Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 26May

    “EHTİYACIM VAR SƏNƏ”

    Bu günlərdə həmkarımız, istedadlı şairə-jurnalist Svetlana Əzizovanın (Xəyalə) ”Ehtiyacım var sənə” adlı yeni kitabı çapdan çıxıb. Bu, Svetlana xanımın sayca dördüncü kitabıdır.Yeni kitab haqqında öz fikirlərimizi söyləmədən əvvəl, istərdim ki, kitaba ön söz əvəzi verilmiş tanınmış qələm sahiblərinin bir neçəsinin sözlərini oxucularımızın diqqətinə çatdırım. “Svetlana, mən istərdim ki, aşağıdakı sözlər sənin kövrək, həzin poeziyanı həmişə bəzəyə bilsin: “Məhəbbəti o uşaqdan öyrən ki, anası onu döydükdə belə, o, yenə də anasının ətəyinə sığınır”. Hörmətlə, Əmirxan Xəlilov. 26.11.1982.”
    “Svetlana, arzu edirəm ki, taleyin də adın kimi işıqlı olsun. Bir də unutma ki, bizim qızların, qadınların sənətkar olub kamilləşməsi bir sıra çətinliklərə urcah gəlir. Arzum budur ki, o çətinlikləri Nüşabə kimi, Həcər kimi dəf edib, xalqa və əlbəttə taleyinə xidmət edəsən. Hörmətlə, Ağa Laçın. 26.11.1982.” “Şair xalqımızın şairə qızı Svetlana. Sizə öz üzərinizə götürdüyünüz məsuliyyətli işdə, acılı-şirinli ömür yolunda şair inadı, şair səbri, şair dözümü arzulayıram. İstərdim ki, bu sınaqlardan mətanətlə çıxasınız. Hörmətlə, Saleh Salahzadə. 9.11.1983”
    Svetlana xanımın yeni çapdan çıxmış kitabı hələ ötən əsrin 80-cı illərində poeziyada kövrək addımlarını atan gənc bir qələm sahibinin bu gün özünü təsdiq etməsidir. Kitab altı bölmədən ibarətdir: “Dünya bir pəncərədir”, “Göydən bir ulduz uçdu”, “Mənim xan çinarım”, “Ehtiyacım var sənə”, “Sənə səndən gileyim var” və “Adilikdən qorxuram”.
    “Ehtiyacım var sənə” ktabındakı şeirlər insanda nostalji hisslər oyadır, bu sürətlə uçub gedən günlərimizdə sanki bizi bir an dayanıb düşünməyə, keçmişə baxmağa səsləyir. Sətirlərin hamısı məhəbbətə bələnib. Burada Tanrı, Vətən sevgisi, doğmalara olan məhəbbət var. Bu da təbiidir. ”Mənim “arzum” şeirində Svetlana xanım yaradıcılığının əsas qayəsi barədə belə deyir:
    Yazmaq istəyirəm mən elə şeir ki,
    Həmişə qəlblərə yol tapa bilsin.
    Yayılsın şeirlərim uzaq ellərə,
    Hər bir duyan ürək onu dinləsin.

    Şeirlərim qoy güc alsın inamdan,
    Qəlbimin atəşi tökülsün ona.
    Güc alsın onlardan duyğulu insan,
    Nur saçsın xalqımın arzularına.
    Şairənin özünün dediyi kimi, o, öz şeirlərində tez-tez uşaqlıq çağlarına qayıdır:

    Hərdən uşaqlığı salsam da yada,
    İndi o illərdən mən çox uzağam.
    Artıq xatirə tək qalan çağlara
    Bir də şeirlərimdə qayıdacağam.
    Bu baxımdan ”Su daşı” şeiri səmimiliyi ilə seçilir.Burada həmçinin xalqımızın etnoqrafiyası bədii şəkildə öz əksini tapır:
    Su daşı…
    Suyu dupduru göz yaşı.
    Nənəmdən qalan yadıgarım,
    Mənim həyatda ən əziz daş varım.
    İçində anamın əlinin izi,
    Suyunda nənəmin gülümsər üzü.
    Baxır uzaqdan balaca bir qız
    Ürəyi dünyanın dərdindən uzaq,
    Nurlu, tərtəmiz ulduz.
    “Mənim xan çinarım” bölməsindəki şeirlərdə diqqəti cəlb edən insanla təbiətin vəhdəti, ayrılmaz olmasıdır. Məsələn, “Mənim xan çinarım” şeirində olduğu kimi:
    Yalvarıram sənə, ey xan çinarım,
    Ey mənim mənim tək tənha çinarım.
    Sındırmaq istəsə tale vaxt, bivaxt
    Baş əymə namərdə, baş əymə heç vaxt.
    Əyilmə, xan çinar, əyilsən əgər,
    Mənim də vüqarım o vaxt əyilər.
    Onun şeirlərində həmçinin həsrət, ötən günlərin şirin xatirələri yaşayır:

    Yenə durna səsi gəlir uzaqdan,
    Onlara nə əlim, nə səsim çatır.
    Kövrəltdi durnalar yamanca məni,
    İndi xatirələr başımı qatır.
    Svetlananın anasına həsr etdiyi “Saxlaya bilmədim, anam qocaldı” şeiri də oxucuları duyğulandırır.
    Ömrünü-gününü şam eylədi o,
    Gecəsin əridib ram eylədi o.
    Neylədi hamısın tam eylədi o,
    Saxlaya bilmədim, anam qocaldı.

