Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 31İyl

    SÖZÜNÜN AĞASI

    Bu günədək rayonumuzun çox sayılıb-secilən, samballı köhnə kişilərindən söhbət açmışıq, onların ağ-saqqal sözündən, xasiyyətindən danışmışıq. Və adətən bu insanlar yaşlı adamlar olublar. Amma sözsüz, kişi xasiyyəti, kişi sözü yaşdan deyil, xarakterdən, qanın genlərindən irəli gəlir. Deyirlər ki, ağıllı uşaq körpəliyindən məlum olur.
    Bu dəfə ənənəmizi pozaraq, dünyasını çox tez – 32 yaşında dəyişmiş Əsgərov Yaqub Qənbər oğlundan danışmaq istəyirik. Kişi sözünün qiymətini bilən, verdiyi vədə əməl edən, haqqı-nahaqdan seçən Yaqub Qənbər oğlundan.
    Bir qədər keçmişə qayıdaq, oxucularımızı Yaqub kişinin soy-kökü ilə tanış edək. Onun atası Qənbər Əsgər oğlu rayonumuza Qazaxdan köçüb gəlib. Səbəbi atası Əsgərin kəndxudanı öldürərək Sibirə sürgün olunmağıymış. Ona görə də onu Sibir Əsgərin oğlu çağırırmışlar. Yaqub kişinin atası da ürəkli, sayılan adam olub. Hara getsə onu böyük hörmətlə qarşılayar, eyni qaydayla da yola salarmışlar. Belə bir kişinin oğlu olan Yaqub da atası kimi qoçaq, tay-tuşları içərisində seçilən olub. Savadlı imiş. O vaxt rayonda təhsilli adam azıydı.
    Yaqub 1949-cu ildə Azərbaycan Politexnik İnstitutunun meliorasiya fakültəsini bitirərək, təyinatla rayonumuza gəlib. Tərtər rayon Suvarma Sistemləri idarəsində mühəndis kimi əmək fəaliyyətinə başlayıb. O zamanlar bu idarə Yevlax, Bərdə, Ağcabədi, Ağdam rayonlarının su ilə təmin olunmasına nəzarət edirmiş. Davranışına, sözükeçərliyinə görə yaşlı adamlar da ona çox hörmətlə yanaşırmışlar. Haqsız sözü, yersiz danlanmağı götürməzmiş, belə olanda kimliyindən asılı olmayaraq onu cavabsız qoymazmış.
    Bir dəfə Tərtər çayı daşır, sel bəndləri dağıdır, kəndlərdə suvarma dayanır. Yaqub işçilərilə birgə selin qabağını almağa, çayı kənd arxlarına yönəltməyə çalışırlar. Bunun üçün Çaylı kəndinə gedirlər. Buldozerçi Əli də onlarla olur. Çınqıl suyun qabağını saxlaya bilmir. Fəhlələr meşədən şax gətirməyə gedirlər. Bu vaxt vəzifəlilərdən biri (adını yazmağı məsləhət bilmədik) gəlib Yaqub kişinin üstünə qışqırır:
    –Tez olun çayın qabağını alın!
    Cavab verir ki, səbr edin, bu dəqiqə şax gətirəcəklər.
    Həmin vəzifəli dözmür, bir də qışqırır ki, tez olunbəndi düzəldin, yoxsa…
    Yaqub ona yaxınlaşıb deyir:
    –Baş üstə.
    –Əl atıb kişini basır suyun qabağına və Əliyə qışqırır:
    –Əli, çınqııldan ver gəlsin, şax lazım olmadı.
    –Axşam iclasda hamı gözləyir ki, Yaqubu danlayıb, işdən qovacaqlar. Ancaq əksinə olur. Həmin məsul şəxs camaatın içində deyir:
    –Hamının səhvi olur. Günah mənimdir. Gərək elə deməyəydim. O kişi düz elədi.
    Bir dəfə də tələbə vaxtı Yaqub yay tətilinə gəlir. Baxır ki, evdə heç kəs yoxdur. Bir arvad onların həyətini heyvana otartdırır. Heç nə demir, arvadın yanında oturur, başlayır söhbətə. Soruşur ki, ay xala, bu bağ kimindir yiyəsi hanı?
    Arvad başlayır qeybətə ki, bəs bu bağ Sibir Əsgərin oğlunundur, hamı ondan çəkinir, indi o köpəkoğlu evdə yoxdur, ona görə də istəyirəm qoyunlarım doyunca otlasınlar.
    “Köpəkoğlu” sözü Yaqubu tutur. Ancaq hiss etdirmir, arvadla söhbəti uzadır ki, başı qarışsın. Özü də asta-asta onun yaylığının saçaqlarını yaxınlıqdakı qaratikana bağlamağa başla-yır, işini bitirdikdən sonra qəfil arvada deyir.
    –Ay xala, deyəsən, o kişi gəlir.
    – Arvad ayağa qalxmaq istəyəndə qaratikana bağlanmış yaylıq başından düşür.
    “Buy… deyəsən sən elə o kişinin oğlusan!” – deyib, qaçır.
    Zona üzrə suvarma sistemləri idarəsinin o vaxtkı rəisi, yaxın dostu Muxtar Kəngərlinski, iş yoldaşları olmuş İsmayıl dayı, Şura xala. Xanım xala onunla bağlı çox yaddaqalan, maraqlı əhvalatlar danışırdılar.
    1927-ci ildə anadan ol-muş Yaqub Əsgərov 1959-cu ildə çox erkən dünyasını dəyişdi. Özündən sonra onun çırağını 6 övladı yandırdı. Altısı da ali təhsil aldı. Solmaz müəllim, Sona tibb elmləri namizədi, Yusif, Akif, Aybəniz, Yaqut isə mühəndisdirlər.
    Həyat yoldaşı Həcər xala da onun adına layiq, ömrünün sonuna qədər sədaqətli bir xanım oldu. İndi hər iki-ömür gün yoldaşının adını oğlu Yusifin övladlarıYaqub və Həcər yaşadır.
    Sonbeşik qızı Yaqut atasının ölümündən sonra gəlib dünyaya. Üzünü görməsə də, onun haqqında eşitdiklərilə həmişə fəxr edir.
    İndi Əsgərovlar ailəsinin 16 nəvəsi, 12 nəticəsi var.
    P.S. Yazıma tutarlı bir sonluq vermək istədim, köhnə kişilər, kişi sözü haqqında. Beynimdən bir fikir keçdi: “Yaxşı ki dünyada yaxşı kişilər var!”

    Svetlana Xəyalə,
    “Yeni Tərtər” qəzeti
    30 iyun 2009-cu il

     

    Müəllif: Redaktor, 10:10

İsmarıclar bağlıdır.