Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 06Yan

    Zəmanəsinin korifey şəxsiyyətləri ilə dostluğu

    rUSTAMCərrahov Rüstəm Əli oğlu XIX əsrin sonlarında Azərbaycan mədəniyyətinin, musi-qisinin beşiyi olan Şuşada, loğman, təbib, el arasında çox məşhur olan və sevilən Əli Cərrahovun ailəsində anadan olmuşdur. Onun uşaqlığı Azərbaycanın korifey şəxsiyyətləri ilə eyni dövrə təsadüf etmişdir. Üzeyir Hacıbəyli ilə birlikdə Şuşadakı məktəbdə ilk təhsilini alan Rüstəm Cərrahov sonrakı həyatında da daim bu insanla, eləcə də Əbdürrəhim bəy Haqverdiyevlə əlaqə saxlamış və dostluq etmişdir. Onun bir yaxın dostu da olub –Xasay Vəzirov. Xasay müəllimin adı haqlı olaraq sovet dövrü Azərbay-can jurnalistikasının üç sütunu sırasında çəkilir: Nəsir İmanquliyev, İsrafil Nəzərov və o–Xasay Vəzirov. Xasay müəllim yaşda Rüstəm əmidən kiçik olsa da, onları bir-birinə qırılmaz tellər bağlayırdı. Bakıya hər səfəri zamanı Rüstəm əmi bu əvəzsiz şəxsiyyətlərlə görüşür və belə görüşlər onun həyatına sonsuz bir ilham gətirirdi.

    İstedad və məsuliyyət

    Rüstəm əminin həyatı barədə material toplayarkən çoxlu insanlarla görüşdüm, tərtərli-lərin onunla bağlı xatirələrini vərəqlədim, cərrahın qızı–babası və atası kimi bütün həyatını xalqımızın sağlamlığına həsr etmiş həkim–ginekoloq Asimə xanım Həsənzadəni dinlədim. Cərrahın xarici görünüşü ilə yanaşı (deyilənə görə, Rüstəm əmi çox yaraşıqlı, hündürboylu, mavi gözlü bir insan olub), mənəvi dünyası da gözlərim önündə canlandı. Dövrünün, zəmanəsi-nin məşhur adamları ilə onun arasında çox böyük oxşarlıq gördüm. Nədir bu oxşarlıq? İlk növbədə, fitri istedad. Deyirlər ki, insanın nə istədiyini bilməsi istedadın əsas əlamətidir. Yəqin ki, belədir. Bunu Rüstəm əminin həyatı da sübut edir. Onun gözəl səsi, avazı vardı, ədəbiyyatı dərindən bilirdi, amma məhz həkimliyi seçdi. Çünki həm nəsildən gəlmə, həm də gərgin zəhmət hesabına qazanılmış həkimlik qabiliyyətinə bütün Qarabağ camaatının ehtiyacı olduğunu bilirdi. O, öz istedadını, bacarığını, bəzən keçirdiyi yuxusuz gecələr hesabına sağlamlığını təmənnasız olaraq xalqına bəxş edirdi. Yaşatdıqca, özü də insanların yaddaşında yaşayırdı, ucalırdı. Elə buna görə də ölümündən 57 il ötsə də, Rüstəm Cərrahov unudulmayıb.
    İkinci ümumi cəhət işinə məsuliyyət hissidir. Bununla bağlı qızı Asimə xanım bir çox maraqlı epizodlar danışdı. Onun söhbətindən:
    –Atam cərrah işlədiyi illərdə müasir müayinə aparatlarının hamısını həkimin əlləri, hissiyatı əvəz edirdi. Onun diaqnozları həmişə tam dəqiqliyi ilə seçilirdi. Bundan başqa, işlətdiyi tibbi ləvazimatlarının sterilizə edilməsinə ciddi fikir verirdi. Bu ləvazimatlar evimizdə yanan ikipiltəli maşınkanın üstündə daimi olaraq qaynadılırdı. Anam Minəvvər xanım cərrahiyyə əməliyyatları zamanı atamın ən yaxın köməkçisi olurdu.
    Asimə xanımdan öyrəndim ki, onlar Şuşadan Tərtərə 1935-ci ildə köçüblər . Bir müddət keçmiş Komsomol, indiki Qaçay Mehdiyev küçəsində Cavanşir Rüstəmovun evinin bir otağında yaşayıblar. Sonra elə həmin küçədə, yolun sağ tərəfində özləri üçün ev tikdiriblər.
    O dövrün həkimliyinin öz xüsusiyyətləri, tələbləri vardı. Dərmanlar tapılmırdı, olanları almağa da kasıbların gücü çatmırdı. Cərrah Rüstəm bunların çoxunu uşaqlıqdan yaxşı tanıdığı müxtəlif dərman bitkilərindən hazır-layırdı. Onların evində üç həvəkdəstə vardı. Bitkilər bunların hər birində ayrı-ayrılıqda döyülür, sonradan qarışdırılır və lazımi məl-həmlər alınırdı. Asimə xanım deyir ki, Böyük Vətən müharibəsi illərində “il yarası” deyilən xəstəlik çox yayılmışdı. Cərrah Rüstəmin yanına təkcə öz rayonumuzdan deyil, bütün Qarabağdan, Kəlbəcərdən, Laçından xəstələr axışıb gəlirdilər. Xüsusən qadınlar bu yaradan əziyyət çəkirdilər. Rüstəm əmi xəstəliyi özünün hazırladığı məlhəmlərlə az müddətdə sağaldırdı. Kasıblardan heç zaman pul götürmürdü. Hətta bəzi hallarda pulu olmayanlara özü aptekdən lazımi dərmanları alıb verirdi.
    Xeyirxahlıq
    Böyük Vətən müharibəsi illəri idi. Tərtərə Ukraynadan 60 yəhudi ailəsi köçüb gəlmişdi. Onların bəzilərini məktəblərdə, bəzilərini isə şəxsi evlərdə yerləşdirmişdilər. Bunlar əsasən qadınlar və uşaqlar idi. Çünki kişilər cəbhədə vuruşurdular. Soyuq, aclıq, şəraitsizlik yəhudilər arasında acınacaqlı vəziyyət yaratmışdı. Bu çarəsiz insanlardan ötrü Rüstəm Cərrahov zülmətdə bir işıq, ümid yeriydi. O, hər gün qaçqın ailələrinə baş çəkir, xəstələri təbii vasitələrlə müalicə edir, onlara həm dəstək \, həm də mənəvi dayaq olurdu. Asimə xanımla söhbətimiz zamanı danışdı ki, yəhudilərdən biri cəbhədən gəlmişdi, ayaqları amputasiya edilmişdi, baxımsızlıqdan yaraları çox pis vəziyyətdəydi. Rüstəm əmi onu öz evində saxlayaraq Münəvvər xanımla birlikdə hər gün yaralarını yuyur, dərmanlayırdı. Beləliklə də o qəribi ölümdən qurtardılar.
    Bu gün Azərbaycanın tolerant ölkə olması haqqında çox danışılır. Həqiqətən də, digər xalqlara humanist münasibət, dözümlülük, xeyirxahlıq xalqımıza xas olan gözəl xüsusiyyətlərdir. Bu xüsusiyyətlər “köhnə kişi”lərə məxsus idi.

    Pəncərənin o üzündən dinlənilən poeziya gecələr

    Rüstəm əminin Bakıdakı dostlarından danış-mışdıq. Ancaq Tərtərdə də onun yaxın münasibət saxladığı maraqlı insanlar olub. Onlardan biri qonşuları Xəlil İsfəndiyarov idi. Xəlil əmi də əslən şuşalıydı. Tərtərdə evlənib, burada yaşayırdı. Televizorun olmadığı, radionun səsinin az-az evlərdə eşidildiyi 40-cı illərin uzun qış axşamlarında bu iki ədəbiyyatsevər bir yerdə oturub söhbət edərdilər. Onu da qeyd edək ki, Xəlil İsfəndiyarov da ədəbiyyatımızın gözəl bilici-lərindən olub. Klassiklərimizin əsərlərini əzbər-dən söyləyərdi. Hətta deyilənə görə, gəncliyində Şuşada səhnəyə qoyulan tamaşalarda aktyor kimi iştirak edibmiş. Lakin valideynləri icazə vermədikləri üçün ali təhsil ala bilməmişdi.
    Xəlil əminin qızı Validə xanım xatırlayır ki, bu iki dostun birgə keçirdikləri saatlar əsl poeziya axşamlarına çevrilərdi.
    Füzulidən qəzəllər söylənilər, klassik şeirlər deyilərdi. Xəlil əmi Hüseyn Cavid yaradıcılığının məftunu idi. “Iblis” dramını əzbərdən bilirdi. O, bu əsəri söylədikcə, Rüstəm əmi əllərini dizlərinə vurub hündürdən deyirmiş: “Pah atonnan, ay Xəlil, sözlərdəki mənaya bax!”
    Bu səhnəni isə pəncərənin o biri tərəfindən necə cüt göz həyəcanla izləyərmiş. O zamanlar uşaqlar böyuklərin söhbət etdikləri otağa keçməzdilər. Hətta onları gördükdə özlərini yığışdırarmışlar. Amma pəncərənin o üzündə aparılan söhbətlər qəlblərə elə cücərtilər səpib ki, həmin uşaqların hamısı əsl vətənpərvər, xalqına sədaqətlə xidmət edən insanlar kimi böyüyüb və bütün ömürlərini belə yaşayıblar.

    Övladları

    Rüstəm əminin üç oğlu və bir qızı olub. Böyük oğlu Əli rayonumuzda o zamankı sanitar-epidemioloji stansiyada işləyib. Arif müəllim Moskvada Dəmiryolu İnstitutunu bitirmişdi. Uzun illər Azərbaycan Dəmir Yolları İdarəsində rəis işləyib. Asif isə mühəndis idi, o zamankı Neft və Kimya İnstitutunda təhsil almışdı. Asif müəllimin peşə seçimi ilə bağlı maraqlı bir əhvalat danışdılar. O zaman Tərtərin çox sanballı “köhnə kişi”lərindən olan Hətəm müəllim MTS-in direktoru imiş. Onun ailəsi həkimgilin qonşuluğunda yaşayırmış. Hətəm müəllim Tərtərə ilk minik maşını gətirmişdi. Saatlarla heyrətlə bu maşına tamaşa edən kiçikyaşlı Asif gələcəkdə mühəndis olacağını, maşın sürəcəyini qərara alır. O, bu arzusuna çatır və ömrünün sonuna kimi bitirdiyi institutda kafedra müdiri kimi fəaliyyət göstərir.
    Oğlanlardan fərqli olaraq Asimə xanım ailə ənənəsini davam etdirib, həkim oldu. Onun həyat yoldaşı Yusif Həzənzadə gözəl insan və bacarıqlı həkim, mənəvi paklığı ilə seçilən şəxsiyyət olub. O, Azərbaycan Dəmir Yolları İdarəsində Həkim Xidmətinin rəisiydi.
    Asimə xanımın söhbətindən:
    –Ailə qurandan sonra uzun illər kirayədə yaşadıq. Sonra bizə üçotaqlı mənzil verdilər. Yoldaşım bu evə köçmədi, dedi ki, ailəmiz kiçikdir, iki otaqda da yaşaya bilərik, qoy həmin mənzili daha çox ehtiyacı olanlara versinlər. Indi insanlar bir necə mənzil alırlar, villalar tikdirirlər, yenə gözləri doymur. Həm də bu nəhəng villalarda qonşuluqda yaşayan doğmalar illərlə görüşmür, yaddaşırlar. Bizim kiçik otaqlara böyük dünya sığışırdı, xüsusən də atam rayondan qonaq gələndə. Atamı Bakıda çox yaxşı tanıyırdılar. Yadımdadır, institutu bitirəndən sonra təyinat məsələm həll olunurdu, 7 nəfərdən ibarət komissiya üzvü əyləşmişdi, hamısı da Azərbaycan tibb elminin məşhur alimləri. Soyadımı eşidəndə və biləndə ki, mən Rüstəm Cərrahovun qızıyam, hamısı sənədləri kənara qoyub başladılar atam haqqında danışmağa. Deyirdilər ki, bu insanın həkimlik qabiliyyəti möcüzə idi, bəzən alimlərin bacarmadığı işin öhdəsindən bu sadə rayon həkimi məharətlə gəlirdi…

    “Elimizə–obamıza salam söylə”

    Həqiqət İsfəndiyarova Bakıda yaşayan ra- yonumuzun dəyərli ziyalılarındandır. Vaxtilə o da cərrah Rüstəmlə bir rayonda, bir küçədə yaçayıb və xeyirxahlıqlarının şahidi olub. Sonralar isə bu ailənin üzvləri ilə daim əlaqə saxlayıb. Eşidəndə ki, sevimli Rüstəm əmisi haqqında yazı yazmaq istəyirəm, böyük həvəslə mənə bələdçilik etdi, birlikdə Bakıda Asimə xanımın qonağı olduq. Həqiqət xanım üzündəki bir çapığı göstərib təəssüf hissi ilə yox, məhəbbətlə dedi: “Bax, bu da Rüstəm əminin bıçağının nişanəsidir.” Bu gün o, həmin bıçağın vurduğu ağrını unudub, amma uzaq uşaqlıq illərində köhnə, yarıuçuq xəstəxanada əməliyyat aparan mavi gözlü insanı daim xatırlayır.
    Ayrılanda Həqiqət xanım dedi:
    Elimizə–obamıza məndən salam söylə. Rayon qəzeti də sag olsun ki, dəyərli insanları bugünkü nəslə tanıdır.
    * * *
    Bu yazımda Rüstəm Cərrahovun cox zəngin həyatının bəzi məqamlarını oxucularımıza çatdır-maq istədim. Buna necə nail olduğumu onlar söyləyəcək, bircə onu deyə bilərəm ki, bu insan haqqında hər cümləni böyük məhəbbətlə yazmışam.

    Svetlana Bağırova

    Müəllif: Redaktor, 13:59

    Teqlər: ,

İsmarıclar bağlıdır.