Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 25İyl

    Cari ilin 21 iyul tarixində “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumu keçirilib. Prezident İlham Əliyev Forumun açılış mərasimində çıxış edib.

    Dövlət başçısı deyib ki,  Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır, eyni zamanda, Şuşa bizim Qələbəmizin rəmzidir, sülhün rəmzidir. Şuşa azad olunduqdan sonra İkinci Qarabağ müharibəsi başa çatdı. Şuşa həm də bizim cəsarətimizin rəmzidir.

    Prezident bildirib ki, Azərbaycan və Türkiyə qardaşlığı təkcə regionda deyil, dünyada məlum bir faktdır. İki ölkə arasında mövcud qardaşlıq əlaqələri regional inkişaf və sabitlik baxımından çox mühüm amildir. Türkiyə və Azərbaycan xalqları arasında olan münasibətlər uzunmüddətli dostluq və qardaşlıq əlaqələri üzərində qurulubdur.

    Türkiyə Prezidenti Ərdoğan Qarabağ müharibəsinin ilk saatlarında verdiyi “Azərbaycan yalnız deyil!” bəyanatı, bizim üçün çox böyük bir dəstək idi. İkinci Qarabağ müharibəsi zamanı Türkiyə, onun rəhbərliyi və xalqı ilk gündən, ilk saatlardan bizimlə çiyin-çiyinə dayanmışdı. Bütün 44 gün ərzində biz həmin o mənəvi dəstəyi qardaşlarımızdan hiss etdik.

    İkinci Qarabağ müharibəsində Qələbədən sonra Azərbaycan və Türkiyə de-fakto mövcud olan münasibətlərini rəsmiləşdirdi və biz bunu məşhur Şuşa Bəyannaməsini imzalayaraq müttəfiqlik səviyyəsinə qaldırdıq. Bu, bizim xalqlarımız və ölkələrimiz üçün çox böyük sərvətdir. Bəyannamə qarşımızda yeni üfüqlər açır. Əməkdaşlığımızın geniş gündəliyinə nəzər salsaq, siyasət, enerji, ticarət, nəqliyyat, müdafiə, müdafiə sənayesi və bir çox sahədə əməkdaşlığın olduğunu görərik.

    Qeyd olunub ki, bu gün Türkiyə qlobal liderlərdəndir. Türkiyənin beynəlxalq nüfuzu ildən-ilə artır. Həm qlobal məsələlərdə və xüsusilə bizim regionda Türkiyənin rolu çox önəmli və vacibdir, o, sabitləşdirici rol oynayır. Türkiyənin siyasəti regional təhlükəsizliyi və regional inkişafı təmin etməkdir və o rol həm Azərbaycanda, həm onun hüdudlarından kənarda çox yüksək qiymətləndirilir.

    Prezident İlham Əliyev bildirib ki, torpaqlarımızı azad edəndən sonra ölkəmizə qarşı potensial təhlükə görmürük. Daxildə hər hansı bir təhlükə yoxdur, ölkə sabitdir, cəmiyyətdə həmrəyliyin səviyyəsi heç vaxt olmadığı qədər yüksəkdir, ölkənin iqtisadi inkişafı olduqca təsirlidir. Azərbaycanın iqtisadiyyatı özünü təmin edir, biz öz resurslarımızla özümüzü təmin edirik və yaxşı idarəçilik mövcuddur.

    Biz ayıq olmalıyıq və keçmişimizi unutmamalıyıq. Unutmamalıyıq ki, qonşularımız tərəfindən kürəyimizə bıçaq sancıldı, gözlənilmədiyi anda qonşularımız kürəyimizə bıçaq sancdı və o zaman Azərbaycanda olan xaosdan istifadə edərək ərazilərimizi işğal etdi.

    Biz unutmamalıyıq ki, bu gün Ermənistan cəmiyyətinin, hətta hökumətinin tərkibində müəyyən insanlar var ki, hələ də revanşist ideyalarla yaşayır. Ona görə biz hər hansı bir ssenariyə hazır olmalıyıq. Bu məqsədlə İkinci Qarabağ müharibəsi bitən kimi müdafiə sahəsində dərin islahatlar həyata keçirməyə başlamışıq.

    Bu gün ordumuz üç il əvvəlki ordudan daha güclüdür. Buna ehtiyac var. Bu gün beynəlxalq hüquq normaları kobud şəkildə pozulur, beynəlxalq hüquq selektiv tətbiq edilir. Biz uzun illər bu yanaşmaya məruz qalmışıq.

    Qeyd olunub ki,  ötən ilin fevralında imzalanan Bəyannamə Rusiya ilə Azərbaycan arasında münasibətlərin inkişafında bir mərhələdir. Bəyannamə özündə müstəqilliyin ayrı-ayrı dövrlərində müxtəlif cür inkişaf edən, lakin hər iki ölkənin uzun illər ərzində bəyan etdikləri kimi strateji tərəfdaşlıq səviyyəsinə yüksələn bu münasibətlərin inkişafı tarixini ehtiva edir.

    Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanması möhkəm təmələ malik idi. Məhz Rusiya tərəfi Ermənistan və Azərbaycan 2020-ci il noyabrın 9-da, Üçtərəfli Bəyanatın razılaşdırılmasının getdiyi bir vaxtda həmin birləşdirici rolu oynamışdı.

    Dünyada Rusiya-Ukrayna müharibəsinin başlanmasından, o cümlədən İkinci Qarabağ müharibəsindən sonra vəziyyət bizim regionda dramatik şəkildə dəyişdiyi üçün müxtəlif qiymətləndirmələr, müxtəlif təhlillər və müxtəlif rəylər qaçılmazdır. Lakin belə məqamlar Azərbaycan rəhbərliyinin siyasi iradəsinə təsir etmir. Ona görə münasibətlərimizin gələcəyi də ötən illərdə olduğu kimi, belə müsbət və uğurlu olacaqdır.

    Prezident deyib ki,  Qoşulmama Hərəkatı Azərbaycanın sədrliyi dövründə sürətlə inkişaf edib. Sirr deyil ki, son zamanlarda Hərəkat tədricən deqradasiyaya uğramışdı və o, praktik olaraq xüsusi davamı olmayan müəyyən məsələlərin müzakirə platformasına çevrilmişdi. Azərbaycanın sədrliyi dövründə isə Hərəkatın institusional inkişafı müşahidə olunur.

    COVID-19 pandemiyası zamanı Qoşulmama Hərəkatı dünya ictimaiyyətinin bu problemə diqqətinin cəlb olunmasında liderlik nümayiş etdirdi.

    Dövlət başçısı diqqətə çatdırıb ki, bu gün Azərbaycan mediası çox böyük işlər görür. İşğal dövründə biz hamımız, tutduğu vəzifədən asılı olmayaraq hər bir vətənpərvər azərbaycanlı bir məqsədə doğru yorulmadan gedirdi.

    Azərbaycan reallıqları haqqında məlumatları dünya ictimaiyyətinə təkcə beynəlxalq hüquq prizmasından yox, ümumi insani prizmadan üzləşdiyimiz problemləri çatdırmaq üçün birinci vasitəmiz media olmuşdur.

    Öz həqiqətlərimizi sübut etməliyik. Bizə qarşı bu gün yenə də kampaniya davam edir. Bizim Qələbəmizi həzm edə bilməyən, uğurlarımıza qısqanclıqla yanaşan, bizə qarşı açıq informasiya savaşına çıxanlara biz tutarlı, real arqumentlərlə cavab verməliyik.

    Azərbaycan mediasının müstəqilliyi bizim cəmiyyətimizin inkişafı üçün başlıca şərtlərdən biridir. Bizim mediamızda sağlamlaşma prosesi uğurla gedir və xalqın maraqlarına zidd, dövlət maraqlarına zərbə vura biləcək yazılar artıq çox nadir hallarda üzə çıxır.

    Prezident bildirib ki,  regional inkişaf əsasən Azərbaycanla Ermənistan arasında münasibətlərin yaxşılaşmasından asılıdır. Hazırda bir sıra beynəlxalq təşkilatlar bizə qarşılıqlı qəbul olunacaq həlli tapmaqda yardım etməyə çalışırlar. Bu günə kimi gördüklərimiz odur ki, bütün beynəlxalq təşkilatlar başa düşür ki, bu həllər beynəlxalq hüquqa əsaslanmalıdır.

    Hazırda üç beynəlxalq tərəf var ki, sülh prosesinə dəstək olurlar – ABŞ, Rusiya və Avropa İttifaqı. Azərbaycan üç istiqamət üzrə tam səmimiyyətlə bu prosesə qatılıb və nəticəyönümlü yanaşma ortaya qoyur.

    Azərbaycan Avropaya əhəmiyyətli qaz tədarükçüsünə çevrilmişdir. Avropa Komissiyasının Prezidenti Azərbaycanı etibarlı tərəfdaş adlandırır. Avropa İttifaqının enerji komissarı Azərbaycanı panAvropa qaz tədarükçüsü adlandırır. Avropaya qaz tədarükümüzün coğrafiyası genişlənir və ilin sonuna qədər əlavə iki Avropa ölkəsi Azərbaycan qazının alıcısına çevriləcək.

    Dövlət başçısı qürur hissi ilə deyib ki, xalqımızla, Ordumuzla, qəhrəmanlarımızla fəxr etməmək mümkün deyil. Şuşaya çatmaq üçün bizim qəhrəman əsgərlərimiz və zabitlərimiz yüngül silahlarla, qarşılarında topla, tankla, artilleriya ilə silahlanmış düşmənlə üz-üzə, bəzi hallarda əlbəyaxa döyüşlərdə ölümə gediblər.

    Həm Qarabağ, həm Şərqi Zəngəzur rayonları üzrə təxminən növbəti üç il ərzində 150 mindən çox insanı qaytaracağıq.

    Minatəmizləmə prosesi ən böyük əngəldir. Minalar müharibə bitəndən sonra üç yüzdən artıq insanın həyatına son qoyub və ya onları ağır şəkildə yaralayıbdır. Ölkəmiz ciddi səylər göstərir, tədbirlər həyata keçirir ki, minalardan azad olaq. Qarabağda hakimiyyəti ələ keçirmiş xunta artıq hər kəsdə gülüş doğurur. Onlar Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazidə yaşayanları girov götürüblər.

    Qarabağ ermənilərinin nümayəndələri ilə təmasla məşğul olmaq üçün xüsusi nümayəndə təyin olunmuşdur. Birinci görüş məhz orada, Xocalı qəsəbəsində Rusiya sülhməramlı kontingentinin bazasında oldu. Bundan sonra biz Qarabağ ermənilərinin nümayəndələrini dialoqu davam etdirmək üçün Bakıya dəvət etdik. Lakin onlar imtina etdilər, həm də nümayişkaranə şəkildə. Müəyyən vaxtdan sonra biz onları yenidən dəvət etdik, onlar yenə də imtina etdilər. Üçüncü dəvət olmayacaq.

    Sərhəddə nəzarət-buraxılış məntəqəsinin qoyulması postmünaqişə dövründə mühüm mərhələ idi və şəraiti əhəmiyyətli dərəcədə dəyişdi. Azərbaycanın sözügedən təşəbbüsü tam olaraq legitimdir.

    Dövlət başçısı bildirib ki, Azərbaycan çoxmillətli və çoxkonfessiyalı dövlətdir. Azərbaycanda yaşayan etnik qrupların bütün nümayəndələri eyni hüquq və vəzifələrə, təhlükəsizlik səviyyəsinə malikdirlər.

    Bu gün kapital və sərmayə proqnozlaşdırıla bilən və sabit məkanlara gedir, belə bir məkan məhz Azərbaycandır. Hətta işğal dövründə də Azərbaycan sabitlik məkanı idi. Bu gün bizim prioritetimiz qeyri-neft sektorunun inkişafıdır. Biz ümumi daxili məhsulda iqtisadiyyatımızın qeyri-neft sektorunun payını ildən-ilə artırırıq. O, artıq 50 faizdən yüksəkdir. Bu gün biz həm də qeyri-neft ixracını artırırıq.

    Hökumətimizin çox uzaqgörən və proqnozlaşdırıla bilən proqramı var. Ölkəmizin iqtisadiyyatı sabitdir.

    Qarabağın və Şərqi Zəngəzurun bərpası prosesi mərhələlərə bölünüb. Böyük Qayıdış Proqramı qəbul edilib. Proqramın icrası üçün maliyyə resursları səfərbər edilib.

    İşğaldan əziyyət çəkən 1 milyon insan öz dədə-baba torpaqlarına qayıtmalıdır;

    Laçın şəhəri cəmi səkkiz ay ərzində tamamilə yenidən quruldu və orada 700-dən çox ailə üçün bu gün şərait var. Həm fərdi evlər, həm çoxmənzilli evlər. Sentyabrın 15-dək məktəb də hazır olacaq, uşaq bağçası da hazır olacaq, xəstəxana da hazır olacaq və digər sosial obyektlər də inşa edilir.

    Növbəti beş il ərzində azad edilmiş bütün şəhərlərdə artıq insanlar yaşayacaqlar. Amma şəhərlərin inkişaf planı daha genişmiqyaslıdır. Baş planımıza görə Ağdam şəhərində 100 minə yaxın insan yaşayacaq. Bütün bunlar mərhələli yollarla ediləcək. Çünki vəsait o zaman xərclənməlidir ki, artıq insanlar oraya getməyə hazır olsunlar.

    Xankəndi xuntası Şuşada bir daşı daş üstə qoymayıb. Onların Azərbaycana qarşı, xalqımıza qarşı nifrəti normal insan psixikasına sığışmır. Qəbir daşlarını oğurlayıb orada azərbaycanlıların adlarını sildirib öz yaxınları üçün qəbir daşları kimi istifadə edirdilər. Azərbaycanlıların qəbirlərini qazıb orada ölülərin kəllələrindən qızıl dişlərini çıxararaq əridib bazarda satıblar. 60 min hektar meşə fondu ermənilər tərəfindən məhv edildi, doğranıldı və sonra parket kimi satıldı.

    Ən böyük dağıntılara məruz qalan Füzuli və Ağdam şəhərləridir, orada bir dənə də salamat bina qalmayıb. Bunun bir səbəbi ola bilər ki, bu bölgəni tamamilə erməniləşdirmək, Azərbaycanın mədəni irsini silmək və öz aləmlərində bu torpaqları gələcəkdə yaşayış üçün yararsız hala salmaqdır.

    Biz erməni xalqının tarixi mirasına əl dəymirik. Şuşada erməni kilsəsi var. Hər kəs gedib baxa bilər, orada bir daşa da dəyilməyib, əksinə, ora qorunur.

    Biz heç vaxt dinc əhaliyə qarşı vuruşmamışıq. Amma erməni ordusu müharibə zamanı bizim dinc şəhərlərimizi “İskəndər”, “Toçka”, “Skad” raketləri ilə atəşə tuturdu. Yüzə yaxın günahsız insan, o cümlədən 12 uşaq bu namərd atəş nəticəsində həlak olmuşdur.

    Ermənistanda əli Azərbaycan xalqının qanına batmış cəlladlar elə erməni hakimiyyəti tərəfindən cəzalandırılır.

    Hazırda Azərbaycan xalqının rifahının yüksəldilməsi əsas məsələdir. İşğal altındakı ərazilərin azad olunmasından sonra sosial-iqtisadi məsələlər ön planda dayanır.

    Ermənistanla münasibətlərin tənzimlənməsində biz sülh müqaviləsinin imzalanmasına nail olsaq, bu, ümumiyyətlə, Cənubi Qafqazda vəziyyəti sağlamlaşdıracaq və Cənubi Qafqazı yüksək risk zonasından çıxarmış olacaq.

    Təbii və iqlim şəraitinə, turizm potensialına, kənd təsərrüfatı və həmçinin bərpaolunan enerji mənbələri resurslarına, potensialına görə Qarabağ və Şərqi Zəngəzur bizim ümumi daxili məhsulda ciddi artıma səbəb olacaqlar.

    Zəngəzur dəhlizini heç kim ləğv etməyib, bu layihə gündəlikdə qalmaqdadır və həyata keçirilməyənədək gündəlikdə qalacaq. Bu isə olduqca böyük potensial açır.

    Füzulidə məktəb səxavətli şəkildə Özbəkistan tərəfindən inşa edilməkdədir. Qazaxıstan tərəfindən isə incəsənət mərkəzi ianə kimi ayrılıb. Hər ikisi hazırda inşa mərhələsindədir. Məktəb avqustun sonuna qədər, gənclər üçün olan incəsənət mərkəzi isə ilin sonuna qədər hazır olmalıdır. Bu, iki dəstək rəmzidir və müharibədən sonra xaricdən aldığımız dəstək bu qədər olmuşdur.

    Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq münasibətləri dinamik şəkildə inkişaf edir.

    Şuşanın bərpası başlanılıbdır, bir müddət öncə Baş plan təsdiq edilibdir və indi artıq ilk yaşayış layihəsi icra olunur.

    3-4 il ərzində Şuşa təkcə Azərbaycanın və Qafqazın deyil, dünyanın ən gözəl şəhəri olacaqdır.

    Vasitəçilərlə bağlı iki proses mövcuddur. Biri Azərbaycan və Ermənistanladır, birbaşa orada vasitəçi olaraq Rusiya və ABŞ var. Eyni zamanda Brüssel formatı da mövcuddur. Bu, rəsmi danışıqlar formatı deyil, çünki danışıqlar xarici işlər nazirləri, onların heyətləri və ekspertlər səviyyəsində aparılır. Brüssel formatı isə bir balaca əlavə dəstəkverici mexanizmdir ki, Ermənistan və Azərbaycan liderləri təmas qursunlar. Bu formatlar arasında müəyyən fərq var. Minsk qrupu ilə bu formatın fərqi ondan ibarətdir ki, Minsk qrupunda üzvün biri Fransa idi, bu gün Fransa artıq prosesdə yoxdur.

    Avropa İttifaqı rəsmi vasitəçi olmasa da, müəyyən təzyiqləri azaldan, iki liderin bir-biri ilə danışıqlar aparmasına və mövqelərini daha yaxşı başa düşmələrinə imkan yaradan amildir.

    Prezident bildirib ki, 10 noyabr 2020-ci il Bəyannaməsinin iki müddəası hələ də həllini tapmayıb. Erməni silahlı qüvvələri Qarabağdan hələ də çıxmayıb və Naxçıvana çıxış təmin edilməyib.

    Ermənistan rəsmi olaraq Azərbaycana qarşı ərazi iddialarından əl çəkməlidir. Onlar bunu şifahi şəkildə ediblər, bu, onların mövqeyidir. Onların baş naziri dedi, “Qarabağ Azərbaycandır”.

    Qarabağdakı erməni icmasının sülh danışıqlarda hər hansı bir şəkildə daxil edilməsi mümkünsüzdür. Ermənistan Qarabağda yaşayan erməni əhalisinin hüquqları haqqında danışırsa, biz Zəngəzurda və Göyçədə, İrəvanda azərbaycanlıların hüquqları haqqında danışmalıyıq və bu, qarşılıqlı şəkildə olmalıdır.

    Sosial medianın rolu durmadan artır. Azərbaycan kimi ölkədə insan 24 saat işləməlidir və istənilən xəbərə, yaxşı və ya pis xəbərə hazır olmalıdır. Sosial media cəmiyyətin nəbzini hiss etməyə kömək edir. Cəmiyyətin nəbzini hər zaman hiss etmək lazımdır.

    Sosial media və ənənəvi KİV-lər adekvat idarəetmənin meyarıdır. Məsələlərdən xəbərdar olmaq və ona dərhal reaksiya vermək üçün sosial medianın potensialına mütləq müraciət olunmalıdır.

     

     

    Müəllif: Redaktor, 14:42

İsmarıclar bağlıdır.