    Ay aman, qoymayın, anam qocalır,
    Desəm də harayım haraya çatır.
    Nisgili qəlbimi didir, qanadır.
    Saxlaya bilmədim, anam qocaldı.
    “Ehtiyacım var sənə” bölməsində əsasən məhəbbət şeirləri toplanıb. Bu şeirlərdə müasir gənclərimizə nümunə ola biləcək saf duyğular, qadın sədaqəti əksini tapıb.“Həyat yoldaşıma” şeirində olduğu kimi:
    Ömürdən ömrünə ömür calamaq,
    Könlümün ən gözəl saf niyyətidir.
    Sənli dünyaya açılan səhər
    Sənsiz dünyanın tam zülmətidir.
    Yaxud:
    Tərtəmiz bir istək umuram səndən,
    Başqa umacağım, təmannam yoxdur.
    Adi bir qayğı, adi bir söz də
    Mənimçün dünyada hər şeydən xoşdur.
    “Sənə səndən gileyim var” bölməsində toplanan şeirlərdə bir az giley, bir az kədər duyulur.
    Ömrümün üstünə illər iz salıb,
    Saçımın qarası onlarda qalıb.
    Sevinc uzaq qaçıb, gözdə yaş qalıb,
    Mən belə dünyada necə yaşayım?
    “Adilikdən qorxuram”. Burada topla-nan qısa mənsur şeirlər fəlsəfi fikirləri ilə diqqəti cəlb edir. Bunların hər biri həyatımızın bir parçasıdır, bizə çox yaxındır, doğmadır. Ona görə də maraqla oxunur və yaddaşlarda qalır. Məsələn, “Nağıl paylı saçı qarlı nənəm”: “Sərin, həzin bir yay axşamı idi. İkimiz də qar saçlı nənəmin dizlərinə sığınmışdıq. İkimizə də maraqlı, sirli, sehrlə dolu gəlirdi həyat. İkimiz də diqqətlə qulaq asırdıq nənə payına, şirin nənə nağılına… Sirli, əfsunlu idi nənəmizin nağılları”.
    Yəqin bu sətirləri oxuyanların gözləri önündə öz nənəsi, nənəsinin nağıllı dünyası canlanır. Çoxumuz həyatda mərhəmətli olmağı, yaxşını-pisdən ayırmağı elə bu nağıllardan öyrənmişik, elə Svetlana xanımın özü kimi. Onu da deməyi özümə borc bilirəm ki, onun nənəsinin nağıl dünyasından bizə – bacıma, qardaşıma və mənə də pay düşüb. O günlərdən bizi uzun illər ayırsa da, xatirələrimizdə sehrli bir dünyanı təmsil edən o ağsaçlı nənənin hekayələrini unutmamışıq.
    “Payızda bənövşə kövrəltdi məni” adlı yazı təbiət təsviri olsa da, insan ömrü ilə həmahəngdir: “ Payızda kol dibinə sığınmış bir bənövşə gördüm. Rəngi solğun, sevdiyim qoxusundan əsər-əlamət yox. Ömrü xəzan yelinin son qoyacağı qədər qısa. Payızda bənövşə kövrəltdi məni.
    Payız günəşinin hərarəti aldatmışdı onu. Əlimi uzatdım ki, dərəm, əlim yarı yolda dayandı. Axı qısıldığı kol dibi vətəndi ona. Onu ayırmaq istəmədim öz doğma yurdundan. Onsuz da ömrünə az qalmışdı. Zərif, boynubükük bənövşəni ağladım, ürək dolusu hönkürdüm. Beləcə payızda bənövşə kövrəltdi məni.”
    Nədənsə bu sətirləri oxuyanda ahıl yaşına çatmış valideynlər və onları doğma ocaqlarından ayırıb öz yanlarında saxlamaq istəyən övladlar yadıma düşdü.
    Beləcə, kitabı vərəqləyə-vərəqləyə “Qırxıncı qapı”ya gəlib çatdım. 40-cı qapıdan sonra nə gələcəkdir, bunu siz yeni kitabı oxuyandan sonra biləcəksiniz. Odur ki, hər kəsə Svetlana Xəyalənin “Ehtiyacım var sənə” kitabını oxumağı tövsiyə edirəm.

    Svetlana BAĞIROVA

     

    Müəllif: Redaktor, 10:18

İsmarıclar bağlıdır.