Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 09İyn

    Həmyerlimiz Murad Qurbanovun cəmi 14 yaşı var. Ancaq onu nəinki rayonumuzda, Azərbaycanda, elə dünyada da tanıyanlar və sevənlər çoxdur. Xüsusən də idmansevərlər arasında.
    Bu günlərdə Murad Qurbanov Türkiyənin İstanbul şəhərində keçirilən kikboksinqin VAKO versiyası Üzrə Dünya Kuboku üzrə yarışlarda 48 kq çəki dərəcəsində özündən 3 yaş böyüklərlə döyüşüb. Murad “Fulkontakt” versiyasında 2 döyüş keçirərərk Fəxri kürsünün ikinci pilləsinə qalxıb və gümüş medal qazanıb.
    Doğma rayonumuzda gənc idmançı böyük sevinclə, gül-çiçəklə qarşılanıb. O, ilk olaraq Azərbaycanın qurucusu və memarı Ulu Öndər Heydər Əliyevin abidəsini və torpaqlarımızın erməni işğalından azad edilməsi uğrunda mübarizədə canlarını fəda etmiş şəhidlərimizin abidə kompleksini ziyarət edib.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Murad Qurbanovu qəbul edib. Rayon rəhbəri əldə etdiyi uğurlara görə Muradı təbrik edib və ona daha böyük nailiyyətlər arzulayib.
    İdmançıya rayon rəhbəri tərəfindən təşəkkürnamə və xatirə hədiyyəsi təqdim olunub.
    Buruc kənd tam orta məktəbin VIII sinif şagirdi Murad Qurbanovun uğurları barədə oxucularımıza daha ətraflı məlumat vermək üçün onu redaksiyamıza dəvət etdik. Hiss olunurdu ki, o, yaxşı idmançı olmaqla bərabər həm də çox vətənpərvər, elinə-yurduna bağlı bir yeniyetmədir.
    İdmanla isə lap kiçik yaşlarından məşğul olmağa başlayıb. Qələbədən-qələbəyə doğru addımladıqca özü də, valideynləri də əmin olublar ki, Murad bu yolda özünü təsdiq edib, böyük uğurlar qazana bilər.
    2018-ci ildə o, ilk nailiyyətini qazanıb. Kikboksinq üzrə Bakı çempionatıında üç döyüş keçirərək finala çıxıb, lakin 4-cü döyüşdə məğlub olaraq 2-ci yeri tutub.
    Murad deyir ki, bundan sonra qarşıma məqsəd qoydum ki, yarışlardan evimizə yalnız qələbə ilə qayıdacağam. Bir sıra bölgə yarışlarında iştirak etdim və heç birində də məğlub olmadım. 2018-ci ildə 38 kq çəki dərəcəsində “İlin çempionu” adını qazandım.
    2019-cu ildə o, kikboksinq üzrə Azərbaycan çempionatının ikincisi olub (2008-2009-cu illərin yaş qrupunda). Həmin yarışdan sonra Azərbaycanın milli komandasına qəbul edilib.
    Murad hazırda həyatda olmayan ilk məşqçisi Ramil Cəhdi haqqında böyük hörmətlə danışdı və bildirdi ki, idmana olan sevgisinə görə bu insana borcludur. İdealı isə Çingiz Allazovdur. Bu idmançının bütün döyüşlərini diqqətlə izləyir və həyatda da onun kimi həm çox məşhur, həm çox sadə olmaq istəyir.
    Hal-hazırda isə məşqçisi Xəyyam Abışovdur. Onunla birlikdə Murad cari ilin avqustun 25-də Türkiyənin İstanbul şəhərində keçiriləcək Avropa çempionatına hazırlaşır.
    Arzusu isə Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olmaqdır.
    Murad ailənin böyük övladıdır. İki bacısı var. Biri 6-cı sinif şagirdidir, kiçiyi isə uşaq bağçasına gedir. Bacılar idmançı qardaşları ilə fəxr edirlər.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 11:05

İsmarıclar bağlıdır.