Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 19İyl

    Bu yaxınlarda Elm və Təhsil Nazirliyinin xətti ilə regionların ümumtəhsil məktəblərinin Azərbaycan dili və ədəbiyyatı və ibtidai sinif müəllimlərinin sertifikasiyası keçirilib. Rayonumuzun təhsil sektorundan 262 nəfər müəllim həmin sertifikasiyaya cəlb olunmuşdu. Onlardan 53 nəfər 50 baldan yüksək nəticə əldə edib. Bununla əlaqədar Tərtər rayon Təhsil sektorunun rəhbəri Oqtay Sarıkişiyevlə əlaqə saxladıq. Bildirdi ki, müəllimlərimiz region məktəbləri arasında yüksək nəticəyə nail olaraq fərqləniblər.
    Həmin müəllimlərdən bir neçəsinin təəssüratlarını oxucularımıza təqdim edirik.

    Özümə güvənirdim

    Mən Goranboy rayonunun Tapqaraqoyunlu kəndində anadan olmuşam. Hal-hazırda Köçərli kənd tam orta məktəbində işləyirəm. Keçirilən sertifikasiya imtahanında 59 bal toplamışam. Bu nəticəni gözləyirdim, çünki çalışmışdım və özümə güvənirdim. Sertifikasiya imtahanının keçirilməsini alqışlayıram. Ona görə ki, bu imtahanda biz şagirdlərimizin gələcəyini düşünürük. Suallar çox asan idi. Mən belə asan olacağını gözləmirdim. Bu cür suallara cavab verə bilməyən müəllimlərin bugünkü gündə şagirdlərimizə dərs keçməyə haqqı yoxdur, düşünürəm. Biz bir şəxsiyyət olaraq öncə şagirdlərimizin gələcəyini düşünməliyik. Mən də gələcək fəaliyyətimdə şagirdlərimin daha savadlı, vətənpərvər, tərbiyəli bir şəxsiyyət kimi formalaşmasında səylə çalışacam.
    Yüksək bal toplayan bütün müəllimlərimizi təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayıram.

    Vüsalə BALAKİŞİYEVA,
    Köçərli kənd tam orta
    məktəbində ibtidai sinif müəllimi

    İmtahanın təşkili çox gözəl idi

    Elm və Təhsil Nazirliyinin təşkil etdiyi müəllimlərin sertifikasiya imtahanı, mənim fikrimcə, təhsil sisteminin inkişafı və gələcək nəslin daha yaxşı təhsil ala bilməsi üçün çox önəmli və mütərəqqi bir ideyadır.
    İmtahanla bağlı fikirlərim, təəssüratlarım çox yüksəkdir. Ümumiyyətlə, imtahanın təşkili çox gözəl idi. Müəllimlərin rahatlığı və təhlükəsizliyi ilə bağlı bütün tədbirlər görülmüşdü.
    Mən 1984-cü ildə Tərtər rayonunun Kəngərli kəndində anadan olmuşam. Hazırda Tərtər şəhərində yaşayıram. Orta təhsilimi Kəngərli kənd tam orta məktəbində almışam. 2007-ci ildə isə Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialını Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə bitirmişəm.
    2009-cu ildən Təzəkənd kənd ümumi orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi çalışıram.
    İmtahan sualları çox yaxşı hazırlanmışdı. Mənə elə gəlir ki, peşəsini sevən hər kəs üçün lazım olan balı toplamaq çətin deyildi.
    Mən imtahana çox həvəslə getdim və lazım olan yüksək nəticəni, yəni 60 bala qarşı 57 bal topladım. Bu da sentyabr ayından mənim əməkhaqqıma 35% əlavənin verilməsi ilə nəticələnəcək.
    Müəllimlərin təkmilləşdirilməsinə və həyat şəraitinin yaxşılaşdırılmasına göstərilən qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Elm və Təhsil Nazirliyinə və Təhsil Sektorunun əlaqədar şəxslərinə dərin minnətdarlığımı bildirirəm.

    Elnur RƏHİMOV,
    Təzəkənd kənd ümumi orta məktəbin Azərbaycan dili və
    ədəbiyyatı müəllimi

    Müəllim daim biliyini artırmalıdır

    Mən Ə. Kərimov adına Cəmilli kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyatı fənnini tədris edirəm. Özüm də bu məktəbin məzunuyam. 2000-ci ildə Gəncə Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatı fakültəsinə daxil olmuşam. 2005-ci ildə ali təhsilimi başa vurmuşam. Həmin ildən ixtisasım üzrə müəllim işləyirəm. Müəllimlərin diaqnostik qiymətləndirilməsi imtahanında 49 bal yığmışam. Sertifikasiya imtahanında isə 57 bal toplamışam. Qarşıma məqsəd qoymuşdum ki, yüksək bal toplayım. Öz üzərimdə mütəmadi olaraq işləyirdim. İmtahan çox şəffaf qaydada keçirildi. İxtisas sualları mənim üçün cox rahat idi. Düşünürəm ki, 3 səhvim metodikadan olan suallardandır. Sertifikasiya imtahanının keçirilməsini düzgün hal hesab edirəm. Çünki bu yaxşı mənada müəllimlər arasında rəqabəti artırır. Müəllimlər çalışırlar, mütaliə edirlər ki, fərqlənsinlər.
    Məktəbimizin direktoru Rəşad Şahbazov da nəticəmə görə məni Fəxri Fərmanla təltif etdi. Bu da gələcəkdə imtahan verəcək müəllimlər üçün bir stimuldur.

    Günel KƏRİMOVA,
    Cəmilli kənd tam orta
    məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi

    Müəllif: Redaktor, 10:56

İsmarıclar bağlıdır.