qurtarmağı bacarmışdır.
    1972-1988-ci illərdə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə ölkəyə lazım olan mütəxəssis kadrlar yetişdirmək məqsədilə Azərbaycanın ali məktəblərində yeni-yeni ixtisaslar üzrə fakültələr açılır, hər il 900-dən artıq gənc Sovet İttifaqının qabaqcıl ali məktəblərində təhsil almağa göndərilirdi. Mən də həmin gənclərdən biri olmuşam. 1982-ci ildə orta məktəbi bitirdikdən sonra eksperiment yolu ilə Xarkov Aviasiya İnstitutunun təyyarəqayırma fakültəsinə daxil olmuşam. Daha sonra Xarkov Mühəndis-İqtisad İnstitutunun maşınqayırmanın iqtisadiyyatı və idarə olunması fakültəsini bitirmişəm. Təhsilimi başa vurandan sonra Vətənə qayıtmışam. 32 ildir dövlət qulluğunda çalışıram. Mən həyatda əldə etdiklərimə görə Heydər Əliyevə borcluyam. Onun apardığı dahi şəxsiyyətlərə məxsus bu uzaqgörən siyasətdən bəhrələnən minlərlə insanlardan biri də mənəm.
    Həyatımda iki dəfə Ümummilli Liderlə görüşmək xöşbəxtliyi mənə nəsib olmuşdur. 1982-ci ildə instituta daxil olandan sonra Ümummilli liderimizlə Lenin adına sarayda (indi Heydər Əliyev adına saray) görüşümüz olub. Görüşdə valideynlərimiz də iştirak edirdi. Əvvəlcə sarayın foyesində böyük ziyafət təşkil olunmuşdur. Sonra isə təntənəli mərasim oldu. Ulu Öndər bizi təbrik etdi, hamımıza qiymətli hədiyyələr verdi, avqust ayı üçün hər birimizə tələbə təqaüdü verdi və hər birimizin təyyarə ilə pulsuz təhsil alacağımız şəhərlərə çatdırılmasını təmin etdi. Getdiyimiz şəhərdə təyyarə limanında bizi qarşıladılar və təhsil alacağımız ali məktəblərə apardılar. Bizi müvəqqəti qeydiyyata alıb institutun tələbə yataqxanasında yerləşdirdilər.
    Təhsil aldığımız illərdə də biz Ulu Öndərin diqqətindən kənarda qalmadıq. Xalqımızın xilaskarı Moskva şəhərində yaşayanda və SSRİ kimi nəhəng bir dövlətin rəhbərlərindən biri olanda da bizə – azərbaycanlı tələbələrə diqqət və qayğısını əsirgəmirdi. Azərbaycanla bağlı bayramlarda Ulu Öndər azərbaycanlı tələbələrə bayram təbrikləri göndərirdi. Təhsil aldığımız ali məktəbin rəhbərləri bizi institutun iclas zalına yığır, bu teleqramları oxuyur və Heydər Əliyevin təbrikini bizə çatdırırdılar. Biz tələbələr onunla fəxr edirdik.
    Ümummilli Liderimizlə ikinci görüşüm 1998-ci ildə Bakı şəhərində oldu. Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti olarkən 70-80-cı illərdə keçmiş SSRİ-nin müxtəlif şəhərlərində təhsil almış tələbələri Respublika sarayına yenidən yığdı. Orada geniş toplantı keçirdi. Heydər Əliyev həmin toplantıda giriş nitqi söylədi. Dedi ki, mən sizi Azərbaycanın bu günü üçün yetişdirmişəm. Azərbaycan müstəqil dövlətdir. Siz də Azərbaycanın yüksək ixtisaslı kadrlarısınız. Sizinlə birlikdə işləyəcək, ölkəmizi inkişaf etmiş dövlətlər sırasına çıxaracağıq və bütün dünyaya tanıdacağıq. Sizlərdən hansınız hazırda işləmirsə onları işlə təmin edəcəyik. Həmin görüşdə biz Ümummilli Liderin diqqət və qayğısını bir daha yaxından hiss etdik. Bu kadrlar–peşəkar mütəxəssislər sonra respublikamızın dövlət strukturlarında müxtəlif vəzifələrdə işləməyə cəlb olundu.
    Azərbaycan Respublikası Nazirlər Kabinetinin təşəbbüsü ilə 2 may 2023-cü il tarixdə Bakı şəhərində Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş Azərbaycandan kənarda təhsil almış mütəxəssislərin toplantısı keçirilib. Tərtər rayonundan 2 nəfər bu toplantıya dəvət alıb. Mən və Məhəmməd Şirinov toplantıda iştirak etmişik. Şox duyğulandım, 41 il öncə Ümummilli Liderlə görüşümüz gözümün önündə yenidən canlandı. Bu hissləri sözlə ifadə etmək mümkün deyil. Orada tələbə yoldaşlarımızla görüşdük. Keçmişə qayıtdıq. Gəncliyimizi və hamımızın borclu olduğumuz Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini yad etdik.
    Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi Ulu Öndəri var. Xalqımız onu qəlbin-də əbədi yaşadacaq, Azərbaycan və Heydər Əliyevin adı əsrlər boyu bütün dünyada qoşa səslənəcəkdir.
    Azərbaycan xalqı Ulu Öndərin siyasi kursunu davam etdirməklə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da öz tarixinin yeni, şanlı səhifələrini yazacaq, daha yüksək zirvələr fəth edəcəkdir.

    Ədalət MƏMMƏDOV,
    Tərtər Rayon Statistika
    İdarəsinin rəisi

     

    Müəllif: Redaktor, 09:29

İsmarıclar bağlıdır.