Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20İyn

    BİZ BURANI TANIDIQ VƏ SEVDİK

    Azərbaycan çox qədim tarixi köklərə əsaslanan bir çox inzibati ərazilərə malikdir. Bu səbəbdən Azərbaycanın region və şəhərlərini daha yaxşı analiz etmək üçün mənim kimi həvəskar bir qrup gənc bir sıra layihələr, düşərgələr və ekskursiyalar təşkil edir və birbaşa iştirak edirik. Bu düşərgələrdən biri qədim yaşayış məskənlərimizdən olan Tərtər rayonuna idi. Bu düşərgə zamanı bizim məqsədlərimizdən biri də regionumuzu daha yaxşı tanımaq və analiz edə bilmək idi. Biz “Tərtər Olimpia Kompleksi”ndə dörd gün keçirərək bir sıra yeni məlumatlar və faktlar öyrəndik. Düşünürəm ki, bunlar çox gözəl təcrübə idi.
    Keçən dörd gün ərzində biz Tərtər ərazisini yaxından tanımaq, analiz etmək və ekskursiya imkanları əldə etdik. Öncədən ərazi və insanlar haqqında yetərli məlumata sahib olmasaq da, burada birbaşa insanlarla ünsiyyət quraraq, rayona daha geniş perspektivdən baxmaq imkanımız oldu. Biz ilk olaraq Tərtər rayonundakı mərkəzi meydanda olduq və burada Ulu Öndər Heydər Əliyevin abidəsi önündə onu ehtiramla yad edərək, bura gül-çiçək dəstələri qoyduq. Daha sonra bizlərə meydanda qurulmuş stendlərdə olan fotolar haqqında geniş və ətraflı məlumat verildi. Bu foto şəkillərdə təmas xəttinə yaxın olan Tərtər rayonunun düşmən atəşinə tuş gəlmiş, vəhşicəsinə dağıdılmış, qətliam törədilmiş yaşayış evləri, obyektləri və qəbir abidələrinin görüntüləri əks olunmuşdu.Tura rəhbərlik edən rayon icra başçısının birinci müavini Elvin Umudov bizlərlə yaxından maraqlanaraq, suallarımıza dəqiq cavablar verirdi. Mərkəzi meydandakı fotostendlər 44 günlük Vətən müharibəsində rayona necə ziyan vurulduğunu əsk etdirən fotolarla dolu idi. Hətta meydanda və divarlarda olan atəş izləri, raketlərin qalıqları bunların nümunəsi idi. Ümumi söhbətdən sonra bizlər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovla panel görüş keçirdik. Görüş çox səmimi və adekvat oldu, hətta Müstəqim müəllim gənclərlə səmimi söhbət edərək, onların rayonda aparılan yenidənqurma işlərilə bağlı bütün suallarını cavablandırdı. Bu cür səmimi görüşün ardından icra başçısı dəvətimizi qəbul edərək, Olimpia Kompleksində bizləri ziyarət edərək səmimi söbətin ardını gətirəcəyini, dəyərli təcrübəsini bizimlə bölüşəcəyini bildirdi.
    Daha sonra bizlər rayon ərazisində yerləşən muzeyləri ziyarət edərək daha geniş məlumatlar topladıq. İcra başçı-sının birinci müavini Elvin Umudov rayon turumuzda bizlərlə birlikdə iştirak etdi. İlk olaraq Tərtər rayonunun tarixini, burada tapılan qazıntıları, mədəni irsini əks etdirən Tərtər Tarix-diyarşünaslıq muzeyini ziyarət etdik. Buradakı eksponatlar rayonun tarixinin qədimliyini və insanlarının necə bacarıqlı, cəfakeş olduqlarını bariz göstərən nümunələr idi. Mənim diqqətimi cəlb edən son illərdə tapılmış, fəqli naxışlarla bəzədilmiş sərnic, Cavanşir qəzasına aid tapıntılar, fotosu asılmış “Kukuşka” körpüsü, onun haqqında məlumatlar və Azərbaycan adət-ənənəsini əks etdirən divar bəzəkləri oldu. Qazanclı keçən ilk muzey gəzintimizdən dərhal sonra bizlər ikinci muzeyə yollandıq. Bura isə “Dövlət rəmzləri muzeyi” idi. Muzey çox geniş və aydın quruluşa malik memarlıq nümunəsidir. Burada medallar, bayraqlar, forma geyindirilmiş maketlər və Ulu Öndər Heydər Əliyevlə bağlı məktublar, məqalələr və s. məlumatlar qayğı ilə qorunub saxlanılır. Muzeydən aldığımız təəssüratlar bizi çox qürurlandırdı. Ümumi olaraq biz gənclər bu muzeylərdən və görüşlərdən çox məmnun qaldıq və eyni zamanda rayon haqqında daha geniş məlumat topladıq. Daha sonra rayonun Şıxarx qəsəbəsində şəhidlərimizin xatirəsinə salınmış “Vətən bağı”na yollandıq. Burada ağacların bir çoxunun üzərində şəhidlərimizin fotoşəkli asılmışdı. Hətta ağacların bəzilərinin üzərində meyvələr yetişmişdi. O anda ağlımda yalnız “..şühəda fışqıracaq torpağı sıxsan şühəda”, ”…gəzdiyin yerləri torpaq deyərək keçmə tanı, düşün altındakı minlərcə kəfənsiz yatanı” nidaları əks-səda verdi. Həmin zaman mən çox duyğulandım.
    Düşünürəm ki, mənim və gənc yoldaşlarımın Tərtər rayonu haqqında çox xoş xatirələri yarandı. Fərdi olaraq əldə etdiyim nəticə isə öncədən olan düşüncələrimi tamamən aradan qaldırdı. Rayon ərazisinə səfərimizdən əvvəl Tərtərin cəbhə bölgəsi olması səbəbindən zəif inkişaf etdiyini düşünürdüm. Lakin Azərbaycan Respublikasının möhtərəm Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət və Tərtər rayonu icra orqanlarının səyləri nəticəsində yenidənqurma və bərpa işlərinin nəticələrinin bilavasitə şahidi oldum.
    Region əlverişli iqlim və infrastruktura malikdir. Burada çox sürətli inkişaf baş verir ki, insan bir an illüziyada olduğunu düşünür. Çünki gördüklərim gözləntilərimdən daha çox oldu. Eyni zamanda burada dövlət məmurunun səmimiliyi, qonaqpərvərliyi və vəzifəsini layiqincə icra etməsi təmsil etdiyi rayonun bir simvolik nümunəsidir. Müharibə şəraitində belə əzm və iradənin bariz nümunələrindən olan Tərtər camaatı, Tərtər rayonu mənim gözümdə daha da yüksəldi. Rayon əhalisi olduqca çalışqan, bacarıqlı, əzmli, comərd və məğrurdur. Düşünürəm ki, onlar müharibə dönəmində atəşlərin susmadığı, mərmilərin havada süzüldüyü, yaxınların itirildiyi bir vaxtda belə öz yurdlarını tərk etməyən güclü insanlardır. Tarixən də coğrafi əhəmiyyətli ərazi olan Tərtər dəfələrlə dağıdılmış, viran qoyulmuş olsa da, rayon sakinləri öz yurdlarını cəsurcasına müdafiə etmişlər. Bu cür güclü insanlar, demək ki, şübhəsiz çox iradəlidir və iradənin olduğu yerdə isə imkansız deyə bir anlayış mümkün deyil. Tərtər mənim gözümlə baxdıqda təmiz havası, mülayim iqlimi, münbit torpaqları, strateji mövqeyi, güclü infrastrukturu, düzgün idarə sistemi, cəsur və bacarıqlı insanları olan bir inzibati ərazimizdir. Rayonla və insanlarla tanışlıq məndə çox müsbət aura yaratdı, bir daha bu cür gözəl əhəmiiyyəti və mədənimilli irsi olan coğrafi ərazimiz və insanlarımızla tanışlığımdan məmnun oldum.
    Və mən bu düşərgəni təşkil edən “ATGTİ”-yə, şəhər ekskursiyamıza dəstək göstərən və bizlərlə panel görüş keçirən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədova və biz tələbələrə dəstək olan hər kəsə təşəkkürlərimi bildirirəm.

    Nərgiz ŞİRİNOVA,
    Bakı Avrasiya Universitetinin tələbəsi

    Müəllif: Redaktor, 12:50

İsmarıclar bağlıdır